“Azərbaycan hər an HÜCUMA keçib öz TORPAQLARINI azad edə bilər” - HƏRBİ ekspert
Ermənistan rəhbərliyi təşvişdə; işğalçı ölkənin komandanlığının Qarabağdakı müşavirəsi də narahatlıqdan xəbər verir; polkovnik Şair Ramaldanov: “Hərbi əməliyyatlar üçün məqam gözlənilir...” Yanvarın son günlərində Ermənistan ordusundakı durum yenidən işğalçı ölkənin gündəmində əsas məsələ oldu. Seçkiqabağı gərginliyini yaşayan Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanın qəfil sarsıdıcı zərbələr endirəcəyindən narahatdırsa, digər tərəfdən, yad ölkənin torpağı uğrunda övladlarını itirən vətəndaşların ayağa qalxacağından ehtiyatlanır. Görünür, elə buna görədir ki, bir neçə gün əvvəl Ermənistanın işğal altında olan Qarabağda işğalçı ordunun komandir heyətinin toplantısı keçirildi. Toplantı iştirakçıları ilə Qarabağda qanunsuz birləşmənin komandiri general-leytenant Levon Mnatsakanyanın da görüşdüyü bildirilir. Bu arada ordu.az Ermənistan ordusunun itkiləri barədə statistikanı açıqlayıb. 2018-ci ili yanvarın 1-dən 31-nə kimi qeydə alınan itki, yaralı, özünəqəsd, güllələnmə və döyülmə faktı ilə bağlı hadisələr nəticəsində Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i qəza, 1-intihar, 1-i isə dəm qazından boğulma nəticəsində baş verib. Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə təxribat, döyülmə, güllələnmə, mina partlayışı və qəza hadisələrində ən azı 19 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 2 korrupsiya faktı da aşkarlanıb. Ancaq hesab olunur ki, bu, son göstərici deyil və itkilər daha böyükdür. Ermənistan ordusunun ağır durumda olmasını erməni ekspertlər, həmçinin ordu ilə əlaqəsi olanlar da açıq etiraf edir. “Aprel həm hərbi rəhbərlik, həm də cəmiyyət üçün gözlənilməz oldu. Biz hücuma hazır olmadığımıza görə daha çox müdafiəyə önəm veririk”. Bu, Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsini yaradan, hərbi ekspert Vova Vartanovun sözləridir. Vartanov 2017-ci ildən öncə Ermənistan ordusunun vəziyyətinin kifayət qədər ağır olduğunu etiraf edib. “O zaman bu barədə danışmırdıq ki, insanlar panikaya düşməsinlər. Ordu ölmüş bir orqanizmi xatırladırdı. Davamlı olaraq eyni vəziyyət idi. Heç bir inkişaf yox idi. İnkişafı yeni texniki vasitələrin tətbiq olunmasında təsəvvür edirdilər. Bu, çox böyük səhv idi. Ordunun inkişafı yeni texniki vasitə ilə olmur”, - deyə o bildirib. Vartanov sərhəddə geniş miqyaslı əməliyyatların yenidən bərpasının mümkünlüyünə dair suala bu şəkildə cavab verib: “Genişmiqyaslı döyüş əməliyyatları gözləmirəm”. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hərbi əməliyyatlara başlamaq Azərbaycanın hüququdur və burada hansısa əməliyyatı nümunə olaraq götürməyə ehtiyac da yoxdur: “Təbii ki, Türkiyənin keçirdiyi əməliyyatları dəstəkləyirik. Türkiyə bilir ki, indi bu məsələnin qarşısını almasa, gələcəkdə böyük fəsadlara gətirib çıxaracaq. Həm nəzarətsiz sərhəddə istənilən təhdidlər ola bilər, həm də bir neçə dövlət maraqlıdır ki, Türkiyəyə qarşı kürdlərdən istifadə etsin. Qarabağ məsələsinə gəldikdə isə Azərbaycan bununla bağlı müəyyən öhdəlik götürüb. Söhbət problemin Minsk Qrupunun vasitəçiliyi ilə həllindən gedir. Azərbaycan demək olar ki, o öhdəliyi yerinə yetirir, həm atəşkəsin qorunmasına, həm də bu məsələnin sülh danışıqları ilə həllinə çalışır. Lakin Qarabağ münaqişəsinin həllinin uzadılması və status-kvonun qorunub-saxlanması böyük dövlətlərin marağındadır. Əgər Ermənistan kimi işğalçı dövlət Minsk Qrupunun üzvündən təkcə son illərdə güzəştli yollarla 300 milyonluq silah alırsa, Amerika kəşfiyyatı müxtəlif hərbi cihazları ora göndərirsə, həmin o qurğular gətirilib təmas xəttində yerləşdirilirsə, deməli, biz təkcə Ermənistanla üz-üzə qalmamışıq. Biz hələ Fransadakı, ABŞ-dakı erməni diasporundan danışmırıq”. Ancaq hərbi ekspert qeyd etdi ki, Azərbaycan artıq öz sözünü beynəlxalq arenada qəti şəkildə bildirib: “Belə ki, Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir, lakin nəticə olmayacağı halda, hərb yoluna əl atmağa məcburdur. Buna görə də Azərbaycan ordusu müasir silahlarla təchiz olunur. Azərbaycan Respublikasının Ali Baş Komandanı çox yaxşı bir ifadə səsləndirdi ki, əgər Azərbaycanla Ermənistanı təkbətək buraxsalar, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə Ermənistan adlanan tarixi ərazilərimizi də geri alar. Əslində bu, Ermənistanın havadarlarına xəbərdarlıq idi. Antitrerror əməliyyatı və öz torpaqlarını azad etməsi Azərbaycan ordusunun müqəddəs borcudur. Bu, həm də nəsillərin qarşısında borcdur. Ancaq bu da acı reallıqdır ki, Azərbaycan torpaqlarının işğal altında qalmasında maraqlı olan qüvvələr çoxdur. Nə qədər ki, Azərbaycan öz torpaqlarını erməni işğalından hərb yolu ilə azad etməyib, digər yollarla buna nail olmaq çətin görünür. Azərbaycan dövlət başçısının sərt çıxışları olan kimi beynəlxalq qurumlar hərəkətə keçməyə başlayırlar, deyirlər mərhələli həllə üstünlük verilməlidir. Ancaq əslində onların məqsədi məsələnin ədalətli həllinə nail olmaq deyil”. Ş.Ramaldanov qeyd etdi ki, Azərbaycan daim Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır: “Ona görə də biz Afrin əməliyyatında hərtərəfli Türkiyəni dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında da müharibə bitməyib, davam edir, sadəcə, atəşkəs rejimidir. Ancaq Azərbaycan ordusu aprel döyüşlərində əks həmləyə keçdi və qarşısına qoyulan tapşırığı yerinə yetirdi. Bu, onu göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını azad etməyə başlaya bilər”. Hərbi ekspert bir məqama da diqqət çəkdi: “Ordumuzda keçənilki qədər təlimlər heç vaxt olmamışdı. Hər bir təlim gələcək döyüşlərin platforması, əsasıdır. Hesab edirəm ki, hərbi əməliyyatlar üçün məqam gözlənilir. O məqam gəlib çatanda onda görünəcək Azərbaycan silahlı qüvvələri nəyə qadirdir və hansı imkanlara malikdir. Mən bunu ancaq Türkiyə faktoru ilə bağlamazdım. Son günlər Ermənistan rəhbərliyi öz narahatlığını bir neçə dəfə ifadə edib. Deyirlər ki, Azərbaycan döyüşlərə başlasa, bizim əsgərlərimiz onun qarşısında dura biləcəklərmi? Onlar narahatdır ki, Türkiyə hərbi əməliyyatları uğurla başa çatdırandan sonra ola bilsin ki, bu vəziyyətdən istifadə olunsun”. Ş.Ramaldanov onu da qeyd etdi ki, hazırda Türkiyə və Rusiya arasındakı münasibətlər də bizim xeyrimizə işləyir: “Ola bilsin ki, bu ərəfədə müəyyən bir şərait yaranar və Azərbaycan genişmiqyaslı hücuma keçərək öz torpaqlarını azad edə bilər”.