Avropa İrəvanın ümidlərini BASDIRDI - Azərbaycanın SAVAŞ HAQQI və dəyəri ÖNDƏ

“İki stul”da oturmağa çalışan Sərkisyan rejiminə Avropa Parlamentindən zərbə; rusiyalı politoloqdan ilginc şərh: “Brüssel İrəvana atdı...”; ABŞ-ın yeni Milli Təhlükəsizlik  Strategiyasında da işğal və işğalçı məsələsi yer alır...

Bu günlərdə Avropa Birliyinin (AB) əsas orqanı olan Avropa Parlamenti prinsipial bir mövqe sərgiləyib: qurum “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Qüds ətrafındakı olaylar fonunda siyasi gündəmdə qismən arxa planda və diqqətdən kənarda qalan bu hadisə əslində ermənilərin Dağlıq Qarabağla bağlı Avropadan əsas gözləntilərinə və ümidlərinə böyük zərbə, hətta bu ümidlərin basdırılması idi.

Çünki İrəvan çox ümidli idi ki, məhz Rusiya qarşısında riskə gedib AB ilə çərçivə sazişi imzaladıqdan sonra Qarabağ məsələsində Avropanın mövqeyini konseptual olaraq öz xeyrinə dəyişə, gələcək həll modelinə geridönməz şəkildə “öz müqəddəratını təyinetmə” prinsipinin salınmasına nail ola biləcək. Ancaq öncə AB-nin 24 noyabr Brüssel sammitində qəbul edilən Yekun Bəyannamə, ondan az sonra isə Avroparlamentin çıxardığı qətnamə erməniləri, yumşaq desək, umsuq elədi.

Başqa bir önəmli detal: Avropa diplomatiyasının başçısı Federika Moqerini Avropa Parlamentinin son qərarının doktrina xarakteri daşıdığını deyib. Yəni AB-nin xarici siyasətinin formalaşmasında sənədin nəzərə alınması məcburidir. “Yeni Müsavat”ın xəbərinə görə, həmin sənəddə bildirilir ki, Avroparlament “Şərq Tərəfdaşlığı” ölkələrinin (Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistan) müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərin hamısına sadiqdir. Bu isə ilk növbədə Ermənistanın Azərbaycan ərazilərində apardığı işğalçılıq siyasətinə, kriminal Sərksiyan rejiminin “iki stul”da oturmaq istəyinə zərbədir.

*****

“Fikrimcə, Avropa Parlamentinin bu sənədi ilk növbədə Ermənistanın Avropa ümidlərinə böyük zərbədir. İrəvan ümidli idi ki, əgər o, Avropa Birliyi ilə çərçivə sənədi imzalasa, o zaman bu, Avropanın Qarabağ məsələsində onun mövqeyinin müdafiəsinə gətirəcək. Gördüyümüz kimi, Ermənistanın gözləntilərinə rəğmən, Avroparlament İrəvanın maraqlarına tam əks sənəd qəbul edib”.

Image result for Aleksey Fenenko

Musavat.com-un xəbər verir ki, bu sözləri “Vestnik Kavkaza” nəşrinə açıqlamasında M.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko deyib. Onun sözlərinə görə, situasiya hazırda belədir: “Ermənistan AB ilə anlaşmanı paraflamaqla Rusiya ilə münasibətləri pisləşdirdi. Yəni Moskvanın İrəvandan müəyyən qədər uzaqlaşması baş verdi. Bu zaman Ermənistan AB-dən real dəstək ala bilmədi. Odur ki, yaranmış vəziyyətdə İrəvanın özünü necə aparacağını görmək çox maraqlı olacaq. Düşünürəm ki, tezliklə o, belə bir bəyanat səsləndirəcək ki, Ermənistan ənənəvi olaraq Rusiya üçün dost ölkədir və onunla müttəfiqlik əlaqələri qurmağa çalışır”.

Rusiyalı analitik Avroparlamentin Azərbaycanı müdafiə edən qərar verməsinin səbəblərinə də toxunub:“Birincisi, Avropanın Xəzər dənizindəki ənənəvi neft-qaz maraqları heç yerə getməyib. Bu səbəbdən Azərbaycan Avropa üçün Ermənistandan vacib ölkədir. İkincisi, Avropa Birliyi öz sərhədləri yaxınlığında daha bir konfliktin alovlanmasında maraqlı deyil - xüsusən də Rusiya və Türkiyədən fərqli olaraq, müdaxilə imkanının olmadığı Cənubi Qafqaz bölgəsində. Üçüncüsü də, AB açıq-aşkar Ermənistana göstərmək istəyib ki, Rusiyadan aralanmağın heç bir özəl qarşılıqlı dividenti olmayacaq”.

Image result for Avropa Parlamenti

“Mənə elə gəlir ki, İrəvanın Avropa siyasətinin yanlış olduğuna Rusiyada bir daha əmin oldular. Ermənistanın AB timsalında Rusiyaya alternativ axtarması, lakin əvəzində ”Şərq tərəfdaşlığı" ölkələrinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün dəstəklənməsi haqa qətnaməyə tuş gəlməsi Moskvada müəyyən ironiya ilə qarşılanacaq. Hərçənd, ironiya ilə yanaşı bu, həm də Rusiya üçün yeni başağrısı yaradır - qarşısında kompleks öhdəliklər götürdüyümüz Ermənistanla nə etməli", - deyə sonda o əlavə edib.

*****

Bu arada ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi ABŞ-ın təzəcə açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya və Çin əsas təhlükəli rəqiblər elan edilməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə dəxli olan müddəalar da yer alıb. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, dərc olunan sənəddə Rusiya Ukrayna və Gürcüstana hərbi müdaxilə edən dövlət kimi göstərilir.

Sitat: “Rusiya Gürcüstan və Ukraynaya soxulmaqla göstərdi ki, region ölkələrinin suverenliyini pozmağa hazırdır. Rusiya öz nüvə potensialını artırmaq və hücum silahlarını yerləşdirməklə öz qonşularını hədələrlə qorxutmaqda davam edir”.

Əlbəttə ki, daha ədalətli olardı ki, sənəddə postsovet məkanındakı ikinci işğalçı dövlətin - Ermənistanın da adı çəkiləydi. Doğrudur, ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası əsasən Rusiya təhlükəsi barədədir. Ancaq bu da faktdır ki, Ermənistan qonşu Azərbaycanın ərazilərini müstəsna olaraq, Rusiyanın sayəsində işğal edib və bu gün Moskva Gürcüstan və Ukrayna ilə yanaşı, işğalçı tərəfin əli ilə Azərbaycanın da suverenliyi və ərazi bütövlüyün təhdid eləməkdədir.

Image result for Sarksiyan

Kremlin Qarabağ konfliktin həllində açıq-aşkar maraqlı olmaması buna sübutdur. Sülh anlaşmasının ləngiməsi isə bölgədə yeni və böyük müharibəni qaçılmaz edir ki, bu da ən əvvəl Qərbin bölgədəki maraqları üçün, fəaliyyətdə olan böyük enerji və kommunikasiya arteriyaları üçün ciddi və potensial təhdiddir. Bu mənada sənəddə ümumiyyətlə, postsovet məkanında istənilən növ işğalçılıq və separatçılıq pislənsəydi, bu, elə öncəliklə ABŞ-ın, Avropanın köklü maraqlarına uyğun olardı.

Odur ki, ermənilərin Qarabağla bağlı ümidlərini, faktiki, sıfırlayan Avroparlamentin yanaşması daha uzaqgörən və beynəlxalq hüquqa, Avropa təhlükəsizlik sisteminə uyğun sayıla bilər. Əlavə edək ki, qurum illər öncə Ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamə də qəbul edib və işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarmağa çağırıb. Hərçənd çağırışla donuz darıdan çıxmır, daha sərt tədbirlər lazımdır.

Bunu isə yalnız Azərbaycan əsgəri edə bilər - ötən ilin aprelindəki kimi. Avroparlamentin 13 dekabr sənədi, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının analoji qətnamələri Azərbaycana işğalçıya qarşı ən radikal yola əl atmaq hüququ tanıyır. Bu sənədlərin ən böyük dəyəri də budur - Bakının savaş haqqı bir daha tanınır... 

 “Yeni Müsavat”ın analitik xidməti






Fikirlər