29.04.2014. - ANS-dən A.Rəhimova "tender zərbəsi" - (Video)

29.04.2014. -  ANS-dən A.Rəhimova "tender zərbəsi" - (Video)Azərbaycanda inşa olunan olimpiya idman komplekslərinin tikintisi zamanı ortaya çıxan maliyyə fərqlərilə bağlı araşdırmamızı davam etdiririk.

Sözsüz ki, bu məsələlərə Gənclər və İdman Nazirliyinin rəsmi açıqlamasından sonra tam aydınlıq gələ bilər. Hansı ki, bu açıqlamanı etmək üçün ANS nazirliyə suallarının məktubla göndərib. Bizim bu qurumun fəaliyyətində nöqsanların olduğunu aşkarlayan Hesablama Palatasına da suallarımız var.
Gənclər və İdman Nazirliyi də daxil olmaqla bir sıra qurumlarda aşkarlanan maliyyə çatışmazlıqlarının aradan qaldırılması Hesablama Palatası tərəfindən təkrar yoxlanılıbmı?

Əslində bu gün palataya gəlməkdə məqsədimiz də bu suala cavab tapmaq idi. Amma qurumda sualımızı cavavlandıran olmadı.
Hansı ki, bu cavab çox mətləblərə aydınlıq gətirə bilərdi. Məsələn, ilk növbədə şəffaflıq yaranardı ki, həqiqətən də büdcədən götürülən pullar büdcəyə qaytarılıbmı. Hansı ki, bu siyahıda Gənclər və İdman Nazirliyi istisna təşkil etmir. Orada Səhiyyə, Kənd Təsərürfatı, Xarici İşlər nazirliklərinin də, “Azəristiliktəchizat”ın da, Diasporla İş üzrə Dövlət Komitəsinin, müxtəlif xəstəxana və təhsil müəssisələrinin də adı keçir.
Düzdür, Gənclər və İdman Nazirliyinin ayağındakı nöqsan o birilərindən bir qədər çoxdur. Nazirliyə həvalə olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası zamanı nə az, nə çox - düz 1,2 milyon AZN vəsait mənimsənilib.
Hesablama Palatası isə 2013-cü il hesabatında göstərir ki, auditin nəticəsi üzrə görülən işlər barədə nazirlik palataya göndərdiyi məktubda nöqsanların aradan qaldırılması üçün muvafiq tədbirlər həyata keçirdiyini bildirib.

Vəssalam... Daha bu tədbirlərin necə, nə cür həyata keçirildiyi məlum deyil. Yəni eyni məntiqlə bu pullar geri qaytarılmaya, nöqsanlar aradan qaldırılmaya da bilər. O nöqsanlar ki, palatanın hesabatında tam iki vərəqi əhatə edir.

Məsələn, məlum olur ki, Gənclər və İdman Nazirliyi tikintisi başa çatmış obyektlər üzrə aparılan satınalmaların yarıdan çoxunu birbaşa müqavilələr əsasında həyata keçirib. Birbaşa müqavilələrin bağlanması prosesində obyektlərin ehtimal olunan müqavilə qiyməti müəyyən edilməyərək podratçı təşkilatlar tərəfindən təqdim olunmuş qiymət cədvəllərinin əsasında təyin olunub.

Yaxud aydın olur ki, iki rayonda olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü tam yerinə yetirilmədiyi halda işlərin qəbulu haqqında akta daxil edilib. Sonra daha 5 rayonda olimpiya kompleksinin tikilməsi prosesində bəzi inventar və avadanlıqların obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilməsi, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verildiyi hesabatda əksini tapır.

Nazir Azad Rəhimov isə bu faktlardan birinə - Daşkəsən rayonundakı təyinat dəyişikliyinə, yəni olimpiya idman kompleksi əvəzinə turizm və istirahət mərkəzi tikintisinə münasibət bildirib.
Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, Daşkəsən rayonunda təyinatı dəyişilməklə hansısa bir kompleksin 2 ilə yox, 2 il yarıma tikilməsi korrupsiya demək deyil: “Burda vəsaitin açılmasına qədər satınalmalar, qiymət qoyma, xəzinədarlıq o qədər instansiyalardan keçir ki, korrupsiya faktı burda yerində olmur. Bəzi media işçiləri bilmir, onlara arayış vermək lazımdır ki, korrupsiya nədir və necə sayılır”.
Əlbəttə, media işçiləri korrupsiyanı sayacaq qədər təcrübəyə malik ola bilməzlər. Belə baxanda bu, heç medianın işi də deyil. Bu, Hesablama Palatasının işidir ki, onlar nəyi necə saydıqlarını yaxşı bilirlər. Amma bunun yaxşı tərəflərini media ilə bölüşmək mütləq lazımdır. Mətləblər bu cür pərdəarxasında qalanda söz-söhbətlər də çox olur...







Fikirlər