Sabahdan hərbçilərin ailə üzvləri BİRDƏFƏLİK müavinəti ala bilər

Sabahdan hərbçilərin ailə üzvləri birdəfəlik müavinəti ala bilər

"Sabahdan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında "birdəfəlik ödəmə" bölməsinə daxil olmaqla hərbi qulluqçuların soyadı, adı və atasının adını daxil edərək birdəfəlik ödəməni almaq hüququnun olub olmadığını yoxlaya bilərlər". 

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi üçün müraciət qaydaları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanı tam şəffaf yerinə yetirilməsi üçün yaradılmış komissiya tərəfindən bir sıra işlər görülür:

"Sabahdan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında "birdəfəlik ödəmə" bölməsinə daxil olmaqla hərbi qulluqçuların soyadı, adı və atasının adını daxil edərək birdəfəlik ödəməni almağa hüququnun olub olmadığını yoxlaya bilərlər. 

Axtarışın nəticəsi olaraq "Hərbi qulluqçunun birdəfəlik ödəməni almaq hüququnun olması ilə bağlı cümlə çıxdıqda həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer notariat kontoruna müraciət edir.

Notariat kontoruna təqdim olunan sənədlər qaydasında olduğu təqdirdə məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində nazirliyin mərkəzi elektron informasiya sisteminə ötürülür.

Daha sonra ƏƏSMN tərəfindən tələb olunan maliyyənin ayrılması məqsədi ilə Maliyyə Nazirliyinə müraciət olunur.
Son olaraq ödəmə vərəsənin bank hesabına köçürülür.

Daimi əsaslarla ölkə kənarında yaşayan şəxslər isə tələb olunan sənədlərlə birlikdə konsulluq və nümayəndəliklərə müraciət edə bilər".

***

Nazir qeyd edib ki, vətəndaşın nazirliyə gəlməsinə ehtiyac yoxdur:

"Ən geci ayda bir dəfə olmaqla Maliyyə Nazirliyinə müraciət olunacaq və vərəsələr inventarlarını əldə edəcək. Ehtiyac olduğu təqdirdə bu vaxt sürətləndirilə də bilər. Cari il üçün 58 milyon vəsait ayrılıb və eyni proses növbəti ildə də davam edəcək. Müraciətlər sürətli olarsa, gələn il tam yekunlaşdıra bilərik". 

S. Babayev yarana biləcək problemlərin həllinə də münasibət bildirib:

"Mənə elə gəlir ki, əsas çətinlik vərəsələrin çox olması ilə bağlı ola bilər. Bu zaman yaxşı olar ki, vərəsələr öz aralarında razılığa gələ bilsin. Notariusda bölgü aparılacaq və 11 min manat həmin vərəsələr arasında bölünəcək.

İşpazlar hansısa neqativ yollara əl ata bilərlər. Biz bunu bir sıra işlərdə görürük. Gələn şikayətləri araşdırdıqda çəkilən adların çoxunun nazirliyin işçiləri ilə əlaqəsinin olmadığı görünür. Bu kimi vasitəçilərin bazarını öldürmək üçün də güclü təbliğat işi aparılmalıdır".

 




 






Fikirlər