Elşad Abdullayev ermənilərlə iş birliyi ittihamından DANIŞDI

 

Sabiq rektor: “Şaxramanova Susanna bəyan edib ki, Elşad Abdullayevlə biznesi yoxdur”

Beynəlxalq Universitetin sabiq rektoru, Fransada məskunlaşan Elşad Abdullayevin ermənilərlə iş birliyində olması ilə bağlı məlumatlar yayılıb. Moderator.az saytı bildirir ki, sabiq rektorun oğlu Elşən Abdullayevlə Bakıda doğulmuş, erməni əsilli Şaxramanova Susanna Şaqenova arasında imzalanmış bir neçə müqavilə sənədləri üzə çıxıb. Sənədlərdə qeyd olunur ki, 1987-ci il təvəllüdlü Abdullayev Elşən Elşad oğlu ona məxsus Moskva şəhəri, Lenin rayonunda yerləşən obyekti Şaxramanova Susanna Şaqenovaya arendaya verir.

Müqavilənin müddəti 10 aprel 2015-ci ildən 2017-ci ilin aprelinə qədər nəzərdə tutulub. Müqaviləyə əsasən 225,5 kvm olan obyektə görə qarşı tərəf ayda 50 000 rubl (təxminən 1500 manat) ödəyəcək.

Məlum ittihamlarla bağlı əməkdaşımız internet üzərindən E. Abdullayevlə əlaqə saxlayıb. Sabiq rektor mətbuatda onun haqqında yayılan ittihamlar bu cür aydınlıq gətirib: “Bizim ermənilərlə iş birliyində olmağımız haqqında məlumatlar həqiqətə uyğun deyil. Biz heç bir erməni ilə iş birliyində olmamışıq, mən özümə bəraət qazandıran insan deyiləm də. Bizim alnımız açıq, üzümüz də ağdır”.

E.Abdullayev yayılan sənədlərdə adı çəkilən erməni əslli Susanna Şaxramanova haqda bunları deyib: “Əvvəla, biz Bakıda doğulmuş Şaxramanova Susanna Şaqenova ilə işbirliyində olmamışıq, onu tanımıram da. Bu səbəbdən də mən Moskvada olan hüquqi nümayəndəmdən xahiş etdim ki, həmin şəxs haqqında mənə yazılı məlumat versin. O da mənə onun rus dilində əl yazması şəkilində bəyanatını göndərdi. Şaxramanova Susanna bəyan edib ki, Elşad Abdullayevlə biznesi yoxdur, məni tanımır, heç bir vaxt görməyib və Rusiya Federasiyasında heç bir biznes əlaqəsi yoxdur. Onu da bildirib ki, kommersiya məsələləri üzrə yeganə əlaqə saxladığı azərbaycanlı şəxs Fuad Rzayevdir”.

E.Abdullayev deyib ki, dezinformasiyanı yayan da elə saxta bank dələduzluğu ilə məşğul olan Fuad Rayevdir: “Burada deyirlər ki, adımı qoyum sənə qal yana-yana. Bəlli olan odur ki, onun başlıca məqsədi Moskva şəhərində millətlər arasında milli ədavəti qızışdırmaqdır. Lakin Fuad Rzayev yadından çıxarır ki, Moskva şəhərində xalqlar arasında milli ədavəti qızışdırmaq Rusiya qanunvericiliyinə görə ağır dövlət cinayəti hesab edilir”. E.Abdullayev deyib ki, o, millətçi deyil. “Ölkə xaricində ermənilərlə azərbaycanlıların dostluğuna, iş birliyinə baxışlarınız necədir”sualına sabiq rektor belə cavab verib: “Mən həm Parisdə, həm də Moskva şəhərlərində azərbaycanlılar ilə ermənilərin dostluq şəraitində yaşadıqlarının, birgə işlədiklərinin şahidiyəm. Fransa hökumətinin etnik siyasəti olduqca ciddidir, ölkə daxilində kiçik etnik problem yaradan şəxs məhkəmə məsuliyyətinə cəlb edilir”.






Fikirlər