CANIMIZI ALAN dəhşətli dərmanlar... – ARAŞDIRMA
Adamın canı bir az ağrıyan kimi xəstəxanaya, həkimə üz tutur. Çox vaxt həkimin yazdığı dərman reseptinin ucu-bucağı görünmür. Aldığın dərmanı içirsən, faydası da olmur. Nəticədə canın da gedir, pulun da... Bu cür halların geniş yayıldığı hamıya məlumdur. Bir neçə gün əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib satışını təşkil edən, nəticədə əhalinin sağlamlığına təhdid yaradan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbərlərini həbs edəndə, onlarla işbirliyində olan həkimlər ifşa olunanda vəziyyətin deyiləndən də təhlükəli olduğu aydınlaşdı. Siyahıdakı 100 həkimin kimliyi hələ tam açıqlanmır, amma məsələnin acınacaqlı miqyası göz önündədir. 100 həkim və “Hippokrat andı”... Səhiyyə Nazirliyi Hüquq və Daxili Nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki, nazirlik əczaçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlara yeni qəbul olunmuş tələblərə riayət eləməyin vacibliyi çatdırıb: “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib, tələbləri yerinə yetirməyənləri cəza gözləyir. Reseptlə satılmalı olan dərmanları reseptsiz satanlar 250 manatadək cərimələnə bilərlər. Reseptlə satılmalı olan dərmanların siyahısı da nazirlik tərəfindən təsdiqlənib”. Sektor müdirinin sözlərinə görə, tələblərdən biri də dərmanların qiyməti ilə bağlıdır: “Dərmanları tənzimlənən qiymətdən aşağı, yaxud baha satanlar da cəzalandırılacaqlar. Həkim-firma işbirliyinə son qoymaq üçün tədbirlər də nəzərdə tutulub. Apteklər tələblərə uyğun yazılmayan resept əsasında dərman satmamalıdır”. Elxan Əzizov qeyd edib ki, xəstələrə saxta dərman tövsiyə etmiş həmin həkimlər cəzalandırılacaq: “Hazırda Səhiyyə Nazirliyi sözügedən məsələ ilə bağlı istintaqın yekunlarını gözləyir”. El arasında belə fikir formalaşıb ki, dərman bahadırsa, demək, firma məhsuludur. Dərmanın qiyməti 10 manatdır, amma həkim 30 manatlıq alternativi dərmanı yazır. Onda çoxumuz fikirləşirik ki, yəqin bunun tərkibi daha effektlidir. Amma xəstəyə yazılan dərmanın qarşılığında həkimin firmalardan faiz aldıqlarını unuduruq. Bəzi həkimlər üçün “Hippokrat andı” arxa planda qalır. Olan xəstələrə olur... Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək: “Dünyada saxta dərman problemi geniş yayılıb və buna qarşı mübarizə aparılır. O cümlədən, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə aparılır". Baş nazirin müavini bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxsin ifşa edildiyini xatırladıb: “Bunun nümunəsi onda görsənir ki, bir neçə gün öncə huquq-mühafizə orqanları saxta dərman satışı ilə məşğul olan bir qrupu ifşa edib. Güman edirəm ki, bu saxta dərman satışı ilə məşğul olanlar üçün ciddi zərbə olacaq. Bizim tövsiyəmiz ondan ibarətdir ki, onlar saxta dərman satışı ilə məşul olmasınlar. Əvvəla, bu insanların sağlamlığı üçün zərərlidir. İkincisi isə buna qarşı Azərbaycanda ciddi mübarizə aparılır. Kimsə bu fəaliyyətini davam etdirəcəksə, onların fəaliyyəti ifşa olunacaq və çox ciddi cəza alacaqlar”. Dərmandan sağalmaq əvəzinə zəhərlənənlər Saxta dərmanlar insan səhhəti üçün böyük təhlükədir. Dərmandan zəhərlənənlər günlərlə xəstəxanada müalicə alırlar. 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyir ki, bu ilin dörd ayı ərzində 48 nəfər dərmandan zəhərlənib: “Onlar Təcili Tibbi Yardımla xəstəxanaya gətiriliblər. Üç-beş gün xəstəxanada qalmaq şərti ilə hamısı evə buraxılıb. Ölüm hadisəsi baş verməyib”. Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 2234, 2017-ci ildə 2016 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb. Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərman zəhərlənmələri tutur. 2017-ci ildə kimyəvi zəhərlənməyə məruz qalanların 35,4 faizi dərmandan zəhərlənib. Milli Məclisin Əmək və sosial siyasət komtəsinin üzvü Araz Əlizadə deyir ki, dərman firmaları ilə əlbir olub, saxta dərman satan həkimlər öz peşələrindən kənarlaşdırılmalıdırlar: “Digər tərəfdən, həkimlərin maaşı da yüksək deyil. Onların məvacibi yüksək olmalıdır ki, belə saxta işbirliyi ilə məşğul olmasınlar. Həkimin də ailəsi var və onları dolandırmalıdır”. Millət vəkili hesab edir ki, saxta dərmanların qarşısı alınmalıdır: “Yoxlama zamanı bu cür həkimlər aşkarlanarsa həbs edilməlidirlər. Hətta onların əmlakı müsadirə olunmalıdır”. Qısa bir xatırlatma edək. Bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Teleqraf.com-un saxta dərmanlarla bağlı sorğusuna cavab olaraq bildirmişdi ki, dövlət qeydiyyatına alınmayan, sertifikatı olmayan dərman vasitələri aşkarlanıb: “Satışa çıxarılmadan öncə dərman vasitəsi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa görə ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycan Respublikasında Dövlət Qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yaradılmış laboratoriyaya təhvil verilir. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsi sertifikatlaşdırılaraq onun ölkəyə idxalına icazə verilir.