“AZƏRPOÇT”un rəhbəri İŞDƏN ÇIXDI
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb. "APA-Economics"ə MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb. "Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub. "Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirib ki, onun Ü.Mansurovun işdən çıxması barədə məlumatı yoxdur. Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur. Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.