Polad Bülbüloğlu “YENİ MÜSAVAT”a qəzəbləndi: “Mənə meymun deməyiniz bəs deyil, hələ bir...”

Polad Bülbüloğlu “Yeni Müsavat”a qəzəbləndi: “Mənə meymun deməyiniz bəs deyil, hələ bir...”

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun son zamanlardakı, xüsusilə də, aprel döyüşlərindən sonrakı diplomatik fəaliyyəti bir çoxları tərəfindən təqdir olunur. 

Xüsusilə də, onun Azərbaycana qarşı informasiya müharibəsi aparan Rusiya mətbuatına müsahibələrindən diplomatiyanın qoyduğu sərhədləri də aşaraq, əsil vətəndaşlıq mövqeyi sərgiləməsi, Ermənistanın işğalçı siyasətinə qarşı barışmaz münasibəti, hətta lazım gələrsə, özünün də əlinə silah alıb, Qarabağ uğrunda döyüçəcəyini açıq şəkildə Rusiya paytaxtından bəyan etməsi qürurvericidir. 
Lakin bu gün onun “Yeni Müsavat” qəzeti haqqında dedikləri bizi çox pəjmürd elədi. Şuşanın işğalının 24-cü ildönümü, Qarabağ ətrafında baş verənlər, həmçinin Rusiya prezidenti Vladimir Putinin Bakıya nəzərdə tutulan və son anda ertələnən səfəri barədə suallarımıza cavab almaq üçün cənab səfirə telefon açdıq. 
Zəngimselindəki öz səsilə yazılan “Gəl, ey səhər” mahnısına bir az qulaq asdıqdan sonra Polad müəllim telefonu açdı, ancaq özümüzü təqdim edəndən sonra qeyzləndi: “Bir misal var, “Mənə meymun deməyiniz, bəs deyil, hələ bir...” İndi siz mənə nə üzlə zəng edibsiniz?” 
Əslində peşəsinə görə soyuqqanlı olmalı olan diplomatın həqarətinə səbrlə qulaq asandan sonra onun nəzərinə çatdırdıq ki, bu cür fikirləri səsləndirməsi düzgün deyil. Hətta onun Qarabağla bağlı tutduğu prinsipial mövqeni nümunə olaraq təqdim edirik. 
“Buna görə sağ olun” deyən səfir ardınca yenə qeyzləndi: “Yeni Müsavat”ın mənim haqqımda səsləndirdiyi şər-böhtan dolu yazılara görə mən bu qəzetə heç nə danışmaq istəmirəm”. 
Yenə də sayğımızı əsirgəmədik, ancaq bir qeydimiz də oldu: “Polad müəllim, siz ermənilərlə danışmaq, barışmaq üçün hətta Qarabağa gedə bilirsiniz, ancaq bizim qəzetə danışmırsınız? Çox təəssüf..."
 
Hörmətli səfir isə sualımıza cavab vermək əvəzinə, telefonunu qapatdı. 
Doğrudan da çox təəssüf…






Fikirlər