Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?
Bakının ortasında, günün günorta çağı Bakı sakinlərinin “Sovetski”dəki mülkləri dəyər-dəyməzinə ələ keçirilir. Yəqin ölkənin baş şəhərinin sözügedən bölümünün şəhərin ən görkəmli, məmurların dili ilə desək, ən “prestijni” yeri olduğunu vurğulamağa ehtiyac yoxdur. Bakılıların mülklərinə yiyəlik hüququ tanınsa, gerçək anlamda evlərinin alqı-satqısı sonucunda milyonçu olardılar. Di gəl, hökumətin BŞİH, Yasamal Rayonu İcra Hakimiyyəti və Maliyyə Nazirliyinin başbilənlərindən təşkil etdiyi komissiya mülk yiyələrinə yalnız yaşayış sahəsinin hər kvadrat metrinə görə 1500 manat, yardımçı tikililərə görə isə bu məbləğin 50-70 faizində ödəmə təklif edir. Düzdür, məbləği nüfuzlu komissiya hesablayıb, di gəl, bu hesablamada bir çox çalarlar, nüanslar yaddan çıxıb. Başlıca unudulan nəsnə sosial ədalət prinsipi, narahatçılıq üçün, çətinliklərə görə kompensasiya və tikilinin altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsidir. Alıcı dövlət komissiyası torpağın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının olmamasını əsas tutub , ödənişdən imtina edir. Çıxarışı olanlar isə sözün gerçək anlamında aldadılır. Bəşir Səfəroğlu -7 ünvanında 2 sotluq həyətyanı torpağa çıxarışı olan Xəlilova Həmayıl xanımın əmlakından əvəzi ödənilmədən məhrum edilməsini maliyyə, bank, icra hakimiyyətinin mütəşəkkil fırıldağı kimi dəyərləndirmək olar. Dörd ailənin yaşadığı böyük mülk “Unibank”ın kredit borcuna qurban gedib. Bank müştərinin manatla kredit götürmək istəyini nəzərə almadan, mülk yiyəsinə 90 min dollar kredit verib. Devalvasiya krediti şişirtməsin deyə, alqı-satqı müqaviləsi əsasında evinin və torpağının dəyərini tələb edən xanımı 3 ildən çox süründürən Bakı şəhəri icra hakimiyyətindəki komissiya, beləcə borcun 221 minə qalxmasına nədən olub. Maraqlıdır ki, ortalıq 2 ay qabaq ölkənin 1-ci vitse-prezidentinə müraciətlə torpağının dəyərinin ədalətli bazar qiymətinə uyğun ödənilməsini diləyən Həmayıl xanımı BŞİH-dəki komissiya “Unibank”ın təmsilçisi ilə birlikdə qarşılayıb. Yəni təklif olunan onqat az məbləğdən imtina edilsəymiş, mülk yiyəsi hələ mülkün dəyərindən əlavə borca düşəcəkmiş. Beləcə, xanımı borc qarşısında 2 sotluq torpaq sahəsinə görə cəmi 97 min manata razı olmağa məcbur ediblər. Belə çıxır, şəhərin mərkəzində torpağın bir sotunun bazar qiyməti 29 dollardır? Sözügedən ərazidə torpağın sotunun bu məbləğdən onlarla dəfə çox -250-300 dollar arasında olmasını həmin ərazidəki torpaq bazarı sübut edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında “ 20 aprel 2010 tarixli qanunun 58 -ci maddəsində torpağın qiymətinin onun bazar qiymətinə uyğun müəyyən edilməsi üçün 100 ( bazar olmadıqda 250 və 500 ) metrədək olan məsafədə mövcud olan alınacaq torpağa uyğun torpağın bazar qiymətinin əsas götürülməsi təsbit olunub. Həmin qanunun 63-cü maddəsinə görə, narahatçılıq üçün kompensasiya, 66 -cı maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxsin alınan yaşayış sahəsində yaşayış müddətindən asılı olaraq ödənilən ümumi məbləğin 5 faizindən 10 faizinə kimi çətinliyə görə kompensasiya ödənilməlidir. Bunlar isə ümümiyyətlə, ödənilmir. Elə Həmayıl Xəlilovanın adına “Unibank”a ödənilən 340 min manatın 10 faizi, yəni 34 min manatlıq çətinliyə görə kompensasiyanı da Maliyyə Nazirliyinin, BŞİH-in, Yasamal icra hakimiyyətinin birgə komissiyası mənimsəyib. Bu da olur dövlət ehtiyacları üçün torpağın ədalətli alqısı... Onu da vurğulayaq ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 1.1.2 maddəsində “torpaq” dedikdə tikilinin altında yerləşən torpaq sahəsinin də nəzərdə tutulması təsbit olunub. Bu isə o deməkdir ki, vətəndaşın mülkünün altındakı torpağın çıxarışını tələb edib, kompensasiya ödəməkdən imtina etmək yolverilməzdir. Bu imtina “Sovetski” sakinlərinin torpağından maliyyə, icra hakimiyyəti qurumlarının gen -bol yararlanması amacı güdür. Mülk, altındakı torpaq mülk yiyələrini yox, onu rüşvət (oxuma dövlət) ehtiyacı üçün alanları kompensasiya yiyəsi edir. .. Məğrur BƏDƏLSOY, Hurriyyet.org