“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirildi
Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə Bakı şəhərində “Onlayn media və müəllif hüquqları”mövzusunda konfrans keçirib. "AzerTaym.az" bildirir ki, konfransa ənənəvi KİV, onlayn media təmsilçiləri və internet fəalları qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnternet media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüqqlarının qorunmasını çətinləşdirib. Baxmayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Qaydalarının əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”. Konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov çıxış edərək, KİV-də müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar və mexanizmlər barədə məlumat çatdırıb. O, təmsil etdiyi Agentliyin KİV-lə sıx əməkdaşlıq etdiyini və bu sahədə nailiyyətlər əldə etdiyini də diqqətə çatdırıb. “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Region plus” Jurnalının baş redaktoru Namiq Mailov, “Aktor.az” saytının baş redaktoru Telman İsa, “Millətçilik” qəzetinin redaktoru Sevda Elay, JAM sədri Seymur Verdizadə çıxışlarında müəllif hüquqlarının qorunmasının KİV-lər və jurnalistlər üçün öznəmini vurğulayaraq, bu sahədə mövcud olan problemlərdən danışıblar. Onlar keçirilən konfransın bu sahədə yeni proseslərə yol açacağını vurğulayıblar. Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb və Cənub bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün seminarlar da keçirilib. Həmçinin, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə mövzu üzrə cib kitabçası da çap edilib, jurnalistlər arasında pulsuz paylanır.