Bakıda ikinci bulvar salınır - FOTO

Bakıda ikinci bulvar salınır - FOTOBöyükşor gölü nümunəvi istirahət yerinə çevrilir

Bakıda və ətraf qəsəbələrdə müxtəlif tipli tullantılarla çirklənmiş göllərin taleyinin necə olması bu yaxınlaracan ən çox narahatlıq yaradan məsələlərdən idi.
Yeri gəlmişkən qeyd edək ki, həmin göllərin ekoloji baxımdan təhlükəliliyi və bugünkü Bakıya yaraşmayan bir mənzərə yaratması ölkə başçısının irad və tapşırıqlarından sonra gündəmə gəldi. Bu günsə Abşeron yarımadasında olan 9 belə göldən ən böyüyü və daha mürəkkəb çirklənməyə məruz qalan Böyükşor gölünün bərpasının ilkin mərhələsi başa çatmaq üzrədir.

Göldəki təmizləmə və yenidənqurma işlərinə Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” fərmandan sonra başlanıb. Eyni zamanda Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının Bakının çirkli su hövzələrinin təmiz göllərə çevrilməsi haqqında səsləndirdiyi fikirlər və bu barədə verdiyi tapşırıqlar Böyükşor gölünün saflaşdırılması istiqamətində görülən işləri sürətləndirdi.

Çirklənmənin qarşısı sürətlə alınır

Hələ sovet dövründə Böyükşora sənaye, məişət tullantıları və çirkli lay suları, neft qalıqları axıdılıb. Gölün neftlə çirklənmiş əsas hissəsi Balaxanı qəsəbəsi tərəfidir. Bura İkinci Dünya müharibəsi zamanı xam neft üçün açıq anbar ərazisi kimi istifadə edildiyindən son dərəcə acınacaqlı vəziyyətdə idi. Ümumiyyətlə, təxminən 11 kvadratkilometr ərazini əhatə edən bu göl ekspertlərin qiymətləndirməsinə görə, vaxtilə dünyada ən çox çirklənmiş göllər sırasına daxil edilmişdi. Bu da, təbii ki, paytaxtın ekologiyasını zəhərləməklə yanaşı, həm də ciddi xəstəlik mənbəyi idi.

Böyükşorda görülən işlərlə yaxından tanış olmaq üçün əraziyə yollandıq. Gördüyümüz ilk mənzərə qısa vaxtda burada xeyli dəyişiklik olmasından xəbər verir. Uzun illər hər tərəfə çirk saçan, ürək bulandıran tullantı yığınından əsər-əlamət yoxdur. Layihə hələ bitməsə də, ilkin təmizlik və bərpa işlərinin çox hissəsi görülmüşdür. Hətta ətraf mühitə həssas olan, yalnız təmiz ərazilər və şəffaf su hövzələrində rast gəlinən köçəri quşlar da burada “lövbər” salmağa başlamışdır. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, sonuncu dəfə belə təbiət hadisənin burada nə vaxt baş verdiyini xatırlamırlar.

İlk olaraq ərazidə neft və kanalizasiya axıntılarının qarşısının alınması prosesi ilə maraqlandıq. Öyrəndik ki, layihənin icrasına başlamazdan əvvəl gölə axıdılan 76 kanalizasiya mənbəyinin sayı 44-ə qədər azaldılıb və digər çirklənmə mənbələrinin qarşısı alınıb. Cənub sahili boyunca çirkli suların qarşısının alınması üçün məişət kanalizasiya xətti çəkilib. Eyni zamanda qədim Balaxanı neft yataqlarından gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bənd Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca salınıb. Gələcəkdə həmin ərazinin və gölün şimal sahilinin neftlə çirklənmiş torpaqlardan təmizlənməsi nəzərdə tutulur. Bulvar tərəfdən gölə yönəlmiş axıntıların qarşısını almaq üçün isə stadion tərəfdə təcridedici metal lövhələr quraşdırılıb. Bu hissədə drenaj xətti çəkilməklə yanaşı, yerə beton və çınqıl svaylar vurulub. Layihənin birinci mərhələsini əhatə edən gölün bu hissəsində də işlər yekunlaşma mərhələsindədir.

Hollandiyadan gətirilən müasir avadanlıqlar köməyə gəlir

Uzun illər gölə axıdılan və artıq onun dibinə çökərək qalın təbəqə əmələ gətirən tullantıların təmizlənməsi üçün Hollandiyadan xüsusi avadanlıq gətirilib. Bu avadanlıq dayaz sularda işləyə bildiyindən gölün dibi onunla təmizlənir. Ümumilikdə 2,8 milyon kubmetrədək hesablanan dib çöküntülərinin 1 milyon kubmetri indiyədək qazılaraq çıxarılıb. Qurğunun gölün dibindən çıxardığı çöküntülər nasos vasitəsilə 4,5 kilometr aralıdakı 3 anbara vurulur. Bu çöküntülər ətraf mühitə və insan sağlamlığına ziyan vurmadan zərərsizləşdirilir.

Təmizləndikdən sonra gölün əsas su mənbəyi qurunt suları və yağış olacaq. Həmçinin kanalizasiya sularının bir hissəsi gölə axıdılacaq, lakin təmizləndikdən sonra. Onu da bildirək ki, gölün su tərkibinin və dibinin təmizlənməsində adıçəkilən ölkənin “Witteven+Bos” şirkəti nəzarət işlərini həyata keçirir. Su hövzələrinin təmizlənməsi və bərpası üzrə dünyanın ən təcrübəli məsləhətçi şirkətlərindən sayılan bu şirkət eyni zamanda Xorvatiyada, Türkiyədə, Hindistanda və başqa ölkələrdə bir çox layihələr icra edib.

Gölün kompleks bərpasının birinci mərhələsi Avropa Oyunlarınadək başa çatacaq

Bu işlə birbaşa məşğul olan “Təmiz Şəhər” ASC-dən bildirdilər ki, iki mərhələdə həyata keçirilən gölün kompleks bərpasının birinci mərhələsi I Avropa Oyunlarınadək yekunlaşaçaq. Hazırkı mərhələdə işlərin sürətlə getməsi üçün ərazi müvəqqəti olaraq bəndlə digər hissədən təcrid edilib. Olimpiya stadionu inşa edilən ərazinin, yəni gölün şərq hissəsini əhatə edən 300 hektara yaxın sahənin bərpası işi birinci mərhələ çərçivəsində - 2015-ci ilin may ayınadək tamamlanacaq. Artıq gölün Olimpiya Stadionu olan sahilində bulvar salınır. Gəzinti ərazisi tamamilə betonlanıb. 2015-ci ilin əvvəlində bulvar hazır olacaq və burada fontanlar quraşdırılacaq. Bulvarın uzunluğu 1 kilometr, eni isə 60 metrdən 100 metrədək olacaq. Beləliklə, Böyükşor bulvarı Bakının ikinci bulvarı olacaq. Gölün Ziya Bünyadov prospekti tərəfi, yəni cənub sahilində isə park salınacaq.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələnin 2015-2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə görüləcək işlər isə I Avropa Oyunlarından sonra başlanacaq və bütün ərazini əhatə edəcək. Birinci mərhələdə əsası qoyulan və yekunlaşan işlər həm də ikinci mərhələnin başlanması deməkdir. Artıq 2015-ci ilin sonunda istifadəsi nəzərdə tutulan Böyükşor gölünün üzərindən keçəcək 8 xətli magistral yol üçün bəndin kənar xətləri inşa olunub. Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesini birləşdirəcək yolun 1570 metrlik torpaq bəndinin inşası da qrafik üzrə icra olunur və işin yarısı başa çatıb. Bənd 2015-ci il fevralın sonunda tam hazır olacaq. Ümumilikdə sahil xəttində yollarla birləşmə və asfalt örtüyünün vurulmasına da I Avropa Oyunlarından sonra başlayacaq.

Onu da qeyd edək ki, hazırkı vəziyyəti və yaxın gələcəkdə yaradılacaq şəraiti qorumaq məqsədilə gölün ətrafında mühafizə zonası yaradılıb. Gölün mühafizəsinin təşkil edilməsi, eləcə də gölə çirkli, lay və mədən sularının axıdılmasının, bərk tullantıların atılmasının, həmçinin ərazidə qanunsuz olaraq tikinti işlərinin qarşısının alınması məqsədilə “Təmiz Şəhər” ASC tərəfindən gölün ətraf ərazilərində 11 mühafizə məntəqəsi qurulub və onların maddi-texniki bazası təmin edilib. Hazırda gölə bərk tullantıların atılmasının qarşısı tamamilə alınıb.

Böyükşor bulvarının inşası başa çatdıqdan sonra paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların istirahəti üçün əlavə imkanlar yaranacaq. Əhali burada asudə vaxtlarını keçirməklə bərabər, qayıqlarla gəzib əylənmək imkanı əldə edəcəklər. Yeni bulvar, sözsüz ki, Bakıya yeni bir gözəllik gətirəcək.






Fikirlər