Qulu Məhərrəmliyə təzyiqlər BEYNƏLXALQ səviyyədə pislənir

 

ATƏT-in Tbilisidə Cənubi Qafqaz ölkələri üzrə keçirdiyi ənənəvi media konfransı dünən sona yetib. Toplantıda region ölkələrində media azadlığının durumu, jurnalistlərin təhlükəsizliyi, ənənəvi və yeni medianın inkişaf istiqamətləri müzakirə edilib.

13-cü Media konfransının ilk günü daha çox Azərbaycanda mətbuat azadlığının kəskin pisləşməsinə dair qızğın müzakirələrlə keçib.

    Qurumun media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç regionda və özəlliklə Azərbaycanda medianın durumuna toxunaraq, jurnalistlərin uydurma, təşkil edilmiş eyni ittihamlarla həbsinin ciddi narahatlıq doğurduğunu deyib. 
“Belə ittihamlara məruz qalmış həmin jurnalistlər ictimaiyyətə doğru bilgiləri, həqiqətləri çatdırırlar. Hökumətlər isə onların səsini kəsmək, susdurmaq üçün belə addımlara əl atırlar» - D.Miyatoviç bildirib (“Azadlıq” radiosu).

    Beynəlxalq toplantıda Azərbaycanda jurnalistlərə təzyiq kontekstində AzTV barədə tənqidi fikirlərinə görə media eksperti, professor Qulu Məhərrəmlinin də cinayət təqibinə məruz qalması barədə ayrıca danışılıb. Büdcədən maliyyələşən telekanalın rəhbərini yarıtmaz işinə görə tənqid etmiş mütəxəssisə qarşı beş aydır ki, çəkən əsassız məhkəmə işinin cəmiyətdə birmənalı qarşılanmadığı qeyd olunub.  

    
Şeffild universitetinin (Böyük Britaniya) KİV azadlığı mərkəzinin direktoru, BBC-nin keçmiş əməkdaşı Uilyam Hörsli bildirib ki, Azərbaycanda belə bir faktın ortaya çıxmasına çox təəssüflənir.

“Nə qədər kəskin olsa belə, tənqidə görə media ekspertini cinayətə cəlb etmək yolverilməz haldır, məmur dözümsüzlüyünün göstəricisidir. Sivil dünya söz azadlığına qarşı olan bu tərzi qəbul etmir. Azərbaycan hökumətinin bu xoşagəlməz vəziyyətlə yaxından maraqlanacağına əminəm” – deyə media azadlığı üzrə beynəlxalq  ekpert bildirib. 

Konfrans iştirakçılarının bir çoxu, o cümlədən ATƏT-in Layihə rəhbəri N.Ebnoter, Bosniya Mətbuat Şurasının icraçı direktoru L.Zuravaç, Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin təmsilçisi T.Mikadze, “Turan” informasiya agentliyinin direktoru M. Əliyev televiziya mütəxəssisi Q.Məhərrəmli ilə bağlı insidenti pisləyərək, bunu media azadlığına ciddi təzyiq kimi qiymətləndiriblər.

Konfransın əsas məruzəçilərindən biri, “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev isə deyib ki, bir tərəfdən Qulu müəllim kimi nüfulu həmkarımıza beynəlxalq dəstəyin verilməsinə sevinirsən, digər tərəfdən isə hansısa məmurun yanlış davranışı səbəbindən Azərbaycanın adının qara siyahılara düşməsinə məyus olursan. 
“Ona görə də “məmurlar tənqidə dözümlü olmalı, belə incə məsələlərdə ölkənin imici haqqında da düşünməlidirlər”- deyə A.Əliyev bildirib.

 






Fikirlər