FİTRƏ sədəqəsi NECƏ VERİLİR? - VİDEO
Acların doyurulduğu, ehtiyac sahiblərinin üzünün güldüyü Ramazan ayı fitrə sədəqəsi kimi vacib əməllə bitir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirir ki, fitrə sədəqəsi İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayının son günündə fitrə sədəqəsi verməlidir. Hacı Fuad Nurullayevin sözlərinə görə, özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsini saxlamaq üçün borc edən şəxsin fitrə sədəqəsi verməsi vacib deyildir. Fitrə sədəqəsi yalnız ehtiyacı olanlara verilməlidir. Qafqaz Müsəlmanlar İdarəsinin qazilər şurası tərəfindən tövsiyə olunur ki, fitrə sədəqəsi 5-10 manat miqdarında çıxarılsın. Maddi durumları yaxşı olan insanlar daha böyük məbləğdə fitrə sədəqəsi çıxara bilər. Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. Bayram namazı ölkə ərazisində iyunun 15-də səhər saat 8-də, bəzi məscidlərdə isə 9-da qılınacaq. (xezerxeber.az)