“PREZİDENT OÖLUNU ƏSGƏR GÖNDƏRMƏKLƏ MƏMURLARA ÖRNƏK GÖSTƏRDİ” - Övladlarını Avropaya qaçıranlar qınandılar

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu.

ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı “N” saylı hərbi hissəsində hərbi and içib.

 Azərbaycan Milli Məclisinin deputatları Modern.az  saytına bu dəfə Prezidentin oğlunun həqiqi hərbi xidmətə yollanmasından danışıblar.

 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, ölkə başçısının hər bir addımı hər kəs üçün nümunə olmalıdır:“Cənab prezidentin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə yollanması hər birimiz üçün iftixar hissidir. Yaxşı  olardı ki, bu, hər bir məmurumuz üçün örnək olsun”.

 Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə ilk növbədə bütün həqiqi hərbi xidmətdə olan şəxslərə müvəffəqiyyətlər arzulayıb:

“Arzu edirəm ki, Heydər Əliyev də daxil olmaqla bütün əsgərlərimiz hərbi xidməti şərəflə və uğurla başa vuraraq sağ-salamat evlərinə qayıtsınlar. Cənab prezidentin nəinki dünənki addımı, onun bütün addımları məmurlar üçün örnək olmalıdır. Amma çox təəssüflər olsun ki, zaman – zaman bəzi məmurlar cənab prezidentin təqdim etdiyi, ortaya qoyduğu davranış və dözümlülük qaydalarını pozurlar. Bəzən biz harınlamış, yolunu azmış, haqdan uzaq düşmüş, özünün var-dövləti ilə öyünməyə çalışan, dövlətinə, xalqına qarşı əks mövqe tutan ayrı-ayrı məmurları görmüşük.  Mən həmişə demişəm ki, yerlərdə icra başçıları, nazirlər, millət vəkilləri, məmurların hər biri cənab prezidentdən həmişə örnək götürməlidir. Məmurlar sadəliyi ilə vətəndaşlara doğru yol göstərməlidir, onların həmişə yanında olmalı və rəğbətini qazanmalıdır. Dünənki hadisə də məmurlara örnək olmalıdır”.

 Deputat bildirib ki, çoxsaylı məmurlar var ki, onlar övladlarını hərbi xidmətdən yayındırmaq üçün Avropada, Amerikada təhsil almaq adı altında ölkədən çıxarıblar.

“Hələ də bu proses davam edir. Xaricdə təhsil aldıqdan sonra onların müəyyən hissəsi ölkəyə qayıtsa da, ancaq müəyyən hissəsi də guya təhsillərini davam etdirmək adı ilə hələ də Avropada və başqa ölkələrdə qalaraq, hərbi xidmətdən yayınırlar. Mən çox istərdim ki, hər bir kəs ölkə başçısının təqdim etdiyi kimi, öz övladını hərbi xidmətə yola salarkən sadə vətəndaşların arasında olsun. Və vətənin keşiyində məğrur durmağı övladına tövsiyə etsin”.

 Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki,ölkə başçısının oğlunun hərbi xidmətə yollanması təbii ki, bir nümunədir:

“Həm də getməlidir. Çünki onun da gələcəyi var. Hərbi xidmətdə olmayan şəxsin gələcəkdə inkişafı da ola bilməz. Hərbi xidmətdə olmayan şəxs gələcəkdə dövlət işində işləyə bilməz. Prezident bir nümunə göstərərək oğlunu hərbi xidmətə yollayıb”.

 Deputat bildirib ki, onun tanıdığı məmurların övladlarının hamısı hərbi xidmətə gedib və ya hazırda əsgərlikdədirlər:

“Əgər çağırış yaşlı vətəndaşın səhhətində problem yoxdursa, mütləq hərbi xidmətdə olmalıdır.  Türkiyədə belə bir şey var ki, hərbi xidmətə getməyənlərə qız vermirlər.  Bizdə də hər bir sağlam vətəndaş hərbi xidmətə getməlidir. Bu, hər bir şəxsin vətən qarşısında vətəndaşlıq borcudur”. 

 






Fikirlər