Deputat yenə simasını göstərdi - cavab gecikmədi; tarixçi-alim: “Bunlar qul psixologiyası ilə yaşamış insanlardır...”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin modern.az saytına müsahibəsində dedikləri dərin hiddət doğurub. Türklərə qarşı nifrətini heç vaxt gizlədə bilməyən bu deputat əsl simasını növbıti dəfə ortaya qoyub.
Belə ki, partiya sədri həmkarı Yaqub Mahmudovun İrəvanın Azərbaycana qaytarılması ilə bağlı gündəmə gətirdiyi məsələyə münasibət bildirərkən bunun nəinki mümkünsüz olduğunu deyib, üstəlik, erməni bəlasının xalqımızın başına gəlməsində Osmanlı İmperatorluğunu suçlayıb. Onun müzakirə obyektinə çevrilən fikirləri bunlardır: “Ermənistan öz sərhədləri çərçivəsində BMT-yə üzv olub. Heç kim icazə verməz ki, biz İrəvanı geri alaq. Burada ayrı bir məsələ var. Biz bunu mütləq dərsliklərə salmalıyıq. Uşaqlarımız, gənclərimiz bilsinlər ki, ”erməni qara yarası"nı Azərbaycanın bədəninə Osmanlı İmperatorluğu salıb. Türkiyə isə Osmanlı İmperiyasının cinayətlərinə görə cavab vermək fikrində deyil. 1915-ci ildən sonra osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı İmperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər".
Araz Əlizadə Bakını xilas edən və Cümhuriyyətimizin mövcud olmasında böyük əməyi olan türk komandanı Nuru Paşanın da əleyhinə ifadələr işlədib. Jurnalistin hansı mənbəyə istinad etməsi ilə bağlı sualı qarşısında isə deputat özünü gülünc vəziyyətə qoyaraq, həmkarı Fazil Mustafanın adını çəkib: “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.
F.Mustafanın ona cavabı isə gecikməyib. Öz facebook səhifəsində paylaşdığı statusunda o, A.Əlizadənin üzr istədiyini bildirib: “Media quruluşlarından, ayrı-ayrı vətəndaşlardan zənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə ki, yoxdur və ola da bilməz. Çünki illərdir Nuru Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu, bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuru Paşanın adını çəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür. Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlış olaraq müsahibədə çəkdiyinə görə üzr istədi”.
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdiyi ildən bu günə qədər A.Əlizadə daim bu cür fikirləri, Rusiyameylli mövqeyi ilə tanınıb. O, Azərbaycanı, xüsusilə türkləri sevmədiyini büruzə verməkdən yayına bilməyib. Bir faktı xatırladaq ki, cənubda Əlikram Hümbətovun rəhbərliyi ilə “Talış Muğan Respublikası” yaradıldığı zaman Əlizadə separatçılıq meyllərini dəstəkləyən və buna fəal şəkildə dəstək verən, Hümbətovun yanında olan şəxslərdən biri olub. Təkcə bu fakt Araz Əlizadənin kimliyi barədə çox şey deməyə əsas verir.
Tarixçi-alim Dilavər Əzimli “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda bir qrup şəxsin Türkiyə ilə daim münasibətləri gərginləşdirməyə çalışdığını dedi: “Onlar özləri də bilmədən türklərə qarşı nifrət ruhunda böyüyüblər. Bu baxımdan onların çoxu qeyri-türklərdir. Onlardan bəziləri bu işdə xüsusilə aktivdirlər. Bunların içərisinə Araz Əlizadə də daxildir. Məqsədli şəkildə Türkiyə ilə dostluğumuza kölgə salmaq istəyirlər. Bu hərəkətləri dövlət maraqlarımıza qarşı çıxırlar. Heydər Əliyev və İlham Əliyev zamanlarında Azərbaycan-Türkiyə münasibətləri dövlət səviyyəsində inkişaf edib. Türkiyənin ən ağır zamanında prezident ora gedib. Son dövr bütün dünya Türkiyənin üzərinə düşüb, çünki qardaş ölkə güclənir. Rusiya onun ayağına getdi. Bu şəxslər elə bilirlər ki, Rusiya yenidən imperiya olacaq, bunlar da quyruqlarını bulayacaqlar. Deputat ölkənin təhlükəsizliyi və onun dövlətçiliyinə öz sədaqətini ortaya qoymalıdır. Ən yaxın müttəfiqimiz Türkiyədir, inkişafımız onlarla bərabər gedir.
Azmış kimi, Araz Əlizadə Nuru Paşa və Hacıyevə də iftira atır. Nuru Paşa türk dünyasının xilaskarlarından biridir. O, Azərbaycanın mərkəz olacağı Turan imperiyasını yaratmaq istəyirdi. Onun rəhbərliyi ilə Bakı xilas olundu. Əlizadəyə demək lazımdır ki, türklər 1500-dən çox şəhid veriblər bizim üçün. Təəssüf ki, bu şəxsin beynəlxalq siyasətdən başı çıxmır. Onun nə Atatürkdən, nə də Rəsulzadədən başı çıxır. Bu şəxslərə o, nifrət edir.
Heç kəs erməninin dövlət olmasına icazə vermirdi. Sadəcə zaman ayrı zaman idi. Siyasəti bir qədər dəyişmək lazım idi. Əgər bunlar olmasa, Türkiyə bu günə qədər gəlib çıxmazdı, o zamankı müstəqilliyimiz olmazdı. O dövrə çamur atmaq bir deputata yaraşmır. Ermənistanın yaranması Əlizadənin məhəbbətlə yanaşdığı Rusiyanın əli idi. Həmin dövrdə Türkiyənin başı daxili savaşlara qarışmışdı. Ondan tələb etmək lazımdır ki, dedikləri ilə bağlı sənədləri ortaya qoysun. Ayıb deyilmi Nuru paşaya bu qədər böhtan atırsan? Hansı sənədə baxmısan?
Nuru Paşanın qərargahı Maştağada idi. Bu dəqiqə Maştağa qəbiristanlığında naməlum türk qəbirlərinin sayı azdırmı? Kənd camaatı bu dəqiqə də o qəbirlərin üstünə gül dəstələri qoyur. Biri durur Osmanlı-Səfəvi münasibətlərindən danışır, səfəviləri aşağılayır. Bu birisi osmanlını aşağılayır. İmkanlarından yararlanmağa çalışırlar. Bu böhtanları atmaq insanlığa yaraşmır. Bu çıxış Azərbaycan prezidentinin bu istiqamətdə apardığı siyasətə qarşıdır. Anlamır ki, türkçülük ədalət, haqq deməkdir. Ola bilər ki, bu nifrət etnik zəmində də baş versin. Bunlar qul psixologiyası ilə yaşamış insanlardır. İntizarla gözləyirlər ki, nə zaman Putin gələcək xoşbəxt olacağıq. Rus siyasətini dərindən anlamırlar. İddia edə bilmərəm ki, kimsə harasa işləyir, amma deyə bilərəm ki, Rusiya burada yaxşı işləyir”.