01.03.2014. - 4 ölkənin nəqliyyat potensialı müzakirə olundu

01.03.2014. -  4 ölkənin nəqliyyat potensialı müzakirə olunduNəqliyyat Nazirliyində “Silk Wind” layihəsi ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib.

AzerTaymın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, “Silk Wind” layihəsi TRASEKA proqramının “Logistik proseslər və dəniz magistralları” layihəsi çərçivəsində, Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi tərəfindən irəli sürülüb.

Layihənin məqsədi TRASEKA dəhlizinə əlavə yük axınlarının cəlb edilməsi üçün, iştirakçı ölkələrin gömrük xidmətləri və daşıma prosesinin iştirakçıları arasında ilkin informasiya emalı sisteminin təbiqi ilə müntəzəm, effektiv konteyner qatarı marşrutunun yaradılması və kompleks loqistik xidmətlərin göstərilməsidir.

Bu layihə mahiyyəti etibarilə TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə, 4 ölkənin – Qazaxstan, Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat potensialının və bu istiqamətdəki səylərinin birləşdirilməsini nəzərdə tutur.

Eyni zamanda, Çin Xalq Respublikası tərəfindən qərb əyalətlərinin inkişafı üçün həyata keçirilən “Qərbə doğru” inkişaf proqramı, Qazaxıstan ərazisində “Jezkazqan-Beyneu” yeni dəmir yolu xəttinin tikintisi, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi, eləcə də bu ölkələrdə dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı aparılan tikinti və reabilitasiya işləri, sözügedən layihənin irəli sürülməsi üçün əsas təşkil edib.

Qazaxstan tərəfindən layihə üzrə blok-qatarın “Dostık/Altınkol – Jezkazqan – Aktau limanı – Bakı limanı – Tbilisi – Qars” marşrutu üzrə buraxılması təklif edilib.

Layihə çərçivəsində 2013-cü il 13-14 may tarixlərində Aktau və Bakı limanları arasında Ro-Ro və bərə daşımalarının inkişaf etdirilməsi istiqamətində Aktau limanında keçirilmiş Qazaxstan-Azərbaycan ikitərəfli görüşü zamanı qeyd olunan iki ölkənin nəqliyyat nazirlikləri və gömrük qurumları arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib:
yüklərin daha sürətli keçidinin təmin edilməsi üçün gömrük prosedurlarının təkmilləşdirilməsi və harmonizasiyası, iki ölkənin gömrük xidmətləri arasında ilkin informasiya mübadiləsi sisteminin tətbiqi və s.

Xatırladaq ki, 2012-ci ilin noyabr ayının 28-də Türkiyə Respublikasının İzmir şəhərində keçirilmiş “Qara Dəniz, Mərkəzi Asiya və Orta Şərq regionlarında Ticarət və Beynəlxalq Avtomobil Daşımalarının İnkişaf Perspektivləri” mövzusunda Beynəlxalq Konfransda “Silk Wind” layihəsinin inkişafı istiqamətində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları nəqliyyat nazirlikləri arasında “Nəqliyyat əlaqələrinin inkişafı və yük daşımalarının təşkili üzrə birgə fəaliyyət prinsipləri haqqında Anlaşma Memorandumu” imzalanıb.






Fikirlər