Əri tərəfindən ÖLDÜRÜLƏN qadınların sayı ARTIR-səbəb...

Novella Cəfəroğlu: “Zorakılıq haqqında qanun çıxsa da, onun işləmə mexanizmi yoxdur”; Mehriban Zeynalova: “Əvvəlki dövrlərdə bunu daha çox əxlaq göstəriciləri ilə ört-basdır edirdilər”

 

Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim  Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 50 yaşlı Arifə  Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib. Həyat yoldaşını qətlə yetirən şəxs ölkədən qaçmaq istəyərkən saxlanılıb. Bir müddət öncə isə Gəncədə bir il öncə həyat yoldaşından boşanan və az yaşlı övladı olan 1999-cu il təvəllüdlü gəlin əri tərəfindən bıçaqlanıb.

Hər iki cinayət faktı göstərir ki, qadına qarşı münasibətdə yaş önəmli rol oynamır. Əvvəllər kişilər öldürdüyü həyat yoldaşının əxlaqsız olduğunu deyərək cinayətinə haqq qazandırırdılar. Ancaq 50, hətta 70-80 yaşlı qadınların da ərləri tərəfindən öldürülməsi bunun arxasında başqa məqamların olduğunu göstərir. Bu haqda dəfələrlə həyəcan təbili çalınsa da, təəssüf ki, bu cür cinayət hallarının sayı azalmaq əvəzinə artır.

Maraqlıdır, bununla bağlı hüquq müdafiəçiləri, cəmiyyətdə tanınan simalar həyəcan təbili çalmağı düşünürmü?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bununla bağlı həyəcan təbilini çoxdan çaldıqlarını dedi: “Zorakılığa qarşı qanun qəbul olunub. Rayonlarda polis, icra hakimiyyətində olan qadın sektorları var ki, onlar buna cavabdehdirlər. Sadəcə olaraq, zorakılıq haqqında qanun çıxsa da, onun işləmə mexanizmi çıxmayıb. Onun işləmə mexanizmini buna cavabdeh olan hər kəs düzəltməlidir. 

Image result for Novella Cəfəroğlu

Bu barədə qanun var və çox gözəl bir qanundur. Problem onun işlək mexanizmindədir. Buna görə də bu gün çox qadın şiddətə məruz qalır. Yalnız yaşlı, cavan qadınlar deyil, eyni zamanda uşaqlar da bu cür şiddətə məruz qalır, cinayətin qurbanı olurlar”.

Image result for Mehriban Zeynalova

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu prosesin çoxdan başladığını dedi: “Əvvəlki dövrlərdə bunu daha çox əxlaq göstəriciləri ilə, ört basdır edirdilər. Cəmiyyət də ittiham edirdi ki, qadın əxlaqsız olduğu üçün öldürülüb, hətta bu cinayəti törədən kişiyə bəraət də qazandırılırdı. Bunun sosial şəbəkələrdə də, müzakirələrdə də şahidi olmuşuq. Qadın öldürülən kimi dərhal sual qoyulur ki, qadın nə etmişdi? Bu sual qoyulmamalıdır. Bir şəxsin sağlamlığına və yaxud da həyatına qəsd istənilən halda heç bir suala əsas vermir. Təəssüf ki, bizdə müxtəlif hadisələr baş verəndə bu suallar ortaya çıxırdı və cəmiyyət tərəfindən bəzi hallarda bəraət qazandırılırdı. Hətta bəzən yaşlı qadın belə öldürüləndə onun haqqında da belə fikri formalaşdırırlar. Bir neçə il bundan əvvəl 80 yaşı qadın əri tərəfindən öldürülmüşdü, onun da ölümünü əxlaq məsələsinə bağlayırdılar.  Bu yaş senzi onu göstərir ki, bu heç də əxlaq məsələsi deyil. Bu, qadına qarşı zorakılığı ən pis formasıdır. Qadın yolda qəzadan ölməkdən çox evdə ölə bilər. Bu təhlükəsizlik məsələləri ailənin, evin içində ciddi problem olmağa başlayıb. Adətən biz özümüzü evin içində daha təhlükəsiz hiss edirik. Amma bu gün evin içində o təhlükəsizlik yoxdur. Yəni biz əmin deyilik ki, hansısa bir emosional bir hadisə bizi cinayətə vadar etməyəcək. Əslində problem bir az da ondadır ki, qadınlar şiddətə məruz qaldıqları halda heç yerə müraciət etmirlər. Heç kim bir-birini həmin an öldürmür. Əvvəlcə bunun təhdidlərini alır. Necə ki, intihar etmədən əvvəl insan bununla bağlı mesajlar verir. Öldürmək prosesi də belədir. İndi ölkədə bu barədə xidmət paketləri aktivləşib. Amma xanımların təhlükəsiz mühitdə saxlanılması və vəziyyətin qiymətləndirilməsi mütləq şəkildə vacibdir”.

M.Zeynalova bu sahədə yaxşı psixoloqlar hazırlamaq lazım olduğunu dedi: “Yaxşı psixoloqlar hazırlamaq lazımdır ki, bu cür aqressiv insanlarla işləsin. Cəza tədbirləri də ağırlaşdırılmalıdır. Məişət zorakılığı ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Əks təqdirdə, kişilər elə düşünür ki, arvadımdır döyərəm və yaxud da necə istəsəm elə də rəftar edərəm. Qadına əşya kimi yanaşırlar. Bu düşüncədən hələ ki xilas ola bilmirik. İlk öncə bu münasibəti dəyişmək və cəza tədbirlərini gücləndirmək lazımdır”.

Image result for Vəfa Rəşidova

Bunun psixoloji tərəflərinə gəlincə isə psixoloq Vəfa Rəşidova bildirdi ki, ümumilikdə baş verən bütün cinayətləri törədən insanların mütləq şəkildə psixoloji problemləri olur: «Affekt vəziyyətində olub adam öldürmək də olur. Amma bu da sinir pozğunluğunun göstəricisidir. Bütün cinayət törədən insanları danışdırarkən görürük ki, gülür. Çox zaman belə hallarla rastlaşmışıq. Bu cür insanların duyğu hissləri olmur. Onların ürək ağrısı, vicdan əzabı olmadığı üçün rahat şəkildə cinayəti törədib sonra özlərinə “bunu mən etmişəm ki” sualını verə bilirlər. İnsanlar öz ruh sağlamlıqlarını qoruyub saxlamırlar. Ruh sağlamlığı normal olmayan insan görürük, yaxınları deyir ki, evlənəndə düzələcək. Bu necə düzələ bilər?! Bu cür insanlar əlbəttə ki, sonda arvadının, uşağının başını kəsəcək. Psixi pozuntusu olan insanın əsəbləri pozulub deyib rahat buraxmaq olmaz. Bu SOS bir vəziyyətdir. Belə insanlar antisosial insanlar olur. Ailədə olan problemlər də buna yol açır. Cinayəti törədən insanlar əsasən çalışmayan, oxumayan, boş-boş gəzən insanlar olur. psixoloji problemi olan insanlar özləri bunu qəbul etmirlər. Bunu onun yaxınları müalicəyə cəlb etməlidirlər. Yoxsa bu cür hallarla tez-tez rastlaşacağıq. Son vaxtlar bu cür xəbərlərin yazılması çox önəmlidir ki, bunu oxuyan və evində belə adamlar olan insanlar oyansınlar. Bu çox önəmlidir. Cinayət əgər baş kəsməkdirsə, yaxud övladını öldürməkdirsə, bu adi şeydən baş vermir. Adi şeydən baş verən hal o ola bilər ki, iki insan dalaşır biri bilmədən o birini itələyir  həmin adam ölür və həmin şəxsi tuturlar. Uşağını, arvadını öldürən adam psixi xəstədir. Psixoloji problem bir az yüngül tərəfləridir. Psixi xəstəlik bir ruhi xəstəlikdir. Artıq burada həkim müdaxiləsi mütləqdir".






Fikirlər