Şeyxlə Dini Komitə arasında növbəti gərginlik

Şeyxlə Dini Komitə arasında növbəti gərginlik

QMİ dini sahədə şəriksiz söz sahibi olmaq istəyir

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ)  ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) rəhbərliyi arasında səlahiyyət uğrunda uzun illərdir bitməyən mübarizə yenidən alovlanır.
Belə ki, DQİDK sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklikdən danışarkən Məhərrəm ayında dini ayinlər zamanı evlərdə toplaşmağın, küçələrə çıxmağın yolverilməz olduğunu açıqlayıb.
QMİ-nin mətbuat xidmətinin rəhbəri  Rəhimə Dadaşova isə bu qərarla bağlı modern.az ilginc münasibət bildirib: “Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası tərəfindən Məhərrəm ayı ilə bağlı fətva verilib. Həmin fətvada lazımi məsələlər öz əksini tapıb. Kim, hansı qurum ayinlərin icrası ilə bağlı qadağa qoyursa, biz buna şərh vermirik”.
Yuxarıda da qeyd etdiyimiz kimi, QMİ ilə Dini Komitə arasında səlahiyyət uğrunda mübarizə uzun illərdir davam edirlər. Lakin  mübarizənin sonunda bu və ya digər yollarla QMİ sədri qalib çıxır. Nümunə kimi elə 2014-cü ilin avqust ayında qəbul edilən ehsan qadağasını göstərə bilərik. Məlumatlara görə, bu qərar Şeyxlə məsləhətləşmədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və prezidentin bu sahə üzrə müşavirliyi tərəfindən alınmışdı. Faktiki olaraq bu gün həmin qadağa demək olar ki, tətbiq olunur və gün keçdikcə yenidən qadağadan əvvəlki durum geri qayıdır.
Gizli deyil ki, ehsan qadağasının tətbiq olunmamasının əsas səbəbkarı elə Hacı Allahşükür Paşazadənin özü oldu. Şeyx bütün gücü və nüfuzundan istifadə edərək ehsan qadağasına qarşı çıxdı. Nəticə isə ortadadır - millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın başlatdığı ehsan süfrələrinə müdaxilə prosesi faktiki olaraq işləmədi... Hələ o zamanda belə xəbərlər vardı ki, Şeyx məhz ehsan qadağası ilə bağlı DQİDK sədri Mübariz Qurbanlı ilə də danışıb və komitə sədrinə sərt şəkildə etirazını bildirib.  Şeyx M.Qurbanlıya bu kimi mövzularda onun da rəyinin alınmasının gərəkli olduğunu xatırladıb və açıq şəkildə bu qadağanın işləməsinə razı olmayacağını bildirib.
Məhz bu səbəbdən də uzun illər hakimiyyət daxilində siyasi təcrübə toplamış M.Qurbanlı bu sahədə Şeyxlə toqquşmanın ondan əvvəlki komitə rəhbərlərinə baha başa gəldiyini bildiyi üçün mövqeyində korrektə etməyə məcbur oldu. M.Qurbanlı mövqeyində müəyyən qədər yumşalma edərək ehsan məclislərinin məcburi deyil, könüllü olaraq tənzimlənməsinə tərəfdar olduğunu dedi.
Görünən odur ki, DQDK ilə QMİ arasında çəkişmə hələ də dayanmır...
İndi də bu baxımdan Məhərrəmlik ayı ilə bağlı Dini Komitə rəhbərliyi tərəfindən səsləndirilən fikirlərin və “Dini etiqad azadlığı” haqqında Qanuna əsasən qəbul edilən qərarların icra edilib-edilməyəcəyi şübhə altındadır.
Bəs əslində bu qurumlar işlərini necə bölüşdürməlidirlər? Hansı digərinin üzərində söz sahibidir?
Ekspertlər bildirirlər ki, iki qurumun səlahiyyət bölgüsü əslində bir-birinə zidd olmayan fəaliyyətdir. Lakin Dini Qurumlar üzrə Dövlət Komitəsi sırf dövlət qurumudur və prezidentin din siyasətinə, dini qurumların fəaliyyətinə birbaşa nəzarət edir.
Görünən isə əksini deməyə əsas verir...
Mövzu ilə bağlı “Yeni Müsavat”a münasibəsində deputat Fazil Mustafa da durumu aşağıdakı kimi şərh edib: “Azərbaycanda QMİ spesifik QHT-lərdən sayılır. Yəni orada hər hansı bir şəkildə qəbul olunan  müəyyən qərarlar qanunvericilik səviyyəsində tanınır. Eyni zamanda, müəyyən qanunlarda bu idarəyə ayrıca səlahiyyət də verilir. Ona görə də  bu, bir qədər əlahiddə qurum kimi qiymətləndirilir. Çünki hətta müəyyən QHT-lərin  qeydiyyatdan keçməsi üçün QMİ-nin  rəyi də lazımdır. Bunlar hamısı reallıqdır. Ona görə də  QMİə faktiki olaraq dövlət orqanı kimi fəaliyyət göstərir. Ancaq Dini Qurumlar üzrə Dövlət Komitəsi sırf dövlət qurumudur. Bütün hallarda bu iki qurum arasında ziddiyyət olmamalıdır. Çünki dövlət qurumu daha üstün vəziyyətdədir. Bu, müəyyən proseslərə ən azı normativ aktların qəbul olunması səlahiyyətinə sahibdir. Ziddiyyətlər ondan irəli gəlir ki, QMİ bəzən dövlət orqanı funksiyasını  yerinə yetirir”.

 






Fikirlər