Tanınmış psixoloq: “Bu gün cəmiyyətdə KİŞİ OBRAZI DAGILIR”

Ölkədə qadın qatillərin sayı niyə artır?

Son zamanlar ölkədə ailə münaqişəsi zəminində qətllərin sayı artıb. Bunu mətbuat səhifələrindən də görmək mümkündür. Təəssüf ki, artıq bir çox hallarda ailədə qətli kişi yox, qadınlar törədir. Məsələn, ötən gün Ağsuda 47 yaşlı Şamxal Şamiyev həyat yoldaşı və oğlu tərəfindən qətlə yetirilib.

Kənd sakinlərinin və mərhumun yaxınlarının sözlərinə görə, Şamxal Şamiyevin üzərində qanunsuz odlu silah olması barədə həyat yoldaşı Xalidə Şamiyeva polisə məlumat verib və məhkəmədə şahidlik edib. Şamxal Şamiyev 6 ay əvvəl həbsdən çıxıb və ondan sonra ailədə tez-tez mübahisələr baş verib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Şamxal və Xalidə 20 il əvvəl ailə həyatı qurublar və onların 6 övladı var.

Eləcə də Lənkəranda da 6 günlük körpənin həyatına məhz qadın son qoydu. Bu kimi faktları bir qədər də uzatmaq olar. Bəs qadın qatillərin çoxalmasında səbəb nədir?

Tanınmış psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a bildirdi ki, burada həm cəmiyyəti, həm də ailədə gedən prosesləri əsas götürmək olar: “Daha çox qadınların ailə münaqişəsi zəminində törətdiyi qətllər özünü müdafiə xarakteri daşıyır. Kişilər tərəfindən baş verən ailə daxili münaqişələr zamanı olan cinayətlərdə isə daha çox sadizm, xüsusi amansızlıq müşahidə edilir. Xanımlar özlərini qorumaq üçün bəzən bu yola əl atırlar. Bu isə birdən-birə yaranmır. Baş verən cinayət hadisələrinə fikir versək görərik ki, daha çox konfliktli, zərərli vərdişlərdən asılı olan ailələrdə bu kimi problemlər yaranır. Zaman-zaman qeyd etdiyimiz səbəblərdən ailələrdə problem yaranır və günlərin bir günü xanım tərəfindən istəmədən bu cür cinayət hadisəsi törədilir. Cəmiyyət dedikdə bu, hər hansı bir kəndlə, rayonla məhdudlaşmır. Bu gün biz internet əsrində yaşayırıq və dünyanın harasında hansısa hadisə baş verirsə, az sonra bundan xəbər tuturuq. Ona görə də bütün bu proseslər qlobal xarakter daşıyır. Azərbaycan cəmiyyəti üçün bunlar təqdir olunan hal deyil. Ancaq nə edək ki, bu, baş verir”.

Psixoloqa görə, burada maddi dəyərlərin mənəvi dəyərləri üstələməsi əsas deyil: “O zaman biz nə üçün Amerikanı, Avropa ölkələrini misal gətiririk? Orada bütün proseslər kapitalist qanunları ilə tənzimlənir. Mənəviyyat insanın daxili tələbatıdır. Bəyəm bütün kasıblar mənəviyyatlı, bütün varlılar mənəviyyatsızdı? Bunu da söyləmək olmaz. Belə bir yanaşma yoxdur və burada insan faktorundan söhbət gedir. Bəli, maddi məsələlər ailələrə təsir göstərir. Deyl Karnegi ailə münasibətlərinin formalaşmasında üçüncü yerə maliyyə problemlərini qoymuşdu. Birinci yerdə isə seksual uyğunsuzluğu qeyd etmişdi. Maliyyə problemləri ailəyə təsir göstərə bilər. Ancaq bu, aparıcı faktor deyil. Bu gün ailədaxili konfliktlərə baxsaq görərik ki, problemlər heç də maddi məsələlərə görə yaranmır. İmkanlı ailələrdə də problemlər var. Boşananların içərisində də xeyli sayda imkanlı şəxslər var ki, statistikada da bu, öz əksini tapıb. Məsələdə ən problemli nöqtə ümumiləşdirməkdir. Bu isə insanları doğru olmayan bir istiqamətə yönəldir. Qeyd etdiyim kimi başlıca faktor insandır və insan özü-özünə yatırım etməlidir. Söhbət ailədən gedirsə, ailəni qorumaq lazımdır. Əsas məsələ də anlayışdır. Əgər sən çöldə hər hansı bir deyilən sözə dözürsənsə, onun üstündən keçirsənsə, ailədə niyə bunu etmirsən? Yaxud işin xətrinə nəyəsə səbir edirlər, ailəni qorumaq üçün bunu etmirlər. Ümumən prosesə baxarsaq görərik ki, ailə münasibətlərində bu gün elementar şeyləri qorumurlar. Bizdə hələ dədə-babadan da belə bir deyim var ki, ”rahatlıq olan evdə bərəkət də olar". Cəmiyyətimizi bu kontekstdə maarifləndirmək lazımdır. Yaxşı örnəkləri irəli çəkmək gərəkdir. Problem bütün ailələrdə olub və olacaq. Dünyanın hər yerində bu, belədir. Sadəcə olaraq ailəni qorumağı, bəzi şeylərin üstündən keçməyi bacarmaq lazımdır".

Psixoloq son zamanlar cəmiyyətdə geniş yayılmış “qadın azadlığı” mövzusuna da toxunub: “Gender bərabərliyi deyilən bir şey var. Burada qadın və kişi hüquqları bərabər tutulur. Ancaq elə nüanslar da var ki, bunlar dəyişməyib və dəyişməyəcək. Məsələn, bu gün xanım da işləyir, kişi də və onlar birlikdə yeməyə gedən zaman əgər pul qadında olursa, qadın sakitcə hesab ödəmək zamanı pulu kişiyə ötürür. Hesabı da məhz kişi verir. Eləcə də taksidə gedəndə qadın pulu yavaş-yavaş kişiyə ötürür, gediş haqqını kişi verir. Bu, bizim gen yaddaşımızdır. Sırf bu təməl dəyişməz olaraq qalıb və hələ bundan sonra da tez bir vaxtda dəyişməsi mümkün deyil. Etiraf edək ki, bizim xeyli sayda işsiz kişilərimiz də var. Onlar xanımdan həm ev işini, həm də çöl işini tələb edir. Belə olan halda nəhayət xanım dilə gələcək də. Deyəcək ki, əgər bütün qayğılar mənim üstümdədirsə, niyə məni döyməli, söyməlisən? Gender bərabərliyində tərəflərin bir-birilərinə olan hörmətindən söhbət gedir. Qarşı tərəfin hüquqlarına hörmətlə yanaşırlar ki, bu da ayrı bir yanaşma, prinsipdir. Belə olan halda qadın azadlığı heç də ”nə istəyirəmsə, edirəm" söhbəti deyil. Qadın nə istədiyini o zaman edəcək ki, yanındakı ona qiymət, dəyər verməyəcək. Hər bir qadın sığınmağa çiyin axtarır. Kişi işləməyə, xəstə ola bilər. Ancaq kişi öz kişi obrazını dağıtmamalıdır. Kişi obrazını dağıtmasa, qadın gedib işləyib, ailəsini saxlayacaq. Obraz dağılarsa, ailə də məhv olacaq. Bu gün isə problem odur ki, məhz, obraz dağılır. Ona görə də nəticədə bu kimi hadisələr yaşanır".

 






Fikirlər