24.09.2014 - Afrikadan gəlmə virus Azərbaycanda - (Video)

24.09.2014 - Afrikadan gəlmə virus Azərbaycanda - (Video)Aran rayonlarında iribuynuzlu mal-qara arasında təqribən iki ay əvvəl özünü büruzə verən xəstəlik davam etməkdədir.
“Nodulyar dermatit” virusu adlandırılan Afrika mənşəli xəstəliyin əsas əlamətlərindən biri heyvanın dərisində şişlərin əmələ gəlməsidir. İri maldarlıq rayonlarından olan Bərdədə xəstəlik əsasən Kürqırağı kəndlərdə müşahidə olunur. Xəstəlyin geniş yayıldığı kəndlərdən biri də Bərdənin Nazırlı kəndidir.
“Heyvanı ötürürük örüşə, gələndən sonra baxırıq ki, heyvan bikefdir, axsayır. O saat bilirik ki, xəstələnib. Ağzından su axır. Gəlib baxırsan ki, qızdırması var və ya ayağı şişib. Bir aya təmiz əldən düşür” – deyə kənd sakini Lamizər Sahibova qeyd edib.
Fermerlər deyir ki, rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb. Ancaq heyvan sahiblərinə baytarlar tərəfindən xəstəliyin birbaşa müalicəsinin olmadığı deyilir.
"Heyvanlar nə su içir, nə də ot yeyir. Biz əlimizdən gələn köməyi edirik, amma olmur. Rayondan baytarlar gəlmişdilər, onların dediyinə görə, bu xəstəliyin vaksini yoxdur" – deyə fermer Talıb Sahibov vurğulayıb.
İribuynuzlu heyvanlar arasında yayılmış xəstəlik alıcılarda da inamsızlıq yaradıb. Bu da mal-qaranın qiymətində ucuzlaşmaya səbəb olub. Belə ki, bazarda iki ay öncə 800 manata satılan iribuynuzlu heyvanın qiyməti hazırda 700 manata qədər düşüb.
Yerli baytarlıq idarəsindən bildiriblər ki, xəstəlik rayonun kəndlərinin 20 faizində qeydə alınıb. Virus əsasən gənə, ağcaqanad və digər qansoran həşaratlar vasitəsilə yayılır.
Bərdə Rayon Baytarlıq İdarəsində də təsdiq ediblər ki, hazırda xəstəliyin birbaşa müalicəsi yoxdur. Buna baxmayaraq baytarlar tərəfindən köməkçi müalicələr aparılır ki, bu da virusun geniş əraziyə yayılmasının qarşısını alır. İdarədən onu da bildiriblər ki, “Nodulyar dermatit” virusuna yoluxan iribuynuzlu heyvanlarda tələf olma halları o zaman qeydə alınır ki, bu virusla yoluxan heyvanda paralel olaraq başqa xəstəlik də mövcud olur.
Bərdə Baytarlıq İdarəsinin rəisi Yavər Mirzəyevin sözlərinə görə, Qurban bayramı ərəfəsində xəstəliklə əlaqədar bazarlara aparılan iribuynuzlu heyvanlara ciddi nəzarət olunur.
Yavər Mirzəyev qeyd edib ki, Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcəklər: “Həkimlərimiz bazara nəzarət edəcək, ora xəstə və şübhəli heyvanlar buraxılmayacaq. O cümlədən rayonun xəstəlik qeydə alınan kəndlərində heyvanların bazara çıxışına qadağa qoyulacaq. Bununla bələdiyyələr, icra nümayəndələri və bizim baytarlar məşğul olacaq”.
Baytarlar deyir ki, xəstəliyin insana keçmə təhlükəsi olmasa da virusa yoluxan heyvanın ətinin yeyilməsi məsləhət deyil.

Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, “Nodulyar dermatit” virusu respublikasının 24 rayonunda, 2500-ə qədər iribuynuzlu mal-qarada aşkarlanıb. Bunlardan 2145-i artıq sağalıb, hazırda 245 baş iribuynuzlu mal-qaranın müalicəsi davam etdirilir. Xəstəliyin yayıldığı dövrdən bu günə qədər isə 30 baş iribuynuzlu mal-qara tələf olub.







Fikirlər