BDU-nun yeni rektoru kimdir? - DOSYE!

BDU-nun yeni rektoru kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
"AzerTaym.az" bildirir ki, Babayev Elçin Səfəralı oğlu 1965-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib. 
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Bu günədək Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinin rəhbəridir.
Onun Günəş-Yer əlaqələrinin öyrənilməsi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ, Yunanıstan, Bolqarıstan, Belçika, Ukrayna, Rusiya, İngiltərə, Slovakiya və digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm və yeni nəticələr alınıb, xaricdə nüfuzlu jurnallarda onlarla məqalələr dərc olunub, bu işlərə onlarla istinadlar verilib, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium və seminarlarda şifahi məruzə edilib.
1999-2000-ci illərdə BMT-nin Xarici kosmosun tədqiqi üzrə Vyana Ofisinin (UNOOSA) proqramı çərçivəsində bir il müddətində Avropa Kosmik Agentliyində (Hollandiya) tədqiqatçı alim kimi çalışarkən Yer ionosferində yayılan mikrodalğa uzunluqlu elekromaqnit dalğalarının ssintilyasiysının öyrənib. Transionosferik GHz tezlikli GPS siqnallarının ssintilyasiyasına heliogeofiziki şəraitin və digər fiziki faktorların təsiri bütün en dairələri üçün araşdırılmış, orta en dairələri üçün daha ətraflı tədqiq edilmiş və nəticələr Avropa Kosmik Agentliyində dərc olunub (E.S.Babayev, Scintillation of transionospheric radio waves. European Space Agency (ESA) Publication - EWP- 2064, ESA Publications Division: ESTEC Repro, Noordwijk, The Netherlands, 2000, 185 pages).
Stenford Universiteti (ABŞ) ilə yaradılmış əlaqələr sayəsində 2008-ci ildə Yer ionosferində Çox Aşağı Tezlikli (VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi üzrə bu Universitetdə hazırlanmış cihaz Şamaxı Astrofizika Rəsədxanasında qurulmuş və beynəlxalq tədqiqatlar şəbəkəkəsinə qoşulub.
Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi üzrə tədqiqatlar NASA-nın Beynəlxalq Heliofizika İli (İnternational Heliophysical Year – İHY: http://ihy2007.org/) üzrə proqramına daxil edilib, ilk dəfə olaraq Günəş-Yer əlaqələri üzrə ixtisaslaşmış "Sun and Geosphere" (http://sungeosphere.org/) beynəlxalq jurnalı (ilk baş redaktoru və hal-hazırda fəxri redaktoru Elçin Babayevdir) ŞAR-da nəşr olunub.
Çox sayda elmi əsərin müəllifi olan Elçin Babayevin Beynəlxalq Astronomiya İttifaqının, Avropa Astronomiya Cəmiyyətinin, Beynəlxalq Biometeorologiya Cəmiyyətinin üzvü, Avroasiya Astronomiya Cəmiyyətinin İdarə Heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir.
Elçin Babayev Azərbaycan Dövlət Pedaqoji Universitetində (1996-1997), Bakı Dövlət Universitetində (1998-1999) və Əmək və Sosial Münasibətlər Akademiyasında (1996-1999) çalışıb.
O, 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.






Fikirlər