GƏNCƏDƏ ÖZBAŞINALIQ: İcra başçısı sakinləri zorla EVİNDƏN ÇIXARDIR (ŞİKAYƏT)

Gəncədə özbaşınalıq: İcra başçısı sakinlərini zorla evindən çıxardır (ŞİKAYƏT)

"Gəncə şəhəri Nizami rayonu Həsən Əliyev küçəsinin sakinləri zorla evlərindən çıxarılır.
Bu barədə Qaynarinfo-ya rayon sakini Raqib Məmmədovməlumat verib. O, icra başçısı Nizami Hacıyev və müavinlərinin onları hədələdiyini, polis gücünə evlərindən çıxarmaq istədiyini bildirib:
"Gəncə şəhər, Nizami rayonu, Həsən Əliyev küçəsində yaşayırıq. Evimiz plana düşüb deyə bizi evimizdən zorla çıxarırlar. Əhalini zorla ora köçürürlər. Nizami rayon başçısı Nizami Hacıyev polislə gəlib camaata hədə-qorxu gəlir. Evindən çıxmaq istəməyənləri zor gücünə tutub bölməyə aparırlar. Konstitusiyada mülkiyyət toxunulmazlığı ilə bağlı maddəni xatırladırıq, bizə deyirlər ki, boş şeydir. Xəbərləri izləyirik. Bakıda da söküntü aparılır. Orada camaata ya kompensasiya, ya da həmin ərazidə sökülən evlərin yerində tikiləcək binalardan ev verilməsi təklif olunur. Amma bizi şəhərin ən ucqar yerinə, Çəngəl-bıçaq zavodunun yanına köçürürlər. Kompensasiya deyəndə də, kvadratı 300 manatdan bizə pul təklif edirlər. Halbuki, təklif etdikləri pul da sadəcə torpağın qiymətidir. Heç onu da vermirlər. Köçürmək istədikləri evlərə də gedib baxmışıq. Mənim öz evim 100 kv. metrdir, həmçinin həyətyanı sahəsi, hasarı var, amma onların təklif etdikləri evin sahəsi heç 80 kv. metr deyil, həmçinin hasarı da yoxdur.
Evdə 5 dəqiqə otura bilmirik. Gah icra başçısı, gah müavini, gah polis gəlib hədələyir. Bir az savadı, anlayışı olan adamı özlərinə təhlükə görüb, tutub aparırlar. 
Bizdən 500 metr yuxarıda da məhəllə köçürülüb. Amma oranın sakinlərinə yaşayış binasından tam təmirli ev verilib. Xahiş edirik ki, aidiyyatı qurumlar səsimizi eşidib, bizə kömək etsinlər".
Məhəllə sakini Fərhad Yusifov isə redaksiyamıza zəng vuraraq, icra başçısı və polisin evlərinə zorla girdiyini və bacısının bölməyə aparıldığını bildirib:
"Gəncə çayının qırağında yaşayırıq. Ərazimiz plandadır. Evimizi zor gücünə sökməyə çalışırlar. İcra başçısının göstərişi ilə evimə basqın ediblər. Özüm evdə deyildim. Bacım qapını açmayıb deyə, zorla qırıb içəri girib, bacımı da tutub aparıblar. Özü də xəstəsidi".






Fikirlər