2016-cı il dekabrın 4-də Şövkət Mirziyoyev Özbəkistanın yeni prezidenti seçildi. Mirziyoyev İslam Kərimovdan sonra ölkə tarixinin ikinci prezidenti kimi tarixə düşdü. Yeni prezidentlə yanaşı, ölkənin yeni birinci ledisinin şəxsiyyəti də mətbuatın diqqətini özünə cəlb etdi. Adətən qapalı və mühafizəkarlığı ilə seçilən Özbəkistanda ölkə başçılarının ailə üzvləri haqqında məlumatlar az olsa da, yerli jurnalistlər birinci xanımla bağlı müəyyən məlumatı toplaya biliblər.
AzerTaym.az modern.az-a istinadən Özəbkistanın yeni birinci ledisi Ziroatxon Hoşimova haqqında məlumatı təqdim edir.
Ziroatxon Hoşimova Özbəksitandakı Fərqanə vadisinin Kokand şəhərində doğulub. Uşaqlıqda nəvazişlə Oyxon deyə çağırılan Ziroatxonın atası Mahmudjon əkə avtoritar və sərt ailə başçısı olub. O, Mərkəzi Asiya Dəmir Yolu Xəttinin İşçi Təminatı şöbəsinin rəisi olub. Mahmudjon Hoşimov Sovet dövrü üçün kifayət qədər imkanlı şəxs sayılırdı.
O qızı Ziroatxona ən yaxşı təhsili verməyə çalışıb və öz təkidi ilə qızını Daşkənddə Kənd Təsərrüfatının İrriqasiyası və Mexanizasiyası İnstitutunda iqtisadçı-mühəndis ixtisasına yiyələnməyə vadar edib. Ziroatxon Hoşimova institutu fərqlənmə diplomu ilə bitirib. Elə həyat yoldaşı Şövkət Mirziyoyevlə də həmin institutda tanış olub. O vaxtlar Şövkət Mirziyoyev institutun komsomol komitəsinin katibi idi. Lakin qızın valideynləri cütlüyün birliyinə qarşı çıxıblar. Bununla belə geri çəkilməyən Şövkət Mirziyoyev ölkənin bir çox hörmətli şəxslərinin dəstəyi ilə istəyinə nail olub və qızın valideynlərindən izdivac razılığı ala bilib.
Şövkət Mirziyoyev və Ziroatxon Hoşimovanın 3 övladının olması məlumdur- qızları Şahnoza və Səidə, oğulları Alişer. Onlar haqqında kifayət qədər az məlum olsa da, xarici mətbuat Şahnoza Mirziyoyevanın evli olaraq Moksvada yaşadığını və 2011-ci ildə İsrail klinikalarından birində uşaq dünyaya gətirdiyini yazır.
Hazırki prezidentin kürəkənləri - Şahnoza Mirziyoyevanın əri Otabekin və Səidə Mirziyoyevanın əri Oybekin Özbəkistanda geniş restoran və bazar biznesinin olduğu bildirilir. Onlar prezident İslam Kərimovun ölümündən sonra mövqelərini daha da möhkəmləndiriblər.
Özbəkistanın yeni prezidentinin oğlu Alişer Mirziyoyevə gəlincə, onun yaşca hələ balaca olduğu, orta məktəbdə oxuduğu bildirilir...
Maraqlıdır ki, yeni birinci ledi Ziroatxon Hoşimova öz qızlıq soyadını saxlayaraq, ərinin soyadını götürməyib. Analoji addımı onun bacısı Səyyarə də atıb. Güman olunur ki, qızlar bununla öz ataları Mahmudjon Hoşimova ehtiramlarını bildirmək istəyiblər.
Yeri gəlmişkən, hazırki prezidentin baldızı Səyyarə Hoşimovanın qızı Diora Rusiyanın ən varlı şəxsi, özbək əsilli milyarder Alişer Usmanovun qardaşı oğlu Babur Usmanovla evli olub. Lakin onların evliliyi 2013-cü ilin mayında Babur Usmanovun yol qəzasında həlak olması ilə dağılıb.
Maraqlıdır ki, Özbəkistanın yeni birinci xanımı Ziroatxon Hoşimovanın fotoları uzun illər idi ki, ictimaiyyətdən gizli saxlanılırdı. Ümumiyyətlə, İslam Kərimovun dövründə ölkədə heç bir şəxs ictimai diqqəti özünə cəlb etməyə cəsarətlənmirdi. Hesab olunur ki, bu addım dövlət başçısının qəzəbinə səbəb olmamaq üçün atılırdı. Hətta Şövkət Mirziyoyev haqqında məlumatlar internetdə o, baş nazir təyin olunduqdan 3 il sonra, 2006-cı ildə yerləşdirilmişdi. İndiki birinci ledi Ziroatxon Hoşimova haqda bilgilər isə ilk dəfə 2016-cı ilin noybarında, Liberal-Demokrat Partiyasının rəsmi internet saytında qısa formada təqdim olunmuşdu.
“Şövkət Mirziyoyevin xanımı ixtisasca iqtisadçı mühəndisdir, hazırda evdar xanımdır”, deyə həmin qısa məlumatda yazılıb.
Yaxın illərdə həyat yoldaşını xarici səfərlərdə müşayiət edəcək Ziroatxon Hoşimova və övladları haqda daha çox məlumatların açıqlanacağı istisna deyil.