“Məleykə Abbaszadə Tarif Şurasının diktəsi ilə işləyir” iddiasına CAVAB GƏLDİ

Xanlar Xanlarzadə: “Tarif Şurası göstərilən xidmətlərin, yəni imtahanların tariflərini təsdiqləyib”

Artıq məlumdur ki, Dövlət İmtahan Mərkəzi (DİM) public bir qurum olub. Buna görə də bir çoxlarının narazılığına səbəb olsa da, imtahanlara giriş pullu elan edilib. Belə ki, Tarif (qiymət) Şurası 2017-ci ilin 6 mart tarixində DİM tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxaraq, 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq qiymətləri 10-100 manat arasında müəyyənləşdirib.

Gələn il isə DİM-in rəsmi saytındakı hansısa məlumatı yükləmək də pullu olacaq. Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bir ildən sonra DİM-in saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olacaq. Onun sözlərinə görə, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: “Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”.

Məsələ ilə bağlı yeniçağ.az-a münasibət bildirən təhsil üzrə ekspert Nabatəli Pələngov isə Məleykə Abbaszadənin öz fikri ilə yox, Tarif Şurasının diktəsi ilə işlədiyini iddia edib. O, bu məsələlərin Məleykə Abbaszadədən asılı olmadığını, bunu əvvəlcədən Tarif Şurasının müəyyən etdiyini deyib. Ekspertin iddiasına görə, DİM rəhbəri Tarif Şurasının diktəsi ilə işləyir və bu göstərişlər yuxarıdan gəldiyi üçün o da yerinə yetirməyə məcbur olur.

Təhsil ekspertinin iddialarına cavab verən DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, DİM publik şəxs olduğu üçün artıq bütün xidmətlər pullu olacaq: “Əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mərkəzi icra hakimiyyəti orqanı idi. Daha sonra ölkə prezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv olundu və aprelin 11-də Dövlət İmtahan Mərkəzi yaradıldı. Bu qurum publik hüquqi şəxsdir. Dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi üçün hansısa vəsait nəzərdə tutulmayıb. Yəni mərkəzi icra hakimiyyəti orqanı kimi TDQK dövlət büdcəsindən maliyyələşirdi və keçirilən bütün imtahanlar, ümumiyyətlə, TDQK-nın fəaliyyəti həmin büdcədən ayrılmış vəsait hesabına təmin olunurdu. Ancaq indi biz publik hüquqi şəxsik. Dövlət büdcəsinə baxsanız görərsiniz ki, bizim üçün hansısa vəsait nəzərdə tutulmayıb. Ona görə də mərkəzin göstərdiyi xidmətlər artıq pulludur. Həmin Tarif Şurası da göstərilən xidmətlərin, yəni imtahanların tariflərini təsdiq edib ki, filan tariflərlə ali təhsil müəssisələrinə qəbul imtahanı 40 manatdır, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanı 20 manatdır. Yəni bunu Tarif Şurası təsdiq edib. O şuranın təsdiq etdiyi qiymətlərə uyğun olaraq hər bir abituriyent ödəniş edir. Ancaq prezidentin sərəncamına əsasən kim ki, imtahanda birinci dəfə iştirak edir, həmin şəxslərim imtahanda iştirak haqqı dövlət büdcəsinin vəsaiti əsasında həyata keçiriləcək. Əvvəl mərkəzi icra hakimiyyəti orqanı idik deyə, dövlət büdcəsindən maliyyələşirdik, indi publik hüquqi şəxs olduğumuz üçün DİM-in fəaliyyəti təmin olunur. Çox zaman bildirilir ki, təhsil əlçatan olmalıdır, imtahanların pullu olması bunun qarşısını alır. Ancaq bu, doğru deyil. Çünki ölkə prezidentinin sərəncamı var. Həmin sərəncama da əsasən cari ilin məzunları, yəni bu il və ötən illərdə bitirib imtahanda heç iştirak etməyənlərə ölkə prezidentinin sərəncamı, yəni imtahana girişin ödənişsiz olması aiddir”.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, müəyyənləşdirilmiş bu vəsaitlər heç kimi qıcıqlandırmamalıdır: “Dövlət İmtahan Mərkəzi publik şəxs kimi yaranıb. Yəni bu qurum vəsaitini özü formalaşdırmalıdır. Bu qurum üçün artıq dövlət tərəfindən maliyyələşmə prosesi yoxdur. Ona görə də o, özü üçün maliyyə imkanları axtarmalıdır. Bir şagirdin 10-11-ci siniflərdə dərslərə getməmək üçün xərclənən vəsaiti, repetitorlara xərclədiyi vəsaiti heç kim dilə gətirmir. Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi imtahanlarda iştirak və yaxud da sayta giriş üçün çox kiçik vəsaiti hamı ajiotaja çevirib. Bunun nəşrləri, test kitabçaları çap olunmalıdır. 9-11-ci siniflərdə buraxılış imtahanlarının keçirilməsi, monitorinqlər, qurumun saxlanılması, əmək haqları böyük xərclər aparır. Hesab edirəm ki, müəyyənləşdirilmiş bu vəsait cəmiyyəti çox qıcıqlandırmamalıdır. Axı bu qurum cəmiyyətin rəğbətini qazanmış bir qurumdur. Burada insanlar həmişə şəffaflıq, obyektivlik görüblər. Mən elə bilirdim ki, Dövlət İmtahan Mərkəzinin özünü qoruması, saxlaması üçün könüllü olaraq kimlərsə ortaya çıxacaq və maliyyə vəsaiti məsələsində kömək edəcək. Bu qurum öz intellektual mülkiyyəti ilə yanaşı, zəhmətinin dəyərini müəyyənləşdirməlidir. Bu bütün dünyada belədir. Ona görə də hesab edirəm Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi vəsaitlər şagirdin imtahana qədərki vəsaitlərindən yüz dəfələrlə kiçikdir. Ona görə də bu şəkildə qıcıqlanmağa dəyməz”.






Fikirlər