Əli Həsənov: “Jurnalistlər üçün inşa olunan bina gələn ilin əvvəli istifadəyə veriləcək”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə medianın durumundan danışıb. AzerTaym.az xəbərinə görə, Əli Həsənov bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib. Son illər respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrüspublika və 3 regional radio fəaliyyət göstərir. Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb”. Ə.Həsənov xatırladıb ki, Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilib, 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanıb: “2013-cü ildə Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq jurnalistlər üçün yeni 256 mənzilli binanın təməli qoyulub. Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər. Əminəm ki, milli televiziyanın 60 və radionun 90 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər”. Ə.Həsənov qeyd edib ki, müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir: “İnternet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85%-nin informasiya ehtiyacını ödəyə bilir”. Prezident köməkçisi jurnalistlər üçün inşa olunan yaşayış binasının gələn ilin əvvəllərində istifadəyə veriləcəyini deyib.