Piriyevlərin Londonda 1 milyard dollarlıq blefi: bond, yoxsa Ceyms Bond?
"AzerTaym.az" bildirir ki,Virtualaz.org saytı rəsmi press-relizə istinadən xəbər vermişdi ki, Bakının Qaradağ rayonunda yerləşən metanol zavodunun (“Azerbaijan Metanol Company”-“AzMeCo”) sahibi olan oliqarxın Londonda olan oğlu Nəsib Piriyev “AzMeCo”ya hüquq xidmətləri göstərən “Hidhgrove Securities LLP” hüquq firması ilə müqavilə əsasında zavodun refinansə edilməsi və Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunu qaytarması üçün 1 milyard dollarlıq bond buraxacaqlarını elan edib.
Həbsdəki oliqarxın oğlu bəyan edib ki, istiqrazlar fərdi investorlara təklif edilib və beynəlxalq investorlarla zavodun refinansə edilməsinə dair danışıqlar başa çatıb.
Eyni zamanda qeyd etmişdik ki, indiki situasiyada Piriyevlərin 1 milyard dollarlıq bond buraxmaq barədə məlumat yayması blef ola bilər. Çünki “AzMeCo”nun zavodu artıq fəaliyyətini dayandırıb. SOCAR Piriyevə qazı güzəştli qiymətə satmaq istəmir və metanol istehsalında əsas xammal olan təbii qazın zavoda verilməsini dayandırıb.
Daha sonra Nizami Piriyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı artıq rəsmi ittiham irəli sürülüb.
Piriyevlərin 1 milyard dollarlıq bond barədə elanlarının blef ola biləcəyinə dair təxminlərimiz özünü doğruldur. Belə ki, Londonda müştərilərə bondların buraxıması yolu ilə investorları cəlb etməkdə kömək edən, borc istiqrazlarının buraxılması işini təşkil edən “Debt Capital Markets” (DCM) rəsmiləri “AzMeCo”nun bondları barədə onlara müraciət edilmədiyini açıqlayıblar. Bu barədə “Global Capital” iki DCM rəsmisinə istinadən xəbər yayıb.
“Biz bu bondlarla bağlı sorğunu görməmişik” - deyə DCM rəsmiləri bildiriblər.
Başqa sözlə, Piriyevlərin Londonda 1 milyard dollarlıq bond buraxması əsl Ceyms Bond əhvalatını xatırladır.
Piriyevlərin Bakıdakı zavodu xilas etmək üçün iri məbləğdə borca girmək cəhdləri yeni deyil. Ötən ilin yayında Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum zamanı ata-oğul Piriyevlər Rusiyanın “Sberbank”ı ilə əməkdaşlıq müqaviləsi imzalamışdı. Həmin müqaviləyə əsasən “Sberbank” tərəfindən “AzMeCo”nun ümumi məbləği təqribən 1,5 milyard dollar olan bir sıra layihələrinin maliyyələşdirilməsi, o cümlədən Bakının Qaradağ rayonunda metanol zavodunun 450 milyon dollar məbləğində yenidən maliyyələşdirilməsini, Moskvada kommersiya xarakterli ticarət məkanlarının, habelə Rusiyada metanol zavodunun tikintisi layihələrinin uzunmüddətli maliyyələşdirilməsini nəzərdə tutulurdu. Memorandumu ata Piriyev imzalayıb.
“AzMeCo Group”un rəhbəri, Nizami Piriyevin oğlu Nəsib Piriyev imzalanma mərasimində deyib: “Biz son altı ay ərzində bu sazişin üzərində gərgin işləmişik və mən çox şadam ki, bu gün, nəhayət, biz onu işə sala bildik. Səmərəli fəaliyyətə və bu sazişin gerçəkləşməsinə görə mən “Sberbank”ın və “AzMeCo”nun komandalarına təşəkkür edirəm. “Sberbank” ilk dəfədir ki, Azərbaycanın özəl şirkətini maliyyələşdirəcək və mən fəxr edirəm ki, bu şirkət məhz “AzMeCo” olacaq. Biz həmçinin ümid edirik ki, bu presedent gələcəkdə də Azərbaycanda özəl bizneslə beynəlxalq bankların əməkdaşlığını asanlaşdıracaq”.
Lakin həmin vaxtdan bir il yaxın vaxt keçsə də Piriyevlər “Sberbank”dan borc alıb Azərbaycan Beynəlxalq Bankının pulunu qaytara bilməyiblər. Nəticədə ata Piriyev borc söhbətini “Bandotdel”də davam etdirməli olub...