ZƏHƏRLƏNƏN pambıqçılardan XƏBƏR VAR - Nazirlik AÇIQLAMA YAYDI - YENİLƏNDİ

Zəhərlənən pambıqçılardan XƏBƏR VAR - Nazirlik açıqlama yaydı - YENİLƏNDİ

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 10 iyun 2018-ci il Saatlı rayonu Sımada kəndində fermer Qoçəliyev Firiddinə məxsus pambıq sahəsində alaq vuran 23 nəfərin zəhərlənməsi ilə əlaqədar araşdırma aparılır:

"23 nəfər zəhərlənmə dioqnozu ilə Saatlı rayon xəstəxanasına daxil olub. Bu barədə nazirliyə daxil olan məlumatlara əsasən 07.06.2018–ci il tarixində pambıq sahəsində alaq otlarına (kalışa) qarşı kimyəvi mübarizə aparılıb. Kimyəvi mübarizədən sonra həmin sahədə Sabirabad rayonu Moranlı kəndindən 22 nəfər və Saatlı rayonundan 1 nəfər alaqçı günəmuzd qaydada kətmənləmə işi ilə məşgul olub. Günün sonuna yaxın alaqçıların səhhətlərində pisləşmə, halsızlıq baş verdiyindən rayon xəstəxanasına müraciət olunub və həmin insanlar xəstəxanaya yerləşdirilib. Hazırda Saatlı rayonunda aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

***

Saatlının Sımada kəndində zəhərlənən 4 nəfərin vəziyyəti orta-ağır olaraq qalır:

Bu barədə AzerTaym.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, pambıq sahəsində baş verən zəhərlənmədə zərərçəkən 24 nəfərdən 4-ü Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə gətirilib:

"Hadisə ilə bağlı Bakı şəhərindən həkim briqadası Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq, onlara tibbi yardım göstəriblər. 4 nəfər qadının vəziyyəti orta-ağırdır. Bakıdakı Toksikologiya Mərkəzində onların müalicələri davam etdirilir".

***

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 işçinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Bu barədə Publika.az-a Saatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 24 nəfərdən 20-si artıq evə buraxılıb:

"Xəstəxanaya zəhərlənmə ilə 24 nəfər gətirilmişdi. Onlardan 2 nəfərin vəziyyəti yaxşılaşıb. Öz istəkləri və həkim rəyi ilə evə - ambulator müalicəyə buraxılıblar. 18 nəfər isə hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir. Onlardan 2 nəfərin vəziyyəti stabil olaraq qalır. 16 nəfərin vəziyyəti isə qənaətbəxşdir, günün sonuna kimi onların da evə buraxılacağı gözlənilir".

Xəstəxanadan işçilərin kimyəvi maddədən inqaliyasion zəhərlənmə keçirdikləri deyilib: "Pambıq sahəsində həşəratların və alaq otlarının məhv edilməsi üçün dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər".

Saatlı rayon Sımada kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, işçilərin zəhərlənməsinin dəqiq səbəbləri araşdırılır: "Ərazidə mütəxəssislər tərəfindən araşdırma aparılır. 24 nəfər kimyəvi maddədən zəhərlənib. Hazırda xəstəxanadadırlar. Daha əvvəl belə bir hal baş verməyib".

Xatırladaq ki, hadisə iyun ayının 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında baş verib. Bir qrup işçi pambıq tarlasında kütləvi şəkildə zəhərlənib.

Zəhərlənən 24 işçidən 8-i kişi, qalanları qadındır.






Fikirlər