“Döyüşlər HƏR an BAŞLAYA bilər, HAZIR olmalıyıq”
General Yaşar Aydəmirov: “Qısamüddətli xarakterli müharibə olacaq, dəqiq və güclü zərbələrlə” Qarabağ bölgəsində davam edən “nə hərb, nə sülh” vəziyyəti şübhəsiz ki, işğalın davamına, status-kvonun qorunub saxlanmasına xidmət edir. Hətta işğalçı Ermənistanın həyasızlığı o həddə çatıb ki, son vaxtlar İrəvan atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edir. Ancaq yazılanlardan bəlli olur ki, qardaş Türkiyənin Afrin bölgəsində başlatdığı antiterror əməliyyatı isə düşməni narahat etməyə başlayıb. Birinci Qarabağ müharibəsinin veteranlarından biri, general-leytenant Yaşar Aydəmirov “Yeni Müsavat”ın suallarına cavab verib. Müsahibəni təqdim edirik: - Cənab general, bir sıra ekspertlər hesab edir ki, Türkiyənin Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar Azərbaycan üçün Qarabağda antiterror əməliyyatları aparmaq şansı yaradır. Peşəkar hərbçi olaraq bu barədə nə deyə bilərsiniz? - Türkiyə 80 milyonluq bir dövlətdir, dünyada güclü rolu var. Sözsüz ki, Azərbaycanın da özünəməxsus yeri var, ancaq Türkiyə qədər böyük dövlət deyil. Elə prezidentimiz də çıxışlarında iki dəfə deyib ki, iri dövlətlər Azərbaycanı müharibə eləməyə qoymur. Hansı ki, bizim ordu daha güclü, uğurlu hərbi əməliyyatlar apara bilər. Təbii ki, əgər böyük dövlətlər imkan versə... - Amma bu da var ki, Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatlar dediyiniz xarici qüvvələr üçün daha böyük təhlükə kəsb edir, nəinki Azərbaycanın öz ərazisində həyata keçirəcəyi əməliyyatlar... - Sözsüz ki. Amma Azərbaycan ordusu Qarabağı işğaldan azad edəndən sonra ölkəmizin atacağı növbəti addımlardan qorxurlar. Ona görə də Azərbaycanın böyüməsi həmin dövlətlərə sərf eləmir. Azərbaycan ancaq hazırkı ərazilərindən ibarət deyil ki. - Dediklərinizdən belə çıxır ki, Afrin təcrübəsi də bizimçün şans yaratmır? - Onu siyasətçilər bilər. Sözsüz ki, hərbçilər müəyyən təcrübəni öyrənəcək. Özü də tək bizim ordumuz yox, digər ordular da bu əməliyyatları təhlil edəcəklər. Ancaq siyasi tərəfi barədə bir söz deyə bilmərəm. - Türkiyə ordusu əvvəlcə kürd terrorçularının mövqelərinə nöqtəli zərbələr endirdi, ardınca quru əməliyyatlara başladı. Bu, Azərbaycan üçün Qarabağ əməliyyatında yaxşı bir təcrübə deyilmi? - Bəli. Türkiyə ordusunda dəqiq silahlar var. Həmçinin Azərbaycan ordusu dəqiq silahlara malikdir. Bu silahlar hədəfi dərhal məhv etmək gücündədir və hədəfdən yayınma mümkün deyil. Dəqiq kəşfiyyat aparan və sərrast atəşə malik silahlarımız var və özü də bunlar Türkiyə ordusundan da az deyil. - Məlum oldu ki, Türkiyə ordusu 70 faiz daxili istehsal hesabına silahlanıb. Qərb dövlətlərinin faktiki olaraq silah sanksiyalarına məruz qalan Azərbaycan gələcəkdə qardaş ölkənin silah bazarına müraciət edə bilərmi? - Elə silahlar var ki, Türkiyə ordusu onları sata bilmir. Ancaq yüksək texnologiya ilə istehsal olunan silahlar bizdə də var. Həmçinin digər güclü dövlətlərdən də yeni texnologiyaya əsaslanan silahlar alırıq. Azərbaycan ordusunun 95 faizi dəqiq və müasir silahlarla təchiz edilib. Onların da müəyyən hissəsi ölkəmizdə istehsal olunur. - Bu günlərdə Azərbaycanın Rusiyadan hərbi texnikanın növbəti partiyasını alması Ermənistanı təşvişə salıb. Şimal qonşumuzla bu cür əməkdaşlıq halları Rusiyanın zərərsizləşdirilməsi baxımından ölkəmizin şansını artırırmı? - Rusiyanın zərərsizləşdirilməsi siyasi məsələdir. Ancaq Azərbaycan o silahları alır ki, Ermənistan tərəfin bunu almaq üçün vəsaitə malik deyil. Bunlar manevr qabiliyyətinə malik zirehli transportyorlardır, dağın zirvəsindəki və ya aşağıdakı hədəfləri də vura bilən ciddi silahlardır. Ermənistan o tipli silahların heç birini də almayıb. - Alınan yeni texnikanın cəbhə bölgəsində yerləşdiriləcəyi barədə məlumat yayıldı. Bu, düşmənə xəbərdarlıq sayıla bilərmi? - Sözsüz ki, düşmənə xəbərdarlıqdır. - 2018-ci ildə seçkilər keçirilməsi səbəbindən hərbi əməliyyatların olmayacağı iddiası daha çox səslənir. Hesab olunur ki, beynəlxalq güclər də bölgədə sakitliyin olması üçün çalışacaqlar. Döyüş təcrübəsi olan bir hərbçi olaraq bu proqnozları bölüşürsünüz? - Mənim fikrim belədir ki, döyüşlər hər an başlaya bilər. Ona görə də biz buna hər an hazır olmalıyıq. Müəyyən məsələlər var, yəqin ki, onlar da həllini tapacaq. Qısamüddətli xarakterli müharibə olacaq, dəqiq və güclü zərbələrlə. Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında uzun müddət dayana bilməyəcək. - Suriyadakı hədəfləri Xəzərdən vuran, bu ölkəni özünün təsir dairəsinə salmış şimal qonşumuz Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxmadı. Bəs Rusiya indiki halında əvvəlki illərdə olduğu kimi, Ermənistanın arxasında dayanacaqmı? - Açıq şəkildə heç kəs heç kimə kömək etməyəcək, ancaq gizli şəkildə kömək edə bilər. Söhbət tək Rusiyadan getmir, başqa dövlətlərdən də gedir. - Bu yaxınlarda mətbuatda belə bir xəbər yayıldı ki, ABŞ Ermənistan ordusuna snayperlər göndərib... - Məgər Azərbaycan snayperi amerikan snayperindən zəifdir? Azərbaycanın istehsal etdiyi snayper silahlarına, iriçaplı pulemyotlarına baxsınlar və onların daha da modernləşməsinə fikir versinlər. - Cənab general, bu ərəfədə Azərbaycan ərazisindəki ermənilər bölgədə tikinti işləri həyata keçirir. Hətta bu günlərdə Xankəndi-Drambon yolunun çəkilişinə başladıqlarını bildirdilər, hansı ki, həmin istiqamətdə 90-cı illərdə gərgin döyüşlər getmişdi, böyük itkilərimiz olmuşdu. Bir hərbçi olaraq bu kimi xəbərləri necə qarşılayırsınız? - Qoy ermənilər Qarabağda yol çəksinlər, onsuz da o yol bizə lazım olacaq. Azərbaycanın bu boyda ordusunun hərəkəti üçün bizə çoxlu yollar lazım olacaq. Azərbaycan ordusunun heç 30 faizinin Qarabağda hərəkət etməsi, yerləşməsi üçün yer yoxdur. Ermənilər tikirlərsə, tiksinlər. Bizimçün tikirlər də. Azərbaycan ərazisidir, hamısı yaxşı tanıdığımız yerlərdir. Torpaqları azad edəndən sonra ondan da yaxşı yollar salacağıq. Bununla erməni işğalçıları öz əhalisini aldatmaq istəyir. - Ermənilər özləri iddia edirlər ki, Qarabağdakı hərbçilər arasında ruh düşkünlüyü var... - Onlarda nə vaxt ruh yüksəkliyi olub ki? Hətta onların ən ali siyasi və hərbi rəhbərindən soruşsan ki, sən Qarabağ məsələsini öz xeyrinə həll etməyə inanırsan, onlar inanmadıqlarını deyəcəklər. Sadəcə olaraq, onlar kənardan idarə olunur. - Sizə də yaxşı məlum olduğu kimi, Qarabağın işğalı Azərbaycan daxilində qeyri-stabilliyin mövcud olduğu dövrə təsadüf etdi. Hazırda seçkiqabağı gərginlik içində olan Ermənistanda da gərginliyin gözlənilən olduğu deyilir. Azərbaycan belə gərginlikdən istifadə edə bilərmi? - Sözsüz ki, istifadə edə bilərik. İşğalçı ölkədə nə qədər qarışıqlıq çox olsa, bizim qələbə şansımız daha böyük olar. Şübhəsiz ki, qələbə şansımız həmişə var. Amma məsələn, üç gün ərzində həll edəcəyimiz məsələni belə bir vəziyyətdə bir gündə, həm də daha az qüvvə ilə reallaşdıra bilərik. “Yeni Müsavat”
“Qoy ermənilər Qarabağda yol çəksinlər, onsuz da o yol bizə lazım olacaq”