“MCDonalds” rəhbəri icra başçısının oğlunun həbsini istəyir

“MCDonalds” rəhbəri icra başçısının oğlunun həbsini istəyir  Sentyabrın 29-da Bakıda icra başçısının oğlunun törətdiyi qəza onun həbsi ilə nəticələnə bilər.

Məlumata görə, Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev arasında narazılıq yaranıb.
O da bildirilir ki, iş adamı oğlunun ölümünə səbəb olan bu qəzada icra başçısının övladı İlham Əsgərovu günahlandırıb.

Mənbənin qeydlərinə görə, iş adamı istintaqın gedişini gözləyir. M.Mirzəyev övladının həyatına son qoyan bu qəza ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır. Sadəcə, istintaqdan narazı qalarsa, bu halda yuxarı instansiyalara müraciət etməyi planlaşdırır.

Qaynağımız iddia edir ki, hazırda faktla bağlı araşdırma gedir. A.Əsgərovun oğlu isə hadisə nəticəsində möhkəm xəsarət aldığına görə Türkiyədə müalicə olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir. Müalicə yekunlaşdıqdan sonra istintaq Səbail rəhbərinin oğlu barəsində nəticəyə gələcək.

Mənbə bildirir ki, icra başçısının bundan əvvəl də müavini bir nəfərin ölümünə səbəb olan qəza törədib. Ardınca oğlunun qəza törətməsi A.Əsgərovun karyerasına ciddi zərbədir.

Xatırladaq ki, başçının oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib.

Görünür, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədr müavini Mübariz Mədətovun və onun oğlunun aqibəti hələ çoxlarına dərs olmayıb.
Yadınızdadırsa, bu il martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov "Mercedes-Benz Gelandewagen-55" markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpıldı. Nəticədə "VAZ-2106"-da olan sərnişinlər - xalq artistinin həyat yoldaşı Brilyant Abdullayeva və nəvəsi Ağasəlim Abdullayev hadisə yerində dünyasını dəyişdi. Fakta görə, Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən onun cinayət işinə Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsi də tövsiyə olunub. Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Lakin görünür, miqyaslar başqadır. Belə ki, Səbail Rayon İcra Hakimiyyətinin rəsmilərinin adları neçənci dəfədir belə qəzalarda hallandırılır. Amma təəssüf ki, onların hələ heç biri Mübariz Mədətovun aqibətini yaşamayıb.

P.S. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 22 iyul Mətbuat Günündə bir sıra jurnalistləri toplayaraq, onları təbrik etmişdi. Dünən müşahidə apardıqda məlum oldu ki, hədiyyələrini alan saytların bəziləri bu xəbəri eşitsələr də, özlərini eşitməzliyə vurublar. Təəssüf...






Fikirlər