İCRA BAŞÇISI sahibkarın obyektini söküb, torpağını da satdı (FOTOLAR)

Nəsimi rayonunun icra başçısı Asif Əsgərov sahibkara məxsus torpaq sahəsini və onun üzərində yerləşən obyekti icazəsiz olaraq pilot layihə çərçivəsində başqa şirkətin tikinti aparması üçün qanunsuz sərəncam verib.

AzerTaym.az xəbər verir ki,bu barədə sahibkar Məhəməliyev Yusif Məhəmməd oğlu Unikal.org-a məlumat verib.

O deyib ki, Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış sahəsi icazəsiz olaraq yerlə yeksan edilib. 

Sahibkar iddia edib ki, sözügedən ərazi millət vəkili Əsabil Qasımovun qardaşına satılıb: "Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınıb. Qeyd etdiyim qeyri-yaşayış sahəsindən mən mülkiyyətçi olduğum dövr ərzində üçüncü şəxslərə münasibətdə heç bir maneə olmadan istifadə etmişəm. Lakin bir müddət öncə xəbər verildi ki, mənə məxsus əmlak sökülür. Dərhal həmin ünvana getdikdə tanımadığım şəxslər, fəhlələr tərəfindən binanın söküntüsünün həyata keçirilməsini aşkar etdim. Mülkiyyətçi olduğumu bildirsəm də, onlar buna əhəmiyyət verməyərək və qanuna zidd hərəkətlərinə son qoymayaraq söküntü işlərini davam etdirdilər. 
Araşdırma apardıqda söküntü işlərinin "Azəri Tikinti Şirkəti” MMC tərəfindən aparıldığını müəyyən etdim. Şirkət nümayəndələrindən hüquqa zidd hərəkətlərə son qoyulmasını tələb etdikdə mənə bildirdilər ki, söküntü işləri müvafiq sərəncam əsasında, yəni Nəsimi rayon İH başçısı Asif Əsgərovun imzaladığı 37 saylı, 02 fevral 2018-ci il tarixli Sərəncamı əsasında aparılır. Halbuki, həmin Sərəncamda söküntü işlərinin mülkiyyətçilər ilə razılaşmadan sonra aparılmasına dair müddəa vardı. Xüsusi mülkiyyət hüququ əsasıyla, qanuni əsaslarla mənə məxsus qeyri-yaşayış sahəsinin, əmlakımın içindəki əşyalarla birlikdə dağıdılması qanunla qorunan mülkiyyət hüququmun pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Faktiki olaraq hazırda mənə məxsus əmlakın qanunsuz olaraq dağıdılması məni mülkiyyət hüququndan məhrumetməyə yönələn bir hərəkətdir.
Mülkiyyətçi olaraq heç bir şəxsə mənə dair əmlak barədə hər hansı bir hərəkətin edilməsinə razılıq verməmiş və əmlaka münasibətdə mülkiyyət hüquqularımdan imtina etməmişəm. Əmlakımın dağıdılması mülkiyyətimə qəsddir.
Bundan əlavə, mənə məxsus qeyri-yaşayış binasının mülkiyyət hüquqlarım pozulmaqla sökülməsi nəticəsində, eləcə də həmin sahənin altında yerləşən xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus torpaq sahəsinə buraxılmaması nəticəsində mənə külli miqdarda zərər vurulmuşdur. Həmin şirkətə dəfələrlə etdiyim müraciətlər cavabsız qalmış, pozulmuş hüquqlarımın bərpası üçün heç bir hərəkət edilməmişdir”.
Sahibkar onu da qeyd edib ki, məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi də bu mülkiyyətin ona məxsus olmasını təsdqiləyib: "ƏMDK-ya etdiyim müraciət əsasında Nəsimi rayon İH Başçısı Asif Əsgərova göndərilmiş müraciətdə həmin mülkiyyətin mənə məxsus olması və pilot layihə çərçivəsində aparılan tikintinin dayandırılması tövsiyə olunub. Dövlət Komitəsi yaranmış mübahisənin məhkəmə predmeti olduğunu və hökm çıxarılanadək bu ərazidə heç bir işin aparılmamasını diqqətə çatıdırıb”.
Sahibkar məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə də müraciət edib: "Cənab prezident yuxarıdakıları diqqətinizə çatdırmaqla, mülkiyyət hüququmun bərpa edilməsi, bu işdə məsuliyyəti olan şəxslərin qanuna uyğun surətdə cəzalandırılmasına dair göstəriş vermənizi Sizdən xahiş edirəm”.
Məsələ ilə bağlı Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılovla əlaqə saxladıq. O, sahibkarın adını eşidən kimi əməkdaşımıza rəsmi müraciət ünvanlamağımızı tövsiyyə etdi.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Unikal.org-a açıqlamasında bildirib ki, pilot layihəsi çərçivəsində vətəndaşın xəbəri olmadan ona məxsus mülkün sökülməsi, satılması və yaxud icarəyə verilməsi yolverilməzdir: "Bu qətiyyən olmaz. Belə hallar qanunla qadağandır. Yalnız məhkəmə qərarı və tərəflər arasında razılıq olarsa, bu işin icrası həyata keçirilə bilər”.
Ekspert hesab edib ki, əgər hansısa bir vətəndaş belə hallarla üzləşirsə o, dərhal məhkəməyə müraciət etməlidir.
Zərəçəkmiş sahibkarın vəkili Faiq Həbibov bildirib ki, pilot layihəsi adı ilə Məhəməliyev Yusif Məhəmməd oğluna məxsus qeyri-yaşayış sahəsi və torpağı qanunsuz olaraq Nəsimi rayon İH başçısı Asif Əsgərov sərəncamı ilə "Azəri Tikinti Şirkəti” MMC-yə icarəyə verilib: "Halbuki tərəflər arasında razılıq olmadan icra başçısı tərəfindən bu "iş” yerinə yetirilib. "Azəri Tikinti Şirkəti” MMC-də icra başçısının sərəncamı ilə Məhəməliyev Yusif Məhəmməd oğluna məxsus 10 sot torpaqda söküntü işləri həyata keçirib. Yusif Məhəməliyevə ümumi dəyəri 1 milyon 200 min manata yaxın ziyan dəyib. Hazırda sözügedən ərazidə bina tikilir".
Vəkil Faiq Həbibov vurğulayıb ki, hadisə ilə bağlı iki istiqamətdə iddia ərizəsi qaldırılıb: "1 saylı İnzibati- İqtisadi Məhkəməsində icra başçısının sərəncamının etibarsız sayılması məsələsi qaldırılıb. Nəsimi rayon Məhkəməsində isə Məhəməliyev Yusif Məhəmməd oğluna dəymiş ziyanın ödənilməsi, o cümlədən torpaq sahəsindən "Azəri Tikinti Şirkəti” MMC-nin çıxarılmaq tələbi qoyulub.
1-saylı İnzibati- İqtisadi Məhkəməsində proses hələ davam edir. Nəsimi rayon Məhkəməsində isə proses keçirilib və "Azəri Tikinti Şirkəti” MMC-nin sözügedən ərazidə fəaliyyətinin dayandırılması ilə bağlı həbs qoyulub. Sonradan "Azəri Tikinti Şirkəti” MMC məhkəmənin qərarından apeliyasiya şikayəti verdi. Sözügedən məhkəmə prosesində həbs qərarı götürüldü. Hazırda biz bu qərardan da apeliyasiya şikayəti vermişik. İyul ayının 11-də məhkəmə baxışı keçiriləcək”.
Vəkil F.Həbibov hesab edir ki, hüquqların qoruduğu tərəfin tələbi qanunidir və məhkəmə tərəfindən təmin olunmalıdır: "Pilot layihələrin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2.1-ci bəndli qərarında göstərilir vətəndaşların mülkiyyətində olan torpaq sahələri əgər plana düşərsə, mövcud qanunvericiliyin tələbinə uyğun qabaqcadan razılaşdırılmaqla (ya əvəzləşdirilir, ya da dəyəri ödənilir) iş icrası həyata keçirilə bilər. Əgər tərəflər arasında bu razılaşma yoxdursa, heç kəsin ixtiyarı yoxdur ki, bu işi həyata keçirsin. Amma Nəsimi rayon İcra Hakimiyyətinin başçısı qanunsuz olaraq sərəncam verib, Məhəməliyev Yusif Məhəmməd oğluna məxsus 10 sot torpaqda tikilən obyekt də  darmadağın edilib. Bu faktla bağlı da rayon prokurorluğunda araşdırma gedir”.






Fikirlər