Əli Əhmədovun “Ac olaq, müstəqil olaq” sözlərinə sərt reaksiyalar

Əli Əhmədovun “Ac olaq, müstəqil olaq” sözlərinə sərt reaksiyalar

Mirmahmud Mirəlioğlu: ““Ac olaq, müstəqil olaq” sözləri ilə müstəqilliyi quranları..."; Sülhəddin Əkbər: “Əli Əhmədov kimilər bu gün də müstəqilliyin nə olduğunu anlamayıblar” 

 

YAP sədrinin və baş nazirin müavini, hakim partiyanın icraçı katibi Əli Əhmədovun müstəqilliyimizin 25 illiyi ilə bağlı keçirilən konfransda dediyi sözlər ciddi tənqid atəşinə tuş gəlib. YAP funksioneri müstəqilliyin  qazanılmasında adı keçən şəxslərin, AXC hakimiyyətinin bostanına daş atıb.
Ə.Əhmədovun müxalifət düşərgəsi tərəfindən etiraz doğuran fikirləri bunlardır: “Azərbaycanın müstəqilliyi o qədər də düzgün olmayan postulat üzərində qurulmuşdu. ”Ac olaq, müstəqil olaq!" şüarı üzərində müstəqil dövlət qurulacağı bəyan edilirdi. Xalq müstəqilliyini rifahı üçün arzu edir, ac olmaq üçün müstəqillik uğrunda mübarizə aparılmır. İnsanlar müstəqilliyin bəhrəsini görməlidirlər, əks halda, müstəqillik əl çatmayan, sonu dumanlı bir xəyala çevrilirdi..."
Milli azadlıq hərəkatının fəallarından, Elçibəy hakimiyyəti dövründə millət vəkili olan KXCP sədri Mirmahmud Mirəlioğlu hakimiyyət təmsilçisinin dediklərinə sərt reaksiya verdi: “Biz onun  həm nitqinə, həm də azacıq da olsa, təhsilinə bələdik. Amma belə deyirsə, artıq ondan da şübhələnmək lazımdır. ”Ac olaq, müstəqil olaq" sözləri ilə müstəqilliyi quranları  yəqin ki, büdcəni talamaqdan, rüşvətxorluq, korrupsiyanı ört-basdır etmək üçün belə deyirlər. Bu gün tox olan kimdir? Millət bu gün yaxşı gündə yaşayır?
Image result for Mirmahmud Mirəlioğlu
İnsanların sosial vəziyyəti, dolanışığı guya ki, yaxşıdır? Öz vəziyyətlərinə uyğun şəkildə Azərbaycanın tox olduğunu güman edirlər. Ölkəmizdə mənimsəmənin həddini bir neçə gün bundan əvvəl Beynəlxalq Bankın sabiq sədri ortaya qoydu. O, ölkəmizdə maliyyə nazirinin maliyyə fırıldaqlarını da sübut etdi. Azərbaycanda villaların sayı, büdcənin talan edilməsi, asfaltların bir yerə neçə dəfə tökülməsi və nəhayət, son günlərdə yağan yağışlar nəticəsində Bakının düşdüyü vəziyyət hakimiyyətin nə günə düşdüyünü göstərdi. Əli Əhmədovun belə halların baş verdiyi günlərdə bu cür bəyanatlar verməsi yəqin ki, onların bunu “haqq etdiyini” göstərir. Onların da, sizlərin və oxucularınızın, bütövlükdə hər kəsin bayramını təbrik edirəm".
Image result for Sülhəddin Əkbər
AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin  sabiq birinci müavini işləmiş Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bunları dedi: “Müstəqillik şəxsiyyət və ləyaqət məsələsidir. O millətlər müstəqilliyə can atırlar ki, keçmişlərini, milli, dini kimliklərini bilirlər. O cəmiyyətlərdə də namuslu, şərəfli insanlar üstünlük təşkil edirlər. Başqa millətin boyunduruğu altında yaşamağı deyil, müstəqil olmağı seçirlər. Öz qərarlarını özləri verir, həyatlarını özləri qururlar. Görünür, Əli Əhmədov kimilər bu gün də müstəqilliyin nə olduğunu anlamayıblar. Belə çıxır ki, bir ailə maddi ehtiyac içərisindədirsə, kimin imkanı varsa, gedib ona boyun əyməli, tabe olmalıdır. Pul qazanmayıbsa, müstəqillik haqqında da  düşünməməlidir. Müstəqilliyi, milli kimlik, mənlik, şəxsiyyət məsələsini bu qədər aşağı səviyyəyə endirməyin özü çox acınacaqlıdır. Bunu hakimiyyətin yüksək pilləsində təmsil olunan, hakim partiyanın rəhbərlərindən biri olan şəxs deyir. Bütün bunlar onu göstərir ki, bu şəxslər müstəqil dövlətə, tutduqları postlara layiq deyillər. Bunların bu milləti, hökuməti, bizlərin qurduğu dövləti təmsil etməyə haqları çatmır”.

 






Fikirlər