Səlim Müslümovun Qarabağ qazisi MÜAVİNİ KİM OLSUN...
Elşad Paşasoy: “Etimad Əsədovun, Rey Kərimoğlunun öz səngər yoldaşlarının problemlərini həll etmək üçün fədakarlıqlar etdiklərinin şahidiyəm” Millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında maraqlı bir təkliflə çıxış edib. O, təklif edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri Qarabağ müharibəsi əlillərindən biri olsun. Qeyd edib ki, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər. Deputat çıxışında bir sıra məqamlara toxunub və bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə verilən müavinətlər artırılmalıdır. Millət vəkili əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Deputatın bu təklifi cəmiyyət tərəfindən də müsbət qarşılanıb.
“Yeni Müsavat” qəzetinin siyasət yazarı Elşad Paşasoy Azərbaycanın müharibə şəraitində olduğunu xatırladaraq, bu təklifin əhəmiyyətini vurğulayıb: “Öncə bildirim ki, kifayət qədər yerində verilmiş təklifdir və buna görə elə parlamentdəki müzakirələrdən sonra deputat Zahid Oruca şəxsən təşəkkür etdim. Bu təklifə konkret fərdin hansısa vəzifəyə təyin olunması deyil, Qarabağ məsələsi kontekstindən yanaşmaq lazımdır. Nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, nə qədər ki, qarşıda təcavüzkar Ermənistan və onun havadarlarının təhdidlər var, ölkəmizdə ”hər şey cəbhə, hər şey qələbə üçün" olmalıdır. O cümlədən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki rəhbər vəzifələrdən ən azı birinin Qarabağ müharibəsi veteranı, Qarabağ qazisinin tutması çox yaxşı olardı. Qarabağ qaziləri içərisində də ali təhsilli, təcrübəli və xüsusən də Qarabağ müharibəsi iştirakçılarının ağrılarına, sosial problemlərinə kifayət qədər bələd olan kadrlar var. Vaxtaşırı Qarabağ müharibəsi iştirakçıları, veteranlarının sayı, yaxud mənzil, avtomobil paylanılması ilə bağlı mübahisələr ortaya çıxır. Bu mənada Qarabağ müharibəsinin iştirakçısı olmuş bir nümayəndənin rəsmi strukturda təmsilçiliyi yaranmış mübahisələrin dərhal araşdırılmasında da mühüm rol oynaya bilər".
E.Paşasoyun sözlərinə görə, Qarabağ qazilərinin müalicəsi ilə bağlı yaranan problemlərin operativ şəkildə həlli üçün də qazilərin bir nümayəndəsinin səlahiyyət sahibi olması baş verə biləcək faciəvi halların qarşısının alınması baxımından önəmlidir: “Düzdür, dövlət səviyyəsində keçmiş döyüşçülərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların pulsuz müalicəsi və s. bağlı xeyli işlər görülür. Lakin məsələlərin operativliyini təmin etmək baxımından bu kateqoriya təmsilçisinin rəsmi statusda fəaliyyəti tam məntiqli olardı. Namizədlərə gəldikdə, Qarabağ uğrunda canlarını fəda etməkdən çəkinməyən bu insanların hər biri o posta layiqdir. Ancaq mən illərdir ki, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun, qurumun mətbuat xidmətinin rəhbəri, dəyərli həmkarımız Rey Kərimoğlunun öz səngər yoldaşlarının problemlərini həll etmək üçün fədakarlıqlar etdiklərinin şahidiyəm. Onlar bu sahənin uzmanlarıdır artıq. Bu mənada onların rəsmi qurumda təmsilçiliyi həm qazilərin problemlərinin həlli, həm də Azərbaycan dövlətinin öz döyüşçülərinə dəyər verməsi baxımından çox ciddi addım olardı”.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da Zahid Orucun təklifini dəstəklədi: “Zahid Orucun təklifinin mahiyyəti odur ki, Qarabağ əlili və müharibədə döyüşənlərin problemlərini başa düşməsi baxımından onlardan birinin nazir müavini olması çox vacibdir. Ona görə də belə bir təklif səsləndirilib. Dünyanın bir çox ölkəsində belə insanların sosial qurumlarda təmsil olunması təcrübəsi var. Biz bu təklifi dəstəkləyirik. Qarabağ müharibəsi iştirakçısının orada olması bu qrupdan olan insanların problemlərinə həssas yanaşılması deməkdir. Bu o demək deyil ki, hazırda nazirliyin rəhbərliyi Qarabağ əlillərinin problemlərinə baxmır, onlara cavab vermir. Nazirlikdə bu məsələlərə həssas yanaşılır. Ancaq hər halda millət vəkili bunu deməklə həmin sosial qrup daha çox diqqət artırılmasını nəzərdə tutur”.
Qarabağ qazisi Rey Kərimoğlu da deputatın təklifini müsbət qarşıladığını bildirdi: “Mən Zahid Oruca təşəkkürümü bildirirəm ki, son zamanlar orada şəhid ailələrinin, Qarabağ əlillərinin sığorta pulu məsələsini Milli Məclisdə qaldırır. Bu təklifi də çox yerində deyilmiş bir təklifdir. Əslində Qarabağ əlillərindən prezidentin də müşaviri olmalıdır, o sahəyə aid olan nazirlərin müavinləri arasında da qazilərdən bir nümayəndənin olması yaxşı bir hal olardı. Bu çox düzgün bir təklifdir. Bu tam olmasa da, müəyyən həddə Qarabağ əlillərinin, şəhid ailələrinin problemlərinin həllinə dəstək ola bilər. Mən hesab edirəm ki, bu vəzifəyə Qazilər Birliyinin sədri Etimad Əsədov, Firidun Məmmədov də digərləri layiqdir”. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da müavinlərindən birinin əlil olması barədə deputatların təklifinə münasibət bildirib. “APA-Economics”in xəbərinə görə, nazir deyib ki, əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yanlış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavininin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil. Yaxşı, mən də sual ünvanlayıram: niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?! Əlilliyi olan şəxslərə ayrıca kateqoriyadan olan insanlar kimi baxmaq doğru deyil. O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq. Bir dönəm bir ifadə dəbə düşmüşdü, hamı deyirdi ki, hər bir qurumda bir qadına vəzifə verilməlidir. Bu, yanlış yanaşmadır. Çünki hər kəs bərabərdir, bərabər hüquqlara malikdir. Hər kəs öz bacarığına uyğun vəzifə tutmalıdır. Əlillər bizlərdən biridir. Onlara fərq qoyulmamalıdır. Böyük Britaniyanın Leyboristlər partiyasının bir neçə aparıcı üzvü əlildir. Onlar parlament seçkilərində qalib gəldikdən sonra bəziləri hətta nazir vəzifəsini də tutdu. Onlar səlahiyyət müddəti boyu layiqincə çalışdılar. Biz 2014-cü ildə BMT-nin Əlillərin Hüquqlarının Müdafiəsi Komitəsində hesabatımızı təqdim etdik. Bu komitənin 18 üzvünün hər biri əlilliyi olan şəxsdir. Onlar çox gözəl bir söz dedi: ”Bizi özünüzdən ayırmayın, biz də sizlərdən biriyik. Mənim əlim və ya ayağım yoxdursa, o demək deyil ki, sən məndən üstünsən. İnsanı insandan üstün edən onun beynidir, beyninin məhsuludur. Əgər mən səndən yaxşı düşünürəmsə, deməli, səndən üstünəm". Mən bu fikirlərlə tamamilə razıyam".