Tarixi toqquşma gözlənilir: Ərdoğan ÇƏTİN DURUMDA

Abdulla Gül siyasətdən getməyib və siyasi fəaliyyətini dayandırdığını elan etməyib. Əksinə, zaman-zaman verdiyi açıqlamalar və keçirdiyi qapalı görüşlər onun siyasi iddiasının davam etdiyini göstərir.

Bu sözləri Axar.az-a politoloq Şahin Cəfərli Türkiyənin eks-prezidenti Abdullah Gülün prezident seçkilərində iştirak etmək niyyətində olduğuna dair iddiaları şərh edərkən deyib. O bildirib ki, Türkiyədə A.Gülün qarşıdakı prezident seçkilərində iştirak etməsi ilə bağlı gözləntilər bir müddətdir davam edir, lakin onun özü hələlik bunu nə təsdiq, nə də təkzib edib:

“Bu isə Prezident Ərdoğanda, hakim partiyada, iqtidar mediasında qıcıq və əsəb yaradır. Onlar sabiq prezidentdən seçkidə iştirak etməyəcəyinə və Ərdoğana rəqib olmayacağına dair qəti açıqlama gözləyirlər. Təcrübəli dövlət adamı olan Gül hələ Türkiyə siyasətində son sözünü deməyib. Lakin aydın olmayan budur ki, Gül bu sözünü hansı şəkildə deyəcək. Onun istər öz namizədliyini irəli sürməsi, istərsə də başqa bir namizədi dəstəkləməsi mümkündür. Keçmiş dövlət başçısının qəti mövqe bildirməyərək, həddən artıq ehtiyatlılığının 2 səbəbi var. Birincisi, o, hələ yekun qərarını verməyib və ailə üzvləri, yaxın çevrəsi, tərəfdarları ilə məsləhətləşmələri davam etdirir. İkinci səbəb isə budur ki, köhnə dostu Rəcəb Tayyib Ərdoğanı yaxşı tanıyan Gül özünü indidən zərbə mövqeyinə çıxarmaq istəmir”.

Politoloq qeyd edib ki, əgər A.Gül namizəd olmaq niyyətini indidən bəyan edərsə, onu nələrin gözlədiyini proqnozlaşdırmaq çətin deyil:

“Bu halda iqtidar mediasında ona qarşı şiddətli əks-təbliğat kampaniyası başlayacaq, Gül müxtəlif epitetlərlə damğalanacaq. İqtidarın əlinin altında olan çoxsaylı qəzet və TV-lər, eləcə də sosial media hesabları sabiq prezidentə qarşı ağır ittihamlar irəli sürəcəklər. Ərdoğanın fanatı olan kütlələr Gülə qarşı qızışdırılacaq. Hətta Gül haqqında “Fətullahçı Terror Təşkilatına yardım etmək” ittihamı ilə istintaqın başlaması da mümkündür. Bu cür ağır basqılara dözmək hər igidin bacaracağı iş deyil. Gül, şübhəsiz ki, bunları hesablayır və göz önünə gətirir, ona görə də qəti qərar verməyə tələsmir. Amma qərar anı gələndə, o öz mövqeyini ortaya qoymalı olacaq. Gül ya prezidentliyə namizədliyini elan edərək Ərdoğanla yarışa və savaşa girmək yolunu, ya başqa bir namizədi dəstəklədiyini bəyan edəcək, ya da ki, hər hansı iddia ortaya qoymayaraq passiv izləyici mövqeyində qalacaq. Birinci variant çox riskli bir qərar olardı. Üçüncü yol, yaşı da nəzərə alınarsa, Abdulla Gülün siyasi karyerasının sona yetməsi mənasına gələrdi. İkinci yol nisbətən məqbul görünür. Türkiyədə belə bir söz-söhbət yayılıb ki, Gül öz namizədliyini verməyərək başqa bir köhnə dostunu – baş nazirin sabiq müavini və keçmiş iqtisadiyyat naziri Əli Babacanı önə çıxara bilər. Yəni Gül və Babacanın birlikdə hərəkət edə biləcəkləri iddia edilir. Bu halda onlara AKP-nin digər incik düşmüş şəxsiyyətləri – Bülənt Arınç, Əhməd Davudoğlu, Hüseyn Çelik, Bəşir Atalay, İdris Naim Şahin kimi tanınmış siyasi xadimlərin qoşula biləcəyi proqnozlaşdırılır. Əli Babacanın Qərb dairələri ilə də yaxşı münasibətləri var. Ə.Babacan namizədliyini irəli sürərsə, Ərdoğana ciddi başağrısı yarada bilər”.

Politoloq vurğulayıb ki, istənilən halda, 2019-cu ildə biz Türkiyədə çox gərgin və çox maraqlı seçki mübarizəsinin şahidi olacağıq:

“Hətta mübarizə sözü bu seçkini ifadə etmək üçün yetərsiz qalır. Türkiyəni çox kəskin qarşıdurma şəraitində keçəcək və çox ağır qarşılıqlı ittihamlarla müşayiət olunacaq seçki savaşı gözləyir. 2019-cu il prezident seçkilərini Türkiyədə tarixi əhəmiyyətli siyasi toqquşma kimi qiymətləndirmək olar”.

Qeyd edək ki, Türkiyə Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu Abdullah Gülün növbəti prezident seçkilərində prezidentliyə namizəd ola biləcəyini deyib.






Fikirlər