İCRA HAKİMİYYƏTİ Atatürk parkında aparılan söküntü və yenidənqurma işləri barədə MƏLUMAT YAYDI (YENİLƏNDİ)
“Gəncilk” metrostansiyasının çıxışında yerləşən Atatürk parkında yenidənqurma işlərinə başlanılıb. Artıq ərazidəki restoranlar, ticarət obyektləri sökülür. Məlumata görə, söküntü işləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrinə əsasən aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov AzerTaym.az-a bildirib ki, parkın hazırkı durumu qane edici deyil: “Park böyük şəxsiyyətin adını daşıyır. Bugünkü şərait isə bizi qane etmir. Ona görə də parkın yenidən qurulması üçün layihə hazırlanır. Layihə təsdiq olunana qədər parkda təmizləmə işləri aparılır. Müvəqqəti obyektlər sökülür, rekonstruksiya aparılmasına hazırlıq görülür”. İ.Kərimov bildirib ki, parkın vəziyyəti ilə bağlı ətraf ərazilərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar daxil olurdu. "Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qərara alınıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri-qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyektlər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub. Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılaraq buranın sakinlərin ixtiyarına verılməsi nəzərdə tutulub".