Qabil Hüseynli: “Hakimiyyətin Abbasovlar ailəsinə qərəzli yanaşması inandırıcı deyil”
Baş nazirin sabiq 1-ci müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlar son günlərin əsas gündəm yaradan xəbərlərindən oldu. Bu barədə vergi orqanlarından məlumat daxil olub.
Həmin məlumata görə, Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa sentyabrın 16-da qüvvəyə minib: “Vergilər Nazirliyinin bu addımı atmasının səbəbi isə Nadir Abbasovun vergi borcunu ödəməməsi ilə bağlıdır”. Vergi borcunun təxminən 100 min manat civarında olduğu deyilir. Bundan əlavə, Nadir Abbasovun sahibi və baş direktoru olduğu “NAA Universal” MMC də məhkəməyə verilib.
Məhkəmədən strateq.az-a verilən məlumata görə, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC Nadir Aydın oğlu Abbasov və onun baş direktoru olduğu “NAA Universal” MMC-ni məhkəməyə verib. Səbəb isə N.Abbasovun illər əvvəl bağlanan müqavilə və onun şərtlərinə əməl eləməməsidir: “Bu üzdən ”Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC məhkəməyə müraciət edərək, bağlanmış müqaviləyə xitam verilməsini tələb edib. İşə Nəsimi Rayon Məhkəməsindən Ali Məhkəməyə qədər baxılıb. Bu yaxınlarda isə Ali Məhkəmə şikayəti yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri qaytarıb".
Hazırda həmin şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Raqub Qurbanovun icraatında baxışa qəbul olunub.
Qeyd edək ki, baş nazirin sabiq 1-ci müavininin Rusiyada 2013-cü ildə, Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində yaradılan “Milyarderlər İttifaqı” və Milli Şura ilə əlaqələrinin olması, ölkəmizdə hakimiyyət dəyişikliyində maraqlı olması ilə bağlı yayılan xəbərlərdən sonra ona qarşı münasibət sərtləşib.
Ölkədən çıxışına qadağa qoyulan qardaşı Nadir Abbasov ötən il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş, həmin ilin oktyabrında isə azadlığa buraxılmışdı. Ardınca son parlament seçkilərində onun deputat oğlu Aydın Abbasov mandat uğrunda mübarizə aparmaqdan imtina etmişdi.
Bütün bunların Abbas Abbasovun vaxtilə hakimiyyətə münasibətdə davranışı ilə bağlı olması barədə zaman-zaman mətbuatda xəbərlər gedib. Məhz bunlara görə son illərdə bir neçə dəfə A.Abbasov hakimiyyətin ünvanına xoş sözlər işlətməsinə, bir növ “əfv” diləməsinə baxmayaraq, iqtidar keçmiş kadrını bağışlamamaqda israrlı görünür.
Politoloq Qabil Hüseynli də Abbas Abbasovun müəyyən qəbahətlərə yol verdiyini söylədi: “Abbas Abbasov indi demək olar ki, öz qınına çəkilib. Sakitcə oturub biznesi ilə məşğuldur. Rusiyada olan imkanlarından istifadə edərək, var-dövlətini artırmaqla məşğuldur. Oğlu deputat seçilmədi. Onun da hər hansı bir hərəkətə yol verməsi barədə xəbər yoxdur. Nadir Abbasov Gəncədə yaşayır və orada tanınmış şəxslərdən biri hesab olunur. Onun rəhbərlik etdiyi şirkətlə bağlı Vergilər Nazirliyinin xüsusi araşdırması var. 100 min manat vergi borcu olduğu deyilir. Vergidən əlavə, şirkətdə bəzi işlərin düzgün olmaması barədə fikirlər səsləndirilir. Düşünürəm ki, 100 min manat vergi varsa, bunu ödəmək Nadir Abbasov üçün problem olmamalıdır. Bu borcu ödəməklə ölkədən çıxışına qoyulan qadağanı aradan qaldıra bilər. Hesab etmirəm ki, hakimiyyət Abbasovlar ailəsinə qərəzli yanaşır və o səbəbdən bu işlər görülür. Çünki qərəzli yanaşmaq üçün hazırda ciddi bir əsas görmürəm. Abbas Abbasov bir neçə dəfə prezidenti müdafiə edən fikirlər səsləndirib. Oğlu da bu mövqedən dəfələrlə çıxış edib. Abbas Abbasovla konfliktə getmək üçün əsaslar ortada yoxdur”.
Politoloq Nadir Abbasovun ölkədən çıxışına qadağa qoyulmaqla baş nazirin sabiq 1-ci müavininə mesajlar verilə biləcəyi barədə də ehtimallar səsləndirdi: “Burada mesajlar ola da bilər, olmaya da. Açığı, bu vergi məsələsinin şişirdilməsinin tərəfdarı deyiləm. Əgər hakimiyyətin bu işdə əli olsaydı, daha ciddi addımlar atardı. Bu, adi bir yoxlama prosesidir. Bunun normal sonucla başa çatacağı fikrindəyəm. Amma fakt-faktlığında qalır ki, Abbas Abbasovun Rusiyada olması hakimiyyəti onunla bağlı daim ehtiyatlı davranmağa sövq edir. O, bu faktı daim göz önündə saxlamalı, Rusiya və digər orqanların fitvasından uzaq durmalıdır”.