Başçı oğlunun adını avtoqəzadan necə çıxarır?

Başçı oğlunun adını avtoqəzadan necə çıxarır?Asif Əsgərovun oğlunu təcili Türkiyəyə göndərməsinin səbəbləri...
Ötən ayın sonunda növbəti dəfə məmur övladının idarə etdiyi avtomobil, günahsız insanların vəfat etməsinə, digərlərinin isə yaralanmasına səbəb oldu.
Söhbət Səbayel rayonunun icra başçısı, “suda batmaz, odda yanmaz” ləqəbi ilə tanınan Asif Əsgərovun oğlu İlham Əsgərlinin törətdiyi avtoqəzadan gedir.


Məlumata görə sentyabrın 27-də saat 18 radələrində Bakının Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Qəhrəmanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes S Class” markalı avtomobillərin toqquşması nəticəsində 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişdi. O da bilirildi ki, vəfat edən gənc “Mersedes”də olub və onlar Paintball oyunundan evə gedirmiş. Qeyd edək ki, Sənan Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur. Eyni zamanda mərhum, Bakının keçmiş baş memarı Elbəy Qasımzadənin nəvəsidir.

Hadisə ilə bağlı Analitik.az-a daxil olan məlumata görə Asif Əsgərovun oğlu İlham Əsgərli məlum avtoqəza baş verən zaman maşını “Redbul”un təsiri ilə saatda 180-200 kilometr sürətlə idarə edib. Əslində evdən çıxanda maşını Asif Əsgərovun ailə sürürücü idarə edirmiş, İlham təkidlə sükan arxasına keçib, sürücü isə arxa oturacaqda əyləşib. 16 yaşlı İ.Əsgərli döngədə qarşısına yük avtomobili çıxan zaman sürəti azalda bilmədiyindən “Mersedes” “Hovo”ya çırpılıb. Məlum olduğu kimi, Sənan Mirzəyev ağır xəsarət alaraq hadisə yerində dünyasını dəyişib, İlham Əsgərlini isə salonun “poduşka”ları xilas edib. Və icra başçısının oğlu ağır qəzadan yüngül xəsarətlə qurtulub. Hazırda 16 yaşlı oğlu bu qəzanın qurbanı olan Maqsud Mirzəyev, hadisənin günahkarı kimi Səbayel rayonunun icra başçısı Asif Əsgərovun oğlunu təqsirləndirir. Oğlunu itirən ata istintaqın nəticəsini gözləyir. Atası, övladının həyatına son qoyan bu qəza ilə bağlı artıq hüquqi addımlar da atmağa başlayıb. Baxmayaraq ki, icra başçısı və ətrafı müxtəlif vasitələrlə, xahiş-minnətlə Maqsud Mirzəyevi bu fikirdən döndərməyə cəhd edirlər. Sənan Mirzəyevin atasının bu məsələ ilə bağlı hətta, dövlət başçısına müraciət etməyə hazırlaşdığı bildirilir. Çünki o da Asif Əsgərovun oğlunun maşını idarə etməsi haqqında məlumatlıdır...

Məhz məsələnin ört-basdır ediməsinə sonadək nail ola bilməyəcəyindən çəkinən icra başçısı, bir neçə gün əvvəl ağır xəsarəti olmayan oğlunu müalicə adı altında təcili ölkədən çıxararaq Türkiyəyə yola salıb.

Burada məsələnin qaranlıq qalan digər məqamı Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatdan Səbayel rayon icra başçısının oğlu İlham Əsgərlinin adının çıxarılması, “Mersedes”in sürücüsünün Pərvin Fətullayev olduğunu bildirməsidir. Analitik.az-a daxil olan məlumata görə, icra başçısı prezidentin qəzəbinə gələcəyindən qorxduğundan öz əlaqələri vasitəsilə oğlunun adının qəza törədən avtomobilin sürücüsü kimi yayılmasının qarşısını almağa nail olub. Hadisə baş verən günlərdə bəzi mətbuat orqanları da bu barədə yazaraq bildirmişdi ki, DİN-in məlumatında hansısa səbəbdən icra başçısının oğlunun adı sürücü kimi xəbərə daxil edilməyib. Göründüyü kimi, böyük məharətlə Asif Əsgərovun oğlunun adı və izi, günahsız bir gəncin ölümünə səbəb olan cinayət hadisəsindən kənarlaşdırılır.

Məsələ ilə bağlı Xəzər rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokuror müavini Emin Məmmədov Analitik.az-a bildirdi ki, hadisə ilə bağlı iş materialları onlara daxil olmayıb. E.Məmmədov işin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində olduğunu və bu qurumla əlaqə saxlamağımızı tövsiyə etdi. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsində isə zənglərimizə cavab verən olmadı. Gün ərzində şöbə rəisi Məmmədağa Əhmədov xidməti telefonuna cavab vermədi. Daxili İşlər Nazilriyindən suallarımıza cavab tapmaq istəyəndə bu cəhdimiz də nəticəsiz qaldı. Odur ki, məsələni diqqətdə saxlayaraq, araşdırmanı davam etdirəcəyik.

Qayıdaq Asif Əsgərovun “odda yanmaz, suda batmaz”lığına... Sirr deyil ki, ölkə prezidenti İlham Əliyev qudurğan məmur övladlarının qanuna zidd əməlləri, törətdikləri cinayət hadisələrinə qarşı həmişə kəskin və barışmaz mövqe nümayiş etdirib. Belə ki, həmin məmurlara və oğlanlarına hamı kimi qanun qarşısında eyni cavabdehlik daşıdıqlarını müvafiq addımları ilə dəfələrlə xatırladıb. Amma bəziləri bundan nəticə çıxarmaq əvəzinə, əksinə, törədilən qanlı cinayətləri ört-basdır etməyə, hətta özlərini zərərçəkən kimi təsdiqlətmək üçün var qüvvəsi ilə çalışmağa üstünlük verirlər. Burda isə məqsəd birdir: Prezidentin qəzəbinə tuş gəlməmək, daha çox vəzifədə qalmaq və bundan sonra da indiyədək gördükləri “işləri” davam etdirmək...

Bildirildiyinə görə, Asif Əsgərov belə qanlı məsələləri ört-basdır etməkdə kifayət qədər təcrübəyə malik məmurdur. Bir qədər əvvəl, daha doğrusu, bu ilin may ayında qudası və müavini olan Yavər Allahverdiyevin 10-AS-509 dövlət nömrə nişanlı «Hyundai» markalı avtomobili ilə Salyan şossesində yüksək sürətlə hərəkət edərək ağır yol-nəqliyyat hadisəsi törətməsinə dair məlumat yayıldı. Qəza nəticəsində piyadalardan Misir Şirinov hadisə yerində dünyasını dəyişib, digər iki nəfər isə şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan Zəfər Xəlilov da xəstəxanada dünyasını dəyişib. İki nəfərin faciəli surətdə ölməsinə səbəb olan hadisəyə görə nədənsə Yavər Allahverdiyev yox, onun sürücüsü Sabir Hacıkərimov saxlanılıb. Bu barədə mətbuat yazıb bildirmişdi ki, məsələyə Asif Əsgərov qarışandan sonra müavini və qohumu cinayət məsuliyyətindən kənarda qalıb. Halbuki hadisə şahidləri və yaralanan şəxslərdən biri israrla qəza baş verərkən sükan arxasında Yavər Allahverdiyevin özünün olduğunu bildirmişdilər.

Mətbuatın yazdığına görə, «Səbayelin icra başçısının himayəsi olmasaydı, müavini çoxdan həbs edilmişdi. Hadisə şahidləri qəzanın məhz icra hakiminin müavini tərəfindən törədildiyini bildiriblər. Rayon rəhbəri isə aidiyyəti hüquq-mühafizə orqanlarındakı dayaqlarını məsələyə cəlb edərək, müavininin məsuliyyətdən yayınmasına nail olub. Beləcə, iki nəfərin ölümü, bir nəfərin isə ağır yaralanmasında adı hallanan məmur, həbs təhlükəsindən qurtulmağı bacarıb. Asif Əsgərovun işə müdaxilə etməsindən sonra kirvəsinin başı üzərində dolaşan «qara bulud»lar çəkildi». O da bildirilir ki, hadisənin mətbuatın gündəmindən çıxmasında da icra başçısının «xidmət»ləri olub. Səbayelin rəhbəri bəzi mətbuat orqanlarını nəyinsə müqabilində ələ almağı bacarıb. Onun xahişindən sonra hadisəni manşet edən qəzet və saytlar bir andaca məsələni gündəmdən çıxardılar. Bununla da Yavər Allahverdiyevin törətdiyi ağır cinayət unuduldu. İki nəfəri öldürüb, birini ağır yaralayan icra başçısının müavininin cəzasız qalması qanunların fiaskoya uğraması deməkdir”

Tanış ssenaridir, deyilmi? 16 yaşlı Sənan Mirzəyevin faciəli şəkildə vəfat etdiyi hadisədə də adıkeçən sürücünün əvvəl Asif Əsgərovun oğlu olduğu bildirildi, sonradan isə müəmmalı şəkildə Pərvin Fətullayev adı ortaya çıxdı. Bu minvalla Səbayelin icra başçısının qanlı avtoqəzalara görə əsl günahkarları cəzadan yayındırması görəsən nə vaxtadək davam edəcək?.. Belə olan halda inanmaq olmur ki, yaxınlarının hərəkətlərinə göz yuman bir icra başçısı, qanunlara riayət edib, dövlətə və bu millətə normal xidmət göstərsin...
Araşdırmalarımız davam edir.






Fikirlər