ABİD Şərifov: "...ONA GÖRƏ belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə MÜMKÜN OLUB"
"Narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub". Bunu Bakının Respublika Narkoloji Mərkəzində ötən həftə sonu baş verən yanğından sonra yaradılan Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov deyib, Azərtac yazır. Yanğın zamanı korpusda olan 55 pasiyentdən yalnız 30-u xilas edilib, 25-i həlak olub. Abid Şərifov deyib ki, həmin xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Baş nazirin müavini vurğulayıb ki, əsas məsələ yanğının səbəblərini araşdırmaqdır. "Aidiyyəti qurumlar - Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb. Lakin digər versiyalar da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyik", o deyib. Rəsmi orqanlar yanğının başvermə səbəbi kimi ilkin olaraq, elektrik naqillərində qısaqapanmanı göstərir. "Azərenerji" isə ilk gündən bildirdi ki, nasazlıq daxili xətlərlə bağlı ola bilər, qurum isə obyektin daxilindəki xətlərə qarışmır. Bu halda Mərkəzin elektrik naqillərində qısaqapanmaya nə səbəb ola bilər: korpusun isidilməsi üçün elektrikdən istifadə olunmasımı, yoxsa, xətlərin köhnəliyindənmi? Millət vəkili Aydın Mirzəzadə də BBC Azərbaycancaya verdiyi müsahibəsində istintaqın nəticəsini gözləməyə dəvət edir. "İndidən bir söz demək düzğün çıxmaz. İstintaq gedir. Mütəxəssislər işləyirlər, onların yekun sözlərinə görə bir fikir söyləmək olar", o deyib (BBC).
Ancaq aidiyyətli qurumlar "istintaq getdiyi üçün" BBC Azərbaycancaya danışmaqdan imtina ediblər.