“Məni siyasi müstəviyə çəkirlər” – Məleykə ABBASZADƏ
Bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olacaq. APA-nın verdiyi məlumata görə, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: “Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”. Direktorlar Şurasının sədri elmi və ya hüquqi müstəvidə gedən müzakirələrə hər zaman açıq olduqlarını, lakin müzakirələr siyasi müstəviyə keçiriləndə ona qatılmadıqlarını vurğulayıb: “2014-cu ildə monitorinq imtahanlarına aid olan elmi-statistik təhlil ictimaiyyətə təqdim edildi. Ondan sonra gözləyirdim ki, hansısa elmi müzakirələr aparılacaq. Çox təəssüflər olsun ki, təqdim etdiyimiz elmi-metodiki işin nəticələri elmi müzakirələrə yox, hansısa ayrı müstəviyə keçib, siyasi bir müzakirələrə çevrildi. Bunun günahkarı biz deyilik. Yalnız mütəxəssislərlə elmi müstəvidə müzakirələr aparmağın tərəfdarıyıq. Biz siyasi müstəvidə gedən müzakirələrə qoşulmuruq. Elmi müstəvidə müzakirə təqdim edirəm, amma təəssüf ki, məni siyasi müstəviyə çəkirlər. Biz elmi araşdırmalarımızı aparıb, ictimaiyyətə təqdim edirik. İctimaiyyət bunu necə qiymətləndirir, bu, artıq ayrı məsələdir”.