“Araz da, Əbdül də rus əsgərinin Azərbaycana girməsini gözləyir” - Nuru Paşa açıqlamasına ETİRAZ

“Araz da, Əbdül də rus əsgərinin Azərbaycana girməsini gözləyir”

Millət vəkili Araz Əlizadənin və “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovun Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olan bu iddialar cəmiyyətdə kəskin etirazla qarşılanır.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən millət vəkili, tarixçi alim Fəzail İbrahimli deyib ki, bu şəxslərin səsləndirdiyi fikirlər əsassız və yanlışdır:

“Nə Araz Əlizadə, nə də Hacı Əbdül tarixçi deyillər, ancaq deyirlər ki, guya türklər babalarımızın qızıllarını əllərindən alıb və sairə. Tarixçilər yaxşı bilir ki, Qafqaz İslam Ordusu Azərbaycan milləti və dövləti üçün nə qədər böyük işlər görüb. Ümumiyyətlə, Nuru Paşadan danışan zaman 31 mart soyqırımı şəhidlərinin ruhuna hörmətlə yanaşmaq lazımdır. O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yerlə-yeksan edilirdi. Moskvanın Qafqaz siyasətində erməni istəyi də böyük rol oynayırdı”.

Deputat qeyd edib ki, həmin dövrdə Moskva Azərbaycanı özünün əyalətinə çevirmək istəyirdi:

“Bunun üçün də ermənilərdən istifadə olunurdu. O dövrdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirilirdi. 1918-ci ilin mart soyqırımı qurbanlarının göz yaşları hələ qurumamış həmin ilin aprel ayının 25-də Bakıda Xalq Komissarları Soveti yaradıldı. Həmin komissarların məzarları da Sovet İttifaqı dövründə uzun müddət ziyarət olundu”.

F.İbrahimli bildirib ki, Xalq Cümhuriyyəti rəhbərləri tərəfindən Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana dəvət olunmasaydı və onlar bura gəlməsəydi, bu ölkənin adı təkcə arxivlərdə qalacaqdı:

“Sonra da deyəcəkdilər ki, ümumiyyətlə belə bir müstəqil dövlət olmayıb, onlar yalnız bəyanat qəbul ediblər və sairə. Bununla da Azərbaycanda kommunist rejimi 1920-ci il aprelin 27-dən deyil, daha tez, yəni 1918-ci il aprelin 25-dən qurulacaqdı. O zaman da Azərbaycanda Stepan Şaumyanın başçılığı altında erməni hakimiyyəti olacaqdı. Nuru Paşa Azərbaycana köməyə gəldiyi üçün ermənilər Bakı kəndlərinə girə bilmədilər. Yoxsa, Bakı əhalisi son nəfərinə qədər öldürüləcəkdi. Təkcə Bakı deyil, Quba, Şamaxı, Lənkəran və digər bölgələrimiz də ermənilər tərəfindən zəbt olunacaqdı. Həmin çətin zamanda Nuru Paşa Azərbaycanın köməyinə çatdı. Nuru Paşanın gəlişinədək ermənilərin azərbaycanlılara qarşı soyqırımı davam edirdi”.

Deputat vurğulayıb ki, Nuru Paşa Azərbaycana köməyə Türkiyə ordusu kimi gələ bilmirdi:

“Nuru Paşa Azərbaycana özbaşına gəlməmişdi. O, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin və xalqın istəyi, dəvəti ilə gəlmişdi. O dövrdə ortaq Qafqaz İslam Ordusu yaradıldı, Nuru Paşa da həmin orduya rəhbərlik edirdi. Çünki Bolşevik Rusiyası və Almaniya Türkiyə ordusunun Azərbaycana açıq müdaxilə etməsinə imkan vermirdi. Hətta, alman generalları Türkiyədə Ənvər Paşaya ultimatum vermişdilər ki, Nuru Paşa Azərbaycanı tərk etsin. Bütün bunların hamısı həqiqətdir və tarixdə qalır. Ona görə də Qafqaz İslam Ordusu və Nuru Paşa haqqında kim nə deyirsə, bu onların öz düşüncələridir. Ancaq hər bir fikrin elmi əsası olmalıdır. Bu cür məınfi fikirlər Azərbaycan xalqını və millətini rus-erməni işğalından qoruyan, Azərbaycanı müstəqil dövlət kimi tarixə salan Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin və Nuru Paşanın ruhuna hörmətsizlikdir. Ona görə də bu cür məsələlərdə həqiqət və obyektivlik olmalıdır”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri, tarixçi alim Məhərrəm Zülfüqarlı isə Araz Əlizadə və Hacı Əbdül Əbdülovun fikirlərinə sərt şəkildə etirazını bildirib.

M.Zülfüqarlı onları “satqın” adlandırıb:

“Hər bir ölkədə müəyyən sayda həmin ölkəyə bağlı olmayan anti-milli adamlar olur. Xüsusilə də bu cür şəxslər “solçular”dan olurlar. Azərbaycan da dövlət müstəqilliyini bərpa edəndən bəri kimin kim olduğu hər kəsə məlumdur. Azərbaycan Sosial Demokrat Partiyasının üzvü və sədri olan Araz Əlizadədən indiyədək Azərbaycan dövlətinin və millətinin xeyrinə hansısa bir fikir eşitməmişəm. Ona görə də Araz Əlizadənin Nuru Paşa ilə bağlı bu cür danışması bizim üçün yenilik deyil.

O ki qaldı Hacı Əbdülə, o da Ayaz Mütəllibovçu kimi tanınıb və vaxtilə Azərbaycanın dövlət müstəqilliyinin əlindən alınmasına və Rusiyanın tərkibinə qoşulmasına dəstək verən şəxsdir. Təbii ki, bu cür mövqeli adamlar türkləri heç zaman qəbul edə bilməz”.

M.Zülfüqarlı qeyd edib ki, türkü qəbul edənlər əsl Azərbaycan vətəndaşlarıdır, müstəqil Azərbaycan dövləti ilə fəxr edən insanlardır:

“Bu şəxslər isə ilk gündən üzlərini Şimala doğru tutublar. Gözləyirlər ki, nə zamansa işğalçı rus rejimi Azərbaycana gələcək, bunlar da at oynadacaqlar. Ancaq bunlar daha bu cür xəyallara dalmasınlar. Düşündükləri daha keçmişdə qalıb. Hesab edirəm ki, Araz Əlizadə və hacı Əbdülün fikirlərinə Azərbaycan dövlətinin səlahiyyətli nümayəndələri də qiymət verməlidir. Vaxtilə Milli Məclisdə kommunistlərə 2 mandat yeri verilmişdi, ancaq həmin şəxslər 2005-ci ildə Azərbaycanın Rusiyaya birləşməsini və ölkəmizdə Sovet ənənələrinin bərpa olunmasını təklif etdilər. İndi Milli Məclisdə kommunistlər təmsil olunmasa da, onlardan dəfələrlə təhlükəli olan Araz Əlizadə kimi insanlar təmsil olunur. Ancaq bu adamlar Azərbaycanı öz Vətənləri hesab etmirlər. Bu cür insanlara sözüm odur ki, özünüzə hörmət etmirsiniz, heç olmasa yaşadığınız dövlətə və onun tarixi torpağına hörmət edin! Bu gün Azərbaycanın qardaş Türkiyə ilə münasibətlərinin yaxşı olmasını istəməyən qüvvələr arasında ermənilər və ruslarla yanaşı, onların bu cür tör-töküntüləri də var. Yəni, Araz Əlizadə, Hacı Əbdül rus və ermənilərin buradakı tör-töküntüsüdür, “5-ci kalon”dur, Azərbaycanın müstəqil dövlət olmasını istəməyən və düşmənə xidmət edən insanlardır”.

M.Zülfqarlı deyib ki, sözügedən şəxslər hər addımlarında bizim milli hisslərimizə qarşı olduqlarını göstərirlər, Azərbaycan gəncliyini ayrı istiqamətə yönəltməyə çalışırlar:

“Ancaq bütün bunlar Azərbaycana heç nə edə bilməz. Bu gün həm iqtidarda, həm də müxalifətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün çalışan, canını qurban verməyə hazır olan kifayət qədər insanlarımız var”.

Xatırladaq ki, Milli Məclisin deputatı Araz Əlizadənin Qafqaz İslam Ordusu ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bu məsələdə Araz Əlizadənin əleyhinə xeyli fikirlər səsləndirilsə də, onu dəstəkləyənlər də var. Araz Əlizadəyə dəstək verənlərdən biri də “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovdur.

Hacı Əbdül Əbdülov deyib ki, Araz Əlizadənin Nuru Paşa haqqında dediklərində həqiqət var:

“Babalarımız həmişə deyirdi ki, türklər gələndə bir qurban kəsdik, gedəndə ikisini. Yəni bu olan hadisədir, tarixdə də var. Mən razı olub olmamağımdan asılı olmayaraq bu tarixdir. Bu fikrə görə Arazı topun qabağına qoymaq olmaz axı. Tarix var, həqiqət var. İndi minlərlə insan desin ki, bu belə deyil, heç nə dəyişmir. Sadəcə bayaq dediyim kimi cahillər bilmədiklərindən hərəkət edirlər. Bilənlər də nəyinsə xatirinə susurlar. Özlərin elə göstərirlər ki, guya həqiqəti bilmirlər. Amma gözəl bilirlər”.

Dediklərinin hansı mənbədən qaynaqlandığına gəlincə, Hacı Əbdül qeyd edib ki, tarixdə bunların hamısı əksini tapıb.

“Hətta bizim böyüklərimiz danışırdı ki, həmin dövrlərdə evlərdə, qız-gəlinlərdə qızıl qalmadı, hamısını yığdılar. Yığdılar ki, Bakını azad etmək lazımdır”.






Fikirlər