8 ayda 9877 BOŞANMA - Qayınana müdaxiləsinin ACI SONLUĞU

Картинки по запросу boşanma

“Qırağına bax bezini al, anasına bax qızını al”... İllərdir yeni ailələrin qurulması ərəfəsində əsas meyar olan bu atalar sözü 21-ci əsrdə də öz aktuallığını qoruyub saxlayır və müasir dövrdə bəzi anaların öz qızlarının evinin dağılmasına vəsilə olması ilə bağlı daha çox uzlaşır.

Bəli, son dövrlər Azərbaycanda ailələrin dağılma səbəblərindən biri kimi qız analarının yeni cütlüyün şəxsi məsələlərinə müdaxiləsini əsas göstərmək olar. Müdaxilələr isə ailənin yenicə qurulma ərəfəsindən start götürür: “Qızım filan firmanın gəlinliyini geyinməlidir”, “qızım filan salonda bəzənməlidir”, “filan birillantı taxmalıdır” və s. Toydan sonra isə şərtlər daha da qəlizləşir. Qız analarının hamiləlik vaxtı həkim seçimi, doğuş vaxtı xəstəxana seçimi, ayrı evə çıxmaq kimi tələbləri baş qaldırır. Zərbə isə çiçəyi burnunda olan cütlüyə dəyir və yenicə qurulan ailə dağılır. 
Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir.

Ekspetlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər uzanır.

Bu ilin 8 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə  14514 boşanma halı baş verib.

Ötən il daha çox 30-34 yaşlı kişilər və 25-29 yaşlı qadınlar nikah münasibətlərinə son qoyublar.

 Ailələrimizdə hökmranlıq etmək trendi...

 “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a bildirib ki, yeni qurulan ailələrə müdaxilə məsələsi çox ciddi problemdir:

“Fərq etmir bunu qız anası edir, yaxud oğlan anası edir. Təbii ki, qız anaları övladları üçün ideal mühit, rahatlıq istəyirlər. Bu rahatlığın içərisində təəssüflər olsun ki, dözümlülük, tolerantlıq, qarşılıqlı hislərin təbliği yox, hökmranlıq etmək üstünlük təşkil edir. Əslində  bizim ailə münasibətlərimizdə hökm etmək, birinci olmaq, söz keçirmək əsas prioritet kimi qəbul olunub. Bu isə yeni ailə quran gənclərin müstəqil qərar qəbul etməsinə maneçilik törədir”.

 “Bəzi analar qızlarını yönləndirir”

 Qızlarını yönləndirən analara gəldikdə, hüquq müdafiəçisi hesab edir ki, bir çox vaxt hallarda bu cür analar maddi baxımdan üstün olanlardır:

“Hansı ki, iqtisadi imkanlar onların əlindədir, oğlan evindən maddi cəhətdən daha üstündürlər. Təbii ki, reallıqda bu bir meyar deyil. Çünki ailələr gənclərin öz ayaqları üstündə durmalarına yardım edə bilərlər. Bu isə onların işinə müdaxilə etməyə səbəb olmamalıdır. Maddi üstünlük kiminsə üzərində hökmranlıq, onu mənəvi cəhətdən əzmək üçün əsas deyil. Əvvəllər oğlan evində, oğul anaları hökmranlıq gücünü nümayiş etdirirdi. Düşünürəm ki, bu cür “səlahiyyətlərin” oğlan analarından qız analarına ötürülməsi iqtisadi amillə bağlıdır. Çünki qız analarının  müdaxiləsi və idarəetmə həvəsini başqa cür əsaslandırmaq mümkün deyil. O ailələrdə ki, gənclərin maddi asılığı var, o evlərdə mütləq narazılıq baş qaldırır”.

 Gənclərimizin “yox” deyə bilməmək stereotipi

 M.Zeynalovanın sözlərinə görə, bəzi ailələrdə heç maddi asılılıq olmayanda belə, qızların aşırı dərəcədə analarına bağlılığı problem yaradır:

“Bu isə anaların özünü təqdimetməsilə bağlıdır. Mahiyyətcə hər iki halda qız və oğlan anasının ailəyə müdaxiləsi gənclərin müstəqil olmamasından xəbər verir və gənclərin münasibətlərini bərkitməmiş ailə qurmasının göstəricisidir. Bir də gənclərimizin valideyn müdaxiləsinə “yox” deyə bilməmək stereotipləri var. Bizə illərdir aşılayırlar ki, valideyn dediyi qanundur və bu qanundan kənara çıxmaq olmaz. Böyüklərin sözünə qulaq asmaq baxımından bunu müsbət qiymətləndirmək olar. Amma valideynin neqativ müdaxiləsi, ailənin dağıdıcı qüvvəsinə çevrilməsi zamanı buna göz yummaq və etiraz etməmək gənclərin xarakterinin formalaşmaması və şəxsiyyət kimi müstəqil olmamasından xəbər verir”.

 İnsanın geyiminə qarışmaq onu aşağılamaqdır”

 M.Zeynalova bildirir ki, bəzi gənclər ailə qurarkən tələsik qərar verirlər:

“Gənclər ailə qurmazdan əvvəl bir-birilərini olduğu kimi tanımaq və olduqları kimi qəbul etmək bacarığına malik olmurlar. Ənənəvi olaraq onların yerinə başqaları qərar qəbul edir. “Qızım bu salonda bəzənməlidir”, “qızıma bu qızıllar alınmalıdır”, yaxud “qızına filan cehizləri verməlisən” kimi cılız şərtlər yeni ailənin bünövrəsinin sağlam olmamasına gətirib çıxarır. Ailə də dövlət kimidir. Təsəvvür edin, yeni bir dövlət qurularkən kənardan hərə bir şərt irəli sürür. Əgər yetkin şəxs kimi müstəqil olmaq istəyirsənsə, gələcəkdə öz ailəndə doğulacaq uşaq barədə öz qərarların olmalıdır. Əks təqdirdə bu, həmin ailədə doğulacaq uşaqların təlim-tərbiyəsinə də öz təsirini göstərəcək. Problem  bilirsiniz nədədir? Valideynlər övladlarının tərəflər arasında nüfuz qazanmasına imkan vermirlər. Nəticədə şəxsi və psixoloji olaraq insanların aşağılanması və qüruruna toxunulması təsiri bağışlayır ki, bu da ailənin dağılmasına gətirib çıxarır. Bunun qarşısının alınması isə gənclərin müstəqil qərar vermələrindən çox asılıdır. Mən demirəm ki, ata-ana sözü eşidilməsin. Əsla! Sadəcə, ortaq məxrəci tapmaq lazımdır ki, tərəflərə qırıcı təsir göstərməsin. Mən hesab edirəm ki, ananın öz qızının ailə qurması zamanı geyiminə, makiyajına müdaxiləsi çox biabırçı sterotipdir. Ümumiyyətlə, bunu intellektsiz, səviyyəsiz bir şey kimi qiymətləndirirəm. Demək ki, “mənim qızım filan salonda bəzənməlidir”, bu sadəcə düşüklükdür. Xüsusən də geyim məsələsində. Qoy buna gənclər özü qərar versin. Düzdür, bəzi hallarda kişilər də qadınlara qadağalar qoyur ki, “belə geyinmək olmaz, elə geyinmək olmaz” və s. Bu gün “yalnız mən istədiyim kimi geyinməlisən” deyən kişilərin olması heç kimə sirr deyil. Bunun özü də absurddur. Mən demirəm qadın açıq-saçıq geyinib özünü çöldə qoysun. Amma qadını çox zövqsüz geyinməyə vadar etmək də doğru deyil. Şəxs öz geyimini özü seçməlidir. Yoxsa bəzi kişilər qadını eybəcər formaya salır ki, “mən belə istəyirəm”. Halbuki, bu insanın şəxsiyyətinin alçaldılmasıdır. Eləcə də oğlan anaları var ki, gəlinin geyiminə qarışır.

21-ci əsrdə bu cür xırda, cılız məsələlərlə ailə münasibətlərinə müdaxilə etmək, geridəqalmışlıqdan başqa bir şey deyil.  Gənclər hər şeydə müstəqil qərar verməlidirlər. Qoy onlar problemin nə olduğunu və onun necə həll olunacağını bilsinlər. Bu gün ərin də arvadın da nüfuzu məsələsi önəmli olmalıdır. Boşanmaların əksər səbəbi qadın və kişinin, ər və arvadın bir-biri qarşısında nüfuzunun aşağılanması və yoxa çıxarılması dərəcəsinə çatdırılmasıdır”.

 






Fikirlər