YENİ İL QUTLAMASI ilə bağlı İKİLİ MÖVQE

Fazil Mustafa: “Bakı sırf  Şərq şəhəri deyil, Qərb dəyərlərini də yaşadan modern şəhərdir”; Dilavər Əzimli: “Şaxta baba sonradan uydurulan bir şeydir”

2017-ci ilin son həftəsinə qədəm qoyduq. Artıq paytaxt Bakının mərkəzi küçələrində Yeni il ab-havası yaşanır. Hündür yolkalar qurulub, mağazaların qarşısından rəngarəng işıqlar asılıb. İnsanların da əksəriyyəti buna maraqla yanaşır. Şəhərin mərkəzi küçələrində gəzib, qurulan yolkaların qarşısında fotolar çəkdirirlər. Faktiki olaraq Azərbaycan əsasən xristian dünyasının qeyd etdiyi Yeni il ovqatındadır, buna bürünüb. 

Bəs Bakıda yaradılan bu cür Yeni il ovqatından ölkənin ictimai şəxsləri razıdırlarmı?

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, Bakının bu cür bəzədilməsinə münasibəti normaldır: “Çünki modern bir ölkəyik və hər hansı bir şəkildə dünyanın ümumi standartlarına uyğun olan tədbirlərin həyata keçirilməsində  problem görmürəm. Müəyyən insanlar var ki, onlar Yeni ili xüsusi təmtəraqla qeyd etməyə maraq göstərirlər. Özlərini dünya mühitinin adamı kimi hiss edirlər. Ona görə də onların haqqıdır ki, hər hansı bir şəkildə bu cür tədbirlər keçirsinlər. Bakıda eyni qaydada İslam həmrəyliyi ilə bağlı da tədbir keçirilir ki, bu da digər insanların haqqıdır. Ona görə də konkret olaraq bu məsələdə hansısa narazılığı əsas görmürəm. Hər kəs istədiyi formada, istədiyi bayramı qeyd edə bilər. Bu, onların haqqıdır. Yeni ilin xüsusi təmtəraqla keçirilməsi həm də turizm məqsədi daşıyır. Ölkəyə gələnlərin də marağı nəzərə alınır. Yəni buna ideoloji yanaşmadan çox biznes yanaşması kimi baxıram. Bu da normaldır. Çünki istənilən ölkədən gələn turist axtardığı mühiti burada tapmağa maraq göstərir. Bakı da sırf olaraq Şərq şəhəri deyil. Qərb dəyərlərini də yaşadan modern şəhərdir. Ona görə də Yeni ilin bu cür şəkildə keçirilməsində narazılıq olmamalıdır”.

Image result for Fazil Mustafa

Mustafa məsələyə dini baxımdan yanaşanlara da münasibətini bildirib:

“Bunu şeytan əməli hesab edənlər bayram kimi qeyd etməyə bilərlər. Söhbət ondan gedir ki, Azərbaycan şəriət dövləti deyil. İstənilən adamın bunu qeyd etmək hüququ var, buna da hörmətlə yanaşmaq lazımdır. Burada inanc məsələsi yoxdur və Şaxta babaya da biət etməkdən söhbət getmir. Kimlərsə əylənir, il dəyişimini qeyd edirlər. Biz daha çox həm də həmrəylik gününü qabardırıq. Bu günlə bağlı olan epizodlar məncə Yeni il günündə qeyd olunduğu üçün bir qədər arxa plana keçir. Ancaq mahiyyət etibarilə biz həm də bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirik. Kimsə qoy bunu bayram kimi qeyd etsin, kimisi Yeni ili, kimisi də heç birini etməsin. İstənilən tədbir humanist aksiya mahiyyəti daşıyırsa, bundan imtina etmək doğru deyil və başqasının haqqında girməkdir”.

Image result for Tarixçi Dilavər Əzimli

Tarixçi Dilavər Əzimli də hesab edir ki, məsələ tarixi baxımından da böyük əhəmiyyət kəsb edir: “Yəni təqvim ili dəyişir. Əslində bu, həm də xristian dünyasının milad bayramıdır. Bunu İsa peyğəmbərin anadan olduğu gün kimi də qeyd edirlər. Hər halda, hesab edirəm ki, bu, sonradan qoyulan bir tarix olsa da xalqların beyninə hopdu və hazırda bunu bayram edirlər. Sadəcə, sayğı ilə yanaşmaq lazımdır. Ancaq bir məsələ də var ki, Yeni il həm də təqvim ilidir. Burada küknar ağacları bəzənir. Əslində yolka bizdən keçib. Qədim mifologiyamızı bilmədiyimiz, öyrənmədiyimiz üçün belə sərt reaksiyalar veririk. İnsanlarımız təəssüf ki, çox az oxuyurlar. Yolkanın bəzədilməsi və buna ehtiram nümunəsi qədim Sibir xalqlarında olub. Həmin xalqlar o zaman qarın düşməsini, şaxtanın olmasını gözləyirdilər ki, böyük bir ərazilərdə sıra ilə hərəkət etsinlər. Bunun da ilk xəbərini Şamanlar edərdilər. Şaman babalar ağ əba geyinib, əllərində hədiyyələrlə gəzib, qış ayının gəlməsini xəbər verərdilər. Camaat da bayram edərdi. Sonradan bu ənənə yavaş-yavaş bütün Rusiya ərazilərinə keçdi. Avropa kilsəsi buna qarşı sərt tədbirlər gördü və bildirdilər ki, kim bayramı etsə, qəti şəkildə cəzalandırılacaq. Ancaq onlar gördülər ki, xalq bu bayramı etməkdə davam edir. Şaxta baba sonradan uydurulan bir şeydir. Mifologiyada belə bir şey yoxdur. Avropa da bunu ”Santa klaus" adlandırdı. Hesab edirəm ki, biz də məsələyə ciddi yanaşmalıyıq. Çünki bu, həm də bizim ənənəmiz, inancımızdır. Ona görə də düşünürəm ki, Bakının bu cür şad, xürrəm, işıqlı yolkalarla bəzədilməsi qəbul olunandır. Uşaqlar bu günü həsrətlə gözləyirlər. Buna sayğı ilə yanaşıram".

Image result for ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a bu günü qəbul etmədiyini söylədi: “Elmi şəkildə, mənbələrdən araşdırmışam ki, həm yanvarın1-i, həm də may ayının 1-i şeytanın günləri kimi qeyd olunub. Guya Yeni il İsa peyğəmbərin anadan olmasının il dönümüdür. Ancaq tarixdən də bilirik ki, İsa peyğəmbərin anadan olması yanvar ayının 1-nə təsadüf etmir. 1 yanvarla peyğəmbərin anadan olduğu gün arasında 15-20 gün fərq var. Tarixə baxanda görürsən ki, şeytanın yerə enməsi yanvarın 1-də olub, daha sonra isə İsa peyğəmbər anadan olub. Həm də Yeni ildə insanların hərəkətləri Quranda şeytanın təsvir olunan hərəkətləri ilə eynidir. Qurani-Kərimdə bildirilir ki, şeytan bu dünyanı sizin gözünüzdə bəzəyir və sizi oyunlara sövq edib, aldadır. Yeni ildə də insanlar ağacları bəzəyib, müxtəlif oyunlar oynayırlar. Əslinə baxanda bu, nə astronomik, nə də dini təqvimdir. Məsələn biz martın 22-də bayram edirik. Çünki bu tarixdə ildə bir dəfə gecə ilə gündüz bərabərləşir. Yanvarın 1-də isə heç bir nə dini, nə də təbiət hadisəsi yoxdur. Ona görə də bu günün keçirilməsini doğru saymıram. Xüsusilə də insanların ağır şəraitdə yaşadığı zamanda bu qədər pulu xərcləyib, yolkalar qurmağın mənası yoxdur. Heç Rusiyanın özündə belə bu qədər yolkalar yoxdur. İnsanlar bunu bayram hesab edirlərsə, bu da onların öz işidir. Onsuz da insanlar şeytana uyanda onun dediyi istənilən şeyi edirlər".

 






Fikirlər