ORTA ASİYA UĞRUNDA GİZLİ SAVAŞ… - ABŞ-la Çin Rusiyanı regiondan UZAQLAŞDIRIR

Martın 15-də Astanada Orta Asiyanın 5 ölkəsinin iştirakı ilə sammit keçirildi. Uzun illərdir tam tərkibdə bir araya gələ bilməyən Orta Asiya liderləri nəhayət ki, tarixi addım atdılar. Sammiti diqqətçəkən edən daha bir məqam Rusiya prezidenti Vladimir Putinin ora dəvət edilməməsi idi. Bu, ilk dəfə baş verirdi və belə qənaət yaranır ki, Rusiyanın cənub qoşunları tədricən Kremldən üz çevirir. Bütün bunların fonunda ABŞ və Çin isə regionda mövqelərini möhkəmləndirir.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp artıq Özbəkistan prezidenti Şavkat Mirziyoyevi Vaşinqtona dəvət edib. "Sizinlə görüşü səbirsizliklə gözləyirəm", – deyə Tramp dəvətində bildirib.  

 

Mirziyoyev, Nazarbayev

Astanada keçirilən sammitin təşəbbüskarları Qazaxıstan və Özbəkistan prezidentləri – Nursultan Nazarbayev və Şavkat Mirziyoyev idi. Hazırda məhz bu iki ölkə regionda liderliyi ələ almaq istəyir. Və ikili arasında özbək lider daha çevik və enerjili görünür. Nazarbayevin 78 yaşı var, Mirziyoyev isə 60 illiyini təzəlikcə qeyd edib. 

Mirziyoyevin Özbəkistanda irəli sürdüyü radikal islahatlar, onunTürkmənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstana səfərləri Orta Asiya sakinlərində ümid yaradıb ki, bu "beşlik" Avropa Birliyi kimi inteqrasiya modeli yarada bilər. 

Bugünlərdə Özbəkistan və Tacikistan liderləri Düşənbədə bir araya gələrək vizasız rejimə dair saziş imzaladılar. Yaxın perspektivdə Orta Asiyanın dörd ölkəsinin sakinləri (Türkmənistan istisna olmaqla) aralarındakı sərhədləri maneəsiz keçə biləcəklər. 

Türkmənistana gəldikdə, ölkənin lideri Qurbanqulu Berdiməhəmmədov sammitə qatılmadı. Tədbirdə ölkəni Türkmənistan parlamentinin spikeri Akca Nurberdıyeva təmsil etdi.

 

Rahmon, Mirziyoyev

Qayıdaq, Özbəkistan prezidentinin Orta Asiya ölkəlrinin yeni ittifaqının yaradılmasındakı roluna. Bugünlərdə Tacikistan prezidenti Emomali Rahmon etiraf etdi ki, Özbəkistan prezidenti həm öz ölkəsində, həm də Orta Asiyanın digər respublikalarında o dərəcədə populyarlaşıb ki, istənilən siyasətçi ona həsəd apara bilər.

Mirziyoyevin cəmi bir illik hakimiyyəti dövründə Daşkəndlə Düşənbə arasında əvvəl soyuq olan münasibətlər dostluğa çevrildi. Bugünlərdə Tacikistana səfər edən Mirziyoyev həmkarı E.Rahmonla görüşündə uzun illərdir iki ölkə arasında mübahisəli məsələ kimi qalan Roqunsk Su Elektrik Stansiyası ilə bağlı razılığın əldə edilməsinə nail oldu. Bundan başqa, tərəflər iki ölkə arasındakı ticarət dövriyyəsini bir neçə dəfə artırmaq, birgə müəssisələr qurmaq barədə razılığa gəldilər. 

Düz, 18 il idi ki, Tacikistana Özbəkistan prezidenti səviyyəsində rəsmi səfər baş tutmurdu. Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun dövründə iki ölkənin münasibətləri o dərəcədə pisləşmişdi ki, tərəflər arasında hərbi münaqişə belə, istisna edilmirdi. 

Mirziyoyev hakimiyyətə yenicə gələn Qırğızıstan prezidenti Sooronbay Jeenbekovla da yaxşı münasibətlər qurub. 2017-ci ilin dekabrında Daşkəndə səfər edən Jeenbekov özbək həmkarının səxavətindən heyrətə gəlmişdi. Həmin vaxt Mirziyoyev söz verdi ki, Özbəkistan bankları Qırğızıstana 100 milyon dollarlıq kredit ayıracaq. Elə həmin görüşdə tərəflər Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu xəttinin inşasını sürətləndirmək barədə razılığa gəldilər. 

 

Mirziyoyev, Berdiməhəmmədov

Mirziyoyevin ən diqqətçəkən addımlarından biri Türkmənistanla münasibətləri yaxşılaşdırması oldu. Ötən il Özbəkistan lideri düz iki dəfə – mart və may aylarında Türkmənistana səfər etdi və tez bir zamanda Qurbanqulu Berdiməhəmmədovla dostlaşa bildi.

Tərəflər elektroenerjinin Türkməstandan Qazaxıstan və Qırğızıstana tranzitinə (Özbəkistanın enerji sistemi vasitəsilə) dair vacib memorandum imzaladılar. Daha bir vacib razılaşma bu oldu ki, bundan belə Özbəkistan və Türkmənistan Xəzərdə neft-qaz yataqlarının işlənməsində birgə fəaliyyət göstərəcək. 

Şavkat Mirziyoyevin gəlişi ilə Özbəkistanla Qazaxıstanın da münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Mirziyoyev və Nazarbayev ölkələrinin Orta Asiyaya siyasi-iqtisadi inteqrasiyasında lokomotiv rol oynamasına dair dərhal razılığa gəldilər. 

Mirziyoyevin Astanaya martın 14-də baş tutan səfəri zamanı tərəflər hökumətlərarası razılaşma imzaladı. Bu razılaşmaya əsasən 2020-ci ilədək iki ölkənin ticarət dövriyyəsi 5 milyard dollara yüksələcək. 

 

Bəs Rusiyanın iştirakı olmadan Orta Asiyadakı bu böyük miqyaslı inteqrasiya layihələrini kim maliyyələşdirəcək? Əlbəttə ki, Çin. 

Ötən ilin mayında Mirziyoyevin Pekinə səfəri zamanı 105 ikitərəfli sənədimzalandı. Özü də fantastik məbləği (23 milyard dollar) nəzərdə tutan sənədlər. Pekin Özbəkistanın bütün aparıcı sektorlarını moderlənləşdirməyə hazırdır. O cümlədən də energetika, neft emalı, neft-kimya, kənd təsərrüfatı və s. sahələri.  

Mirziyoyev Çin lideri Si Tszinpinlə dialoq yarada bildi. İki lider "Böyük İpək Yolu"nu qurmaq barədə razılığa gəldi. Ekspertlər Çinin bu layihəsinin Avrasiya İqtisadi Birliyi və MDB çərçivəsindəki digər layihələrə alternativ kimi düşünüldüyünü deyirlər. Məhz buna görə Özbəkistan Avrasiya İqtisadi Birliyinə daxil olmaqdan imtina edib, Tacikistan isə hələ də tərəddüd edir.

ABŞ Orta Asiyadakı inteqrasiya proseslərini diqqətlə izləyir. Donald Tramp Mirziyoyevin martın 26-27-də Daşkənddə Əfqanıstana dair beynəlxalq konfrans keçirmək təşəbbüsünü dəstəkləyib. Və bu məsələdə ABŞ-ın Özbəkistanla sıx işləməli olduğunu bildirib. 

Vaşinqton eyni zamanda Kremli regionun 5 ölkəsini təsir dairəsində saxlamaqda ittiham edir. Amerikalı general Jozef Votelin bugünlərdə Trampa təqdim etdiyi hesabatda deyilirdi: "Rusiya ABŞ-la Orta Asiya ölkələrinin əməkdaşlığına və qarşılıqlı fəaliyyətinə mane olmaq üçün səylərini davam etdirir".

Rusiyanın da cavabı özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, ABŞ Orta Asiya ölkələrini Rusiya və postsovet məkanının digər təmsilçiləri ilə əməkdaşlıqdan yayındırmağa çalışır. Sənəddə bildirilir ki, son 10 ildə regionda Rusiyanın sərmayələrinin həcmi 20 milyard dollardan artıqdır.

"Orta Asiyadakı dostlarımızın özlərinə tərəfdaş seçmək haqqına hörmətlə yanaşırıq. Amma eyni zamanda həmin tərəfdaşların bizi üz-üzə qoymaq cəhdinə qarşıyıq", – deyə Rusiya XİN əlavə edib.

Tərcümə Strateq.az-ındır
 

 






Fikirlər