"Baku Electronics" mağazalar şəbəkəsi müştərilərə yeni adı ilə işlənmiş texnologiya məhsulları satır.
"AzerTaym.az" bildirir ki, Bu barədə Qaynarinfo-ya şirkətin müştərisi Ramil Əsədovməlumat verib. O, dəfələrlə şirkətə müraciət etdiyini, lakin şikayətinə baxılmadığını bildirib:
"Mən 15.11.2017 tarixində "Baku Electronics"dən iPhone 7 plus aldım. Amma telefonu qutudan çıxaranda içərisində verizon nömrə olduğunu gördüm. Həmin nömrə ABŞ-dakı mobil operatorlardan birinə aiddir. Bununla bağlı 143 məlumat mərkəzinə məlumat verdim. Mənə dedilər ki, nomaldı və guya "Apple" şirkəti həmin nömrəni yoxlamaq üçün qoyub. Halbuki, belə bir şey mümkün deyil. Çünki normalda "Apple" məhsullarının içərisində nömrə gəlmir. Daha sonra mən Apple-in dünya üzrə rəsmi "Check coverage" saytında yoxladım və məlum oldu ki, telefon 14.07.2017 tarixdə kiməsə satılıb.
Bu texnologiyalarda belədir ki, telefona əgər bir dəfə nömrə salınıb aktiv edildisə, "Apple"ın verdiyi rəsmi zəmanət müddəti həmin gündən etibarən qüvvəyə minir. Əgər mən bu telefonu 15.11.2017 tarixdə almışamsa, o zaman həmin saytda zəmanət müddəti 2018-ci ilin eyni gününə qədər göstərilməli idi. Artıq bilmirəm 1 günmü, yoxsa 1 aymı işlədilib, amma aldığım telefon işlənmiş məhsuldur.
Orda mənə özünü şirkətin meneceri kimi təqdim edən Renat adlı şəxs əyləşib və deyir ki, bizdə belədir, təqdim etdiyiniz sübut deyil, ona görə də telefonu nə dəyişirik, nə də əvəzləmirik. Dünən isə mənə rəsmi cavab veriblər ki, bu telefonun ilk istifadəçisi sizsiniz. Hansı ki, mən burda "Apple"ın rəsmi təmsilçisi olan "Alma Store"yə müraciət etmişəm və onlar da baxan kimi telefona daha öncə nömrə salındığını təsdiqləyiblər. Mən "Baku electronics"ə həmin servisdən arayış gətirə biləcəyimi də bildirdim, lakin sözlərindən belə çıxdı ki, həmin arayışın şirkətin baş ofisindən almalıyam. Texnologiya əsridir və məndən tələb etdikləri sadəcə gülünc bir şeydir.
Mən Binəqədi rayon məhkəməsinə və prokurorluğuna da bu barədə müraciət edəcəyəm. Sizdən xahişim budur ki, Azərbaycan vətəndaşlarını aldadan və dələduzluqla məşğul olan bu şirkətin özbaşınalığını ictimailəşdirəsiniz".
Məsələ ilə bağlı "Baku Electroniks"lə əlaqə saxladıq. Şirkət nümayəndəsi özünü təqdim etməsə də dediklərinin şirkət adından dərc edilə biləcəyini bildirdi:
"İstənilən "Apple" servisindən bizə telefonun işlənmiş olması və ya iddia etdiyi tarixdə satıldığına dair rəsmi arayış gətirsə, yaxud məhkəmə qətnaməsi, ekspertizaya rəyinə əsasən telefonun həqiqətən işlənmiş olduğu sübut edilsə, o zaman bu məsələni müzakirə edərik. Noyabr ayında alıb, amma iyul ayında gəlib ki, bu, işlənmiş telefondur. Biz zəmanət daxilində satılmış texnikanın qüsuruna və ya hansısa işləməyən detalının dəyişdirilməsinə cavabdehik. Biz kifayət qədər ciddi bir şirkətik. iPhone və ya başqa bir məhsun dəyişdirilməsi və ya qaytarılması bizim üçün problem deyil. Amma o şərtlə ki, bu ədalət çərçivəsində olsun".
İddiaçı aprel ayında "Baku Electronics"dən "MacBook" da aldığını, lakin belə bir problemlə qarşılaşmadığını söyləyib:
"Mən aprelin 23-də onlardan "MacBook" da almışam və həmin saytda yoxlanış edəndə, zəmanət müddəti 2019-cü ilin aprelinə qədər, yəni necə olmalıdırsa, elə göstərilir.Əgər mən, loru dillə desək, mərdimazar biri olsaydım, onun da keyfiyyətsiz olduğunuiddia edərdim. Mağazanın daimi müştərisiyəm, amma göstərdikləri münasibət göz önündədir".
Məsələ ilə əlaqədar olaraq "Apple" məhsullarının Azərbaycanda rəsmi satışı ilə məşğul olan "Alma Store" şirkəti ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsiRza Məmmədlidə ""Check coverage" saytının "Apple"in rəsmi sistemi olduğunu və orada "Apple" məhsullarının hansı tarixdən etibarən satıldığına dair göstərilən məlumatın tamamilə düzgün qeyd olunduğunu təsdiq edib.
Qeyd edək ki, "Baku Elektronics"i əslən Güney Azərbaycandan olan Məcid, Həbib və Səid Naxçıvani qardaşları idarə edir.
Fikirlər