Göyçayın icra başçısının göz yumduğu korrupsiya...
Göyçaydakı mənbələrimizdən aşağıdakı məzmunlu şikayət məktubu daxil olub:
"“Göyçay Avtonəqliyyat” ASC-də baş verən qanun pozuntuları və səhmdarların hüquqlarının aşkar pozulması barədə dəfələrlə mətbuatda məlumat verilib. Bu müəssisə hələ 1998-ci ildə ASC-ə çeviriləndə düşünülürdü ki, bundan sonra rayonun ictimai nəqliyyatı daha da yaxşılaşacaq və kəndlərə hərəkət edən avtobuslar yeniləri ilə əvəzlənəcək. Amma belə olmadı. Müəssisə ASC-yə çevriləndə balansında 400-dən artıq nəqliyyat vasitəsi və xeyli miqdarda ehtiyat hissələri var idi. Hazırda həmin nəqliyyat vasitələrindən və ehtiyat hissələrindən demək olar ki, əsər-əlamət qalmayıb. Necə deyərlər, sən saydığını say, gör “Göyçay Avtonəqliyyat” ASC-nin sədri Arif Əliyev nə sayır...
Cəmiyyətin əmlakının talan edilməsi azmış kimi, sədr A. Əliyev səhmdarların da hüquqlarını kobud şəkildə pozur, əldə edilən gəlirlərdən bir manat da olsun rayonun ictimai nəqliyyatının yaxşılaşması üçün xərcləmir. Rayon əhalisi buranı “avtobazadan” daha çox bazar kimi tanıyır. Səhmdarlar bildirirlər ki, “Göyçay Avtonəqliyyat” ASC külli miqdarda kredit götürüb.
Götürülən kreditlə sədr A.Əliyev yeni avtobuslar almaq, rayonun ictimai nəqliyyatını qaydaya salmaq əvəzinə səhmdarların hüquqlarını pozaraq bazar tikintisini genişləndirməklə məşğuldur. Verilən məlumata görə səhmdar cəmiyyətin sədri A.Əliyev yaxın qohumlarının adına “ABA-N” MMC yaratmış və səhmdarların əksəriyyətindən xəbərsiz səhmdar cəmiyyətin bir hissəsini həmin şirkətə verərək orada “Bazar Ticarət Mərkəzi” açmaqla məşğuldur. “ABA-N”-a verilən ərazidə və avtobazanın digər ərazisində səhmdarlara məxsus tikililər A.Əliyev tərəfindən sökülür və talan edilir. Antisanitariyanın baş alıb getdiyi bazarda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan satıcılardan 150-200 manat yığılaraq hər satış yerinin üstü örtülür və bu tikintinin guya bazar rəhbəri A. Əliyevin vəsaiti hesabına həyata keçirildiyi deyilərək səhmdarlar aldadılır. Səhmdarlar deyirlər ki, avtobazanın “ABA-N” MMC-yə icarəyə verilmiş ərazisində səhmdarlara məxsus tikililər söküləcək və yerində cərgəylə yeni mağazalar tikiləcək. Həmin mağazaların indidən hər birinə 15-20 min manat vətəndaşlardan alınaraq gələcəkdə onlara veriləcəyi vəd edilərək bir qrup insan indidən aldadılır. Biz göyçaylıları A. Əliyev kimilərin toruna düşüb, sonradan üzücü məhkəmə çəkişmələrində yollarda qalmamağa, ayıq-sayıq olmağa səsləyirik.
Səhmdar cəmiyyətin rəhbərliyi bu çirkin niyyətini həyata keçirmək üçün gələcəkdə avtobazanın yerində açacağı “Bazar Ticarət Mərkəzinin” daha bir qapısını şəhərin baş yollarından olan Nizami küçəsindən açmaqla həm avtomabillərin sərbəst hərəkətinə ciddi maneə yaradır, həm də rayonun infrastrukturuna və görkəminə xələl gətirir. Bu gün biz göyçaylıları bir məsələ narahat edir; bir halda ki, “Göyçay Avtonəqliyyat” ASC rayonun ictimai nəqliyyat problemini yox, özünə sərf edən bazar problemini həll edirsə onda adı dəyişilib elə Bazar Ticarət Mərkəzi qoyulsun ki, birdəfəlik bilək ki, rayonun ictimai nəqliyyatını qaydaya salacaq bir təşkilat yoxdur.
Nə qədər təəccüblü olsa da “Göyçay Avtonəqliyyat” ASC-in sədri Arif Əliyevin 125 nəfər səhmdarın əksəriyyətinə qarşı etdiyi bu qanunsuzluqlar və özbaşınalıqlar və illər uzunu həllini gözləyən rayonun ictimai nəqliyyat problemi rayon rəhbərliyinin gözü qarşısında baş verir və ona bu hərəkətlərinə görə heç kəs bir söz demir..."