“Onu son mənzilinə yola sala bilmədim…” – SABİR RÜSTƏMXANLI
“Tanınmış yazıçımız, ustad televiziya jurnalisti. dəyərli publisist Nahid Hacızadənin vəfatı xəbərindən üzüldüm. Ölüm bir görkəmli Azərbaycan ziyalısını da həyatdan qopartdı; bir vətənsevər, yurd sevdalısı, millətinə, dilinə, mədəniyyətinə bağlı olan, öz sənətinin aşiqi, işləməkdən, yazmaqdan, insanlara xeyirxahlıq eləməkdən yorulmayan, dürüst, gözütox, namuslu, fədakar, təvazökar dostumuzu da haqqın dərgahına qovuşdurdu”. “BakuPost” xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı N. Hacızadənin vəfatı ilə bağlı fikirlərini bölüşərkən deyib. O hesab edir ki, N.Hacızadənin adı TV tarixinə qızıl hərflərlə yazılmalıdır: “Çünki o, televiziyanın bütövlüklə Kommunist Partiyasının nəzarətində olduğu dövrdə, uzun illər bu yeganə rəsmi televiziya kanalında ədəbi-bədii verilişlərin hazırlandığı redaksiyalara başçılıq etmiş, Komitə sədrinin müavini vəzifəsini daşımış, televiziya verilişlərinə təmiz xalq ruhunu, milli mədəniyyətin gözəlliyini, xalqın azadlıq eşqini gətirən adamlardan biri olmuşdur. O, Azərbaycan televiziyasında tariximizin, torpağımızın, kəndlərimizin, sadə insanların səsi, istedadlı gənclərin himəyadarı idi. Universiteti qurtardığım ilk illərdən məni televiziyaya çağıran, verilişlər tapşıran, aparıcılıq eləməyimə imkan yaradan insanlardan biri də Nahid bəy idi. Mən onun başqa bir keyfiyyətini, yəni qorxmazlığını, cəsarətini, yüksək vətəndaş fədəkarlığını 1988-ci ildə yenidən, bütün parlaqlığı ilə gördüm. Meydanda mitinqlərin aparıcısı olsam da məni dəfələrlə ekrana dəvət etdi, xalqa həqiqəti çatdırmağımıza çalışdı; sonra mitinqlərin birbaşa yayımının ilk tərəfdarı oldu və həvəslə bu işə qatıldı”. S. Rüstəmxanlının sözlərinə görə, mərhum şəraiti dəqiq təhlil edən, hər sözün yerini bilən adam olub: “Nahid bəy həm də istedadlı bir nasir, yüksək peşəkarlıqla yazılmış roman və povestlərin müəllifidir. Bu acı xəbəri vətəndən kənarda aldım və əziz dostumuzu son mənzilinə yola salanlar arasında olmadığıma çox təəssüfləndim. Uzaqdan-uzağa olsa da, Nahid müəllimin yaxınlarına, ailə üzvlərinə, dostlarına, qədrini bilənlərə həm öz adımdan, həm də Dünya Azərbaycanlıları Konqresi və Vətəndaş Həmrəyliyi Partiyası adından baş sağlığı verirəm. Allah sevənlərinə səbr versin. yeri cənnət olsun…”