ŞADLIQ saraylarının "BALIQ MENYUSU" TƏLƏSİ

Şadlıq saraylarının

Azərbaycanda şadlıq evi biznesi cəmiyyətin ağrılı yeridir və tez-tez müzakirə obyekti olur. Gündən-günə menyu qiymətlərinin bahalaşması da insanları çətinliyə salır. Amma hər kəs daha bahalı menyunun daha yaxşı olduğunu düşünür və buna üstünlük verir. "Yeni Müsavat” bu məsələ ilə bağlı ilginc bir məqamı diqqətə çatdırır.
Bakıda üç-dörd mərtəbəli tikililərdə 400 nəfərin yerləşə biləcəyi zallar var. Menyu da rəngarəngdir. Bəzi şadlıq saraylarında qiymətlər 50 manatdan başlayıb 250 manatadək davam edir. Bakıda dəbdəbəli şadlıq evlərindən başqa, kiçik zalları olan restoranlar da tikilib. Onlarda menyunun qiyməti 50 manatdan 100 manatadək dəyişir. Ancaq bu restoranlarda menyudan hansısa yeməyi xaric etmək qeyri-mümkündür. Restoran sahibləri tərəfindən tərtib edilən menyudan imtina onlar üçün sərfəli olmadığından min cür bəhanə ilə toy sahibi yola gətirilir.
Menyuya nəzər yetirək; soyuq yeməklər: qara-qırmızı kürü, kərə yağı, yaşıl zeytun, qara zeytun, limon, alça marinadı, heyva marinadı, toyuq qril, turşu assorti, duxovka balıq, jiqo (quzu budu), holland pendiri, brınza pendiri, motal pendiri, hisə verilmiş pendir, şor, təzə xiyar, təzə pomidor, göyərti (müxtəlif). İsti yeməklər: toyuq kababı, xaşlama, toyuq kababı, toyuq lüləsi, lülə kabab, tikə kabab, hinduşka kababı, dana basdırması, balıq kababı, göbələk, toyuq fele (sac), kartof kroketi, ət qutabı, göy qutabı, plov, turşu-qovurma. 
Salatlar: Şahsənəm, kapriz, paytaxt, şuba, brusel, imperial, toyuq. Bundan başqa, ət assorti və kolbasa assorti, un məmulatları, içkilər, desert və servis (video, musiqi, avtomobil, bar xidməti, dəvətnamə, rəqs proqramı, qrup diskoteka, şar, puşka) də daxildir. Müğənnilərin dəvəti, dekorativ bəzəmə kloun, atəşfəşanlıq və sair isə toy sahibinin istəyi və cibinə görə sifariş edilir.
30 günlük müddət içərisində istənilən şadlıq evində azı 15-20 gün toy olur. Bu 20 gün ərzində toyda orta hesabla 150-200 nəfər şəxs iştirak edirsə, həmin şadlıq evi 50 manatlıq menyusu ilə 10 000 manat qazanc əldə edir. 20 gün ərzində isə 200 000 manat edir. 200 000 manat aylıq dövriyyəsi olan bir şadlıq evinin bu gün vergisi heç 10 000 manat belə deyil. Çünki burda qeyri rəsmi dəyişikliklər də olur. Vergini verib, həmin dəyişiklikləri edirlər. Menyulara baxdıqda isə görürük ki, eyni yemək bir menyuda başqa formadadır. Bununla da menyunun qiyməti avtomatik qalxır. Digər tərəfdən, əlavə xidmətləri daxil etməklə menyunun qiymətini artırırlar. Ancaq qiymətlərin vergiyə görə yüksək olması fikrini qəbul  etmirəm. Çünki şadlıq evləri bu gün tam vergi vermirlər. Qiymətlərin yüksək olması tələbatın çox olmasındandır. Tələbat artdıqca qiymət qalxır.
"Yeni Müsavat”a daxil olan şikayətlərdə isə bildirilir ki, şadlıq evlərində menyu qiymətləri əsasən "balıq menyusu” adlandırılan kateqoriyaya görə qaldırılır. Hər nə qədər Xəzər sahilində yerləşən şəhərin sakinləri olsaq da, balıq bizim süfrələrimiz üçün delicates hesab edilir və insanlar xüsusən də toy süfrəsinə balığı əlavə etmək istəyirlər. Amma bu məqamda toy sahibləri də saxtalarlığa yol verir və okean balıqlardanını, dondurulmuş balıqlardan ibarət kababları, qızartmaları menyuya əlavə edirlər. "Osatrin kababı” adı ilə təqdim edilən yemək dondurulmuş balığın kababı olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat”da açıqlamasında bildirdi ki, bu yaxınlarda "Venera” şadlıq sarayından ona şikayət gəlmişdi. Şikayətə əsasən, razılaşmanın əksinə olaraq, restoran menyudakı bütün yeməkləri süfrəyə verməmişdi. Müsahibimiz iddia edir ki, şadlıq evlərinin işi qonaqların oranı daha tez tərk etməsi üzərinə qurulub. Səs, temperatur, yeməklərin təqdim olunma ardıcıllığı buna hesablanıb: "Məqsəd ancaq odur ki, qonaqlar tez durub getsinlər. Toy yiyəsi də bu işlərə təsir edə bilmir. Burda yazılı müqavilə bağlanmır. Zəhərlənmə olanda da heç kəs məsuliyyəti üzərinə götürmür. Balıqar gözlədiyimiz kimi deyillər. Bu halda ki, nə ictimai nəzarət var, nə də toy yiyəsi nəzarət edir. Dondurulmuş, yararlılıq müddəti keçmiş balıqlardan yeməklər hazırlayıb, süfrəyə verirlər. O yerdə də ictimai nəzarət yoxdur, orda problemlərin olması da istisna deyil”.
E.Hüseynov dedi ki, Qida Təhlükəsizliyi Agentliyi (QTA) işçiləri evə gedəndən sonra toy mərasimləri başlanır və buna görə də onların toyxanalara nəzarət imkanı yoxdur. Müsahibimizin sözlərinə görə, toyxana sahibləri də qonaqların daha az yeyib, daha tez getməsi üçün məqsədli şəkildə fəaliyyət göstərirlər: "40 gün öncə agentliyə təklif verdik ki, cəld reaksiya mexanizmi yaradılsın. 1003 qaynar xətti var. İnsanların zəhərlənmələrlə bağlı müraciət etməsi üçün yaradılsa da, o nömrəyə cavab verən olmur. Amma Azad İstehlakçılar Birliyinin qaynar xəttinə sutkanın 24 saatında da kim istəsə müraciət edə bilər. Mən müraciət edənlərə məsləhət verir və yol göstərirəm”.






Fikirlər