“Cümhuriyyət parlamentinin 100 illiyində iştirak etmək möhtəşəm və qürurlu idi” - DEPUTATLAR...

Bu gün - sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçirilib. Təntənəli iclasda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib.

Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb.

Azərbaycan Milli Məclisinin deputatları Modern.az  saytına bu dəfə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyindən danışıblar.

 Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Adil Əliyev bildirib ki, parlamentin bir əsrlik keçdiyi şərəfli yol müasir Azərbaycanımızın inkişafında, beynəlxalq arenada özünəməxsus yer tutmasında mühüm rol oynayır.

“Milli Məclis ən əsası ölkənin qanunverici bazasının formalaşmasında mühüm yer tutur. Milli Məclisin fəaliyyəti nəticəsində bu gün qəbul olunan qanunlar heç də demokratik ölkə parlamentlərində qəbul olunan qanunlardan geri qalmır. Parlamentimizin fəaliyyəti özündə sosial sifarişi əks etdirir. Bu səbəbdən də qəbul olunan qanunlar xalqımızın mənafelərinə tamamilə uyğundur və onun həyatına müsbət təsir edir. Məhz belə bir mötəbər gündə dünyanın bir sıra ölkələrinin rəhbər şəxslərinin parlamentin xüsusi iclasında iştirak etməsi, mənim də bir millət vəkili kimi burada təmsil olunmam qürurvericidir”.

 Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva da dünyanın hər yerindən gələn yüksək səviyyəli qonaqların iştirakı ilə keçirilən tədbirdə iştirak etməkdən böyük qürur hissi duyduğunu qeyd edib:

 “AXC-nin parlamenti demokratik dəyərlərə və ənənələrə sahib bir parlament idi. Bu parlamentin ənənələrini davam etdirən Milli Məclisdə 100-cü ildönümün şahidi olmaq gözəl bir duyğudur. Nur içində yatsın Cumhuriyyet qurucuları dədələrimiz. Onları hər zaman sevgi və sayğı ilə anacağıq. Dövlət başçımız cənab İlham Əliyev möhtəşəm çıxış etdi və önəmli mesajlar verdi. Qardaş Türkiyənin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da gözəl çıxış etdi və o da önəmli mesajlar verdi. Tarixi bir hadisəni yaxından izləmək və bir parçası olmaq möhtəşəm bir duyğudur”.

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, Milli Məclisdə keçirilən 100 illik yubileyi möhtəşəm tədbir adlandırıb:

 “Tədbirdə cənab Prezidentin iştirakı və çıxışı bütün iştirakçılar tərəfindən çox maraqla qarşılandı. Çıxış edən qonaqlar Azərbaycanda parlamentarizm ənənələrinin çox zəngin  və tarixi olmasını qeyd etdilər. Məhz belə bir mötəbər gündə dünyanın bir sıra ölkələrinin rəhbər şəxslərinin parlamentin xüsusi iclasında iştirak etməsi, mənim də bir millət vəkili kimi burada təmsil olunmam qürurvericidir”.






Fikirlər