"Yeganə yolumuz müharibədir və bu labüddür"
"Azərbaycan ki, Rusiya və ya Qərbin bizə nəysə verəcəyini gözləməməlidir".
Bunu Sherg.az-a millət vəkili Araz Əlizadə deyib. Onun sözlərinə görə Sovet hakimiyyəti qurulduqda "yaşasın, Bakıdan gəlmiş Şura hökuməti” şüarları səsləndirilirdi:
"Əslində Şura hökuməti Bakıdan deyil, Şimaldan gəlmişdi. Biz heç kimdən heç nə gözləməməliyik. Ələ baxımlılıq psixologiyasından qurtarmalıyıq. Bilməliyik ki, Azərbaycanın cəmi bir dostu var: Azərbaycan xalqı və ordusu. Biz gözləməməliyik ki, Qarabağı kimsə azad edəcək. İşğal altındakı torpaqlarımızı Azərbaycan ordusundan, Azərbaycan xalqından başqa heç kəs azad etməyəcək.
Ola bilsin ki, mənim savadım azdır. Amma tarixdə bir misal göstərsinlər ki, müharibə yolu ilə işğal edilən hansısa torpaq sülh yolu ilə qaytarılıb? Mən rast gəlməmişəm. Ona görə də müharibə labüddür. Dağlıq Qarabağın işğaldan azad olunmasının yeganə yolu müharibədir. Bunun üçün çalışmalıyıq, cəmiyyətimiz elə olsun ki, həris oğruların başını bağlayaq, tamahları onlara güc gəlməsin. Bundan sonra müharibə edə bilərik”.
Hər kəsin müharibəyə hazır olduğunu deyən deputat bildirib ki, xalqın mütəşəkkil olub, eyni hədəfə vurması lazımdır:
"Bu da olacaq. Müharibədən söz düşdükdə "5-ci kolon” xalqı qorxutmağa çalışır. Deyirlər guya vəziyyətimiz Gürcüstandan pis olacaq. Heç nə olmayacaq. Gürcüstanla Azərbaycanın problemi bir-birinə oxşar deyil. Gürcüstanda əgər sülhməramlı qüvvələr olmasa idi, özü məsələni həll edə bilərdi. Sülhməramlı qüvvələri çağırandan sonra orda hərbi əməliyyat sülhməramlı qüvvələrə daxil olan ölkələrə qarşı təcavüz sayılır. Rus ordusunu özləri Gürcüstana çağırmışdılar. Ona görə də orada hərbi əməliyyatlar başlayanda bu, Rusiyaya qarşı təcavüz kimi qəbul olundu. Biz ancaq özümüzə ümid olub, müharibə yolu ilə torpaqlarımızı azad etməliyik”.