Gənc və aztəminatlı ailələrin mənzil problemi:mütəxəssis optimal ÇIXIŞ YOLU göstərir
Bu il noyabrın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə Azərbaycanda 1 344 686 043 manat məbləğində 27 113 ipoteka krediti verilib. Fonddan verilən məlumata görə, zəmanət verilmiş kreditlərin ümumi məbləği 46 859 000 manat, dövriyyədə olan istiqrazların ümumi məbləği isə 707 672 002 manat təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında verilmiş ipoteka kreditlərinin sayı 1 884, məbləği 127 457 696 manat, zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 29 330 000 manat təşkil edib. Azərbaycanda xüsusilə də gənc ailələrin evsizlik problemi olduğu hər kəsə məlumdur. Ekspertlər bildirirlər ki, bu zamana qədər gənclərin, aztəminatlı ailələrin evsizlik probleminin həlli istiqamətində tətbiq edilən proqramlar effektiv nəticə verməyib. Bəs gələcək planlar nədən ibarətdir? Mövcud vəziyyəti təhlil edən iqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirdi ki, ipoteka kreditlərinin verilməsini əhatə edən 15 il ərzində 27 min 113 kreditin verilməsi çox aşağı göstəricidir: “Aztəminatlı və o cümlədən də gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması istiqamətində daha effektiv mexanizmlərin hazırlanmasına zərurət var. Bu, başa düşüləndir. Bu günə qədər mövcud olan mexanizmlər, daha çox eyni sosial qrupun problemlərinin həllinə yönəlib. Eyni zamanda əhatəliyi də kiçikdir. Məsələn, İpoteka Fondu tərəfindən verilən ipoteka kreditlərinin sayına baxsaq, bir çox məqamları görmüş olarıq. Fond 15 ildir fəaliyyət göstərir. Bu zamana qədər isə verilən kreditlərin sayının 27 min olması o deməkdir ki, il ərzində 1500-1800 ipoteka krediti verilib. Ancaq Azərbaycanda orta hesabla il ərzində təkcə yeni qurulan ailələrin sayı 35-40 min arasında dəyişir. Onların da böyük əksəriyyətinin mənzil təminatına ehtiyacı var və proqramlardan dəstək ala bilmirlər. Azərbaycanda daşınmaz əmlak, xüsusilə də mənzil əlçatanlığı çox aşağıdır. Bu seqmentdə mövcud olan korrupsiya da qiymətlərin Azərbaycan reallığında alıcılıq gücünə adekvat olmasının qarşısını alır. Beləliklə də bəzən 20-30 il ömür yetmir ki, insanlar mənzil problemlərini həll edə bilsinlər. Eyni zamanda Mənzil İnşaat Dövlət Agentliyinin xətti ilə ”Güzəştli mənzil" layihəsinin icrasına baxsaq, orada tempin aşağı sürətlə davam etdiyini görərik. İl ərzində ümumilikdə götürəndə fondun bazara təklif etdiyi mənzillərin sayı 3 minə çatdırılmalıdır. Bu, strategiyada nəzərdə tutulub. Lakin hələ ki, bu layihədə də göstəricilər aşağıdır. 2018-ci ilin may ayında satışlar başlayıb və bu günə qədər vətəndaşlara 1500-ə yaxın mənzil təklif olunub. Eyni zamanda, burada olan nöqsanlardan biri ondan ibarətdir ki, güzəştli mənzil layihəsində yararlananlarla güzəştli ipoteka kreditlərindən yararlanan sosial qruplar eyni adamlardır".
Ekspert bildirib ki, onların böyük əksəriyyəti dövlət qulluğunda çalışan şəxslərdir: “Hansı ki, dövlət qulluğunda çalışanlar bu ölkədə təminatlı hesab edilə bilərlər. Yəni onlar aztəminatlı deyillər. Bu isə ümumiyyətlə, proqramın fəlsəfəsi ilə ziddiyyət yaradır. Eyni zamanda, prosesin özündə problem ondan ibarətdir ki, faktiki olaraq, burada ”tez gələnə xidmət" şüarı adı altında həyata keçirilən prosesdə iştirak edənlərin böyük əksəriyyəti yaradılan imkanlardan yararlana bilmirlər. Çünki burada yalnız çox yüksək standartlar səviyyəsində bacarıqlara malik olan insanlar imkanlardan yararlana bilərlər. Məsələn, ötən satış göstərdi ki, ilk seçimlər 12-ci saniyədə həyata keçirilib. Hansı ki, 12-ci saniyədə seçimi həyata keçirə bilən şəxs haker olmalıdır. Buna başqa ad vermək olmaz. Çünki şəxsən mən prosedurları davamlı olaraq izləyirəm və müşahidə edirəm ki, bu prosesləri 12 saniyədə həyata keçirmək qeyri-mümkündür. Burada ancaq müxtəlif texnologiyalardan istifadə edənlər imkanlardan yararlanarlar. Bu da robotların yazılması və sair proqramlar hazırlayıb, onlardan istifadə etmək olar. Yəni bütün bunlar prosesin özündə şübhələr yaradır. Hazırda satmaq şərti ilə kirayə verilən mənzillərin də mexanizmi hazırlanır. Bu da hələ ki, işlək vəziyyət deyil. Baş verənlər onu göstərir ki, əslində Azərbaycanda hazırlanan proqramlar heç də aztəminatlı, gənc ailələrin deyil, daha çox ödəniş qabiliyyəti, yüksək gəliri olan insanların problemi həll edilir. Məsələn, mexanizmlərin nöqsanlarından biri də ondan ibarətdir ki, həm İpoteka Fondu, həm də güzəştli mənzil layihəsindən istifadə edənlər üçün heç bir məhdudiyyət yoxdur. Bu baxımdan ki, insanlar bəlkə də 10-cu mənzillərini bu yolla ala bilərlər. Düzdür, layihədən 1 dəfə yararlanmaq olur. Ancaq insanların evlərinin olub-olmaması, evə ehtiyacları öyrənilmir. Hətta tanıdığımız adamlar belə özlərinə beşinci, altıncı mənzili bu üsulla alırlar. Bu da layihələrə çıxış imkanlarını məhdudlaşdırır. Yuxarıda da qeyd etdiyimiz kimi bu kimi səbəblərə görə layihələrin əhatəliyi aşağı səviyyədədir". Ekspert söylədi ki, yeni mexanizmlər hazırlanıb, sosial ev layihələri həyata keçirilməlidir: “Sosial ev layihələrində müxtəlif yanaşmalar var. Bəzi hallarda bu mənzillər insanların mülkiyyətinə verilmir. Ancaq ən azından aztəminatlı ailələrin qeyri-insani mühitdə yaşamasının qarşısını alır. Gənclər üçün isə xüsusi layihələrin icrasına ehtiyac var. Bu gün mövcud olan proqramları yenidən işlənib-hazırlanmasına gərək var. Proqramlar hər biri fərqli sosial qruplara hədəflənməlidir. Eyni zamanda burada müəyyən qədər nöqsanlardan biri ondan ibarətdir ki, cəmiyyətdə yüksək gəlirli kimi tanınan insanların mexanizmə çıxışı vardı, ancaq aztəminatlı ailə bundan yararlana bilmirdi. Burada gəlirin rəsmi sübutu tələb olunur. Təbii ki, dünyanın əksər ölkələrində ipoteka krediti verilən zaman gəlirin rəsmi sübutu istənilir. Bu, başa düşüləndir. Ancaq Azərbaycanda mövcud şərtlər də nəzərə alınmalıdır. Ölkədə 5 milyon çalışan insan olduğu halda, onların cəmi 1.7 milyonu rəsmi şəkildə öz gəlirini sübut edə biləcək vəziyyətdədir. Yəni baxırsan ki, 3 nəfərdən 2-si gəlirlərini sübut edə bilmir. Əgər İpoteka kreditlərində ödəniş ardıcıl olaraq 3 ay müddətində ödənilmədiyi təqdirdə mənzillər vətəndaşdan alına bilirsə, nə üçün burada gəlirlərin sübut olunmasına ciddi ehtiyac olsun? Düzdür, bu, sonradan müəyyən problemlər yarada bilər. İnsanlar toplu halda müraciət edib, sonra ödəyə bilməzlər və sairə. Ancaq yenə də bu gün tətbiq edilən mexanizm əhalinin üçdə ikisinin faktiki olaraq proqramlara çıxışını məhdudlaşdırır. Yəqin ki, satılmaq şərti ilə kirayə mənzillərin verilməsi layihəsində də böyük ehtimalla gəliri sübut edən rəsmi sənədlər istəniləcək. Bu, haradasa əmək bazarının müəyyən qədər leqallaşmasını təşviq edə bilər. Ancaq bu günə qədər baş verənlər göstərir ki, belə yanaşma ilə heç də ciddi nəticələr əldə etmək olmur. Əvəzində isə əhalinin böyük əksəriyyəti proqramlara çıxa bilmir. Bu kimi hallar nəzərə alınmaqla gənclər, aztəminatlı ailələrin mənzillə təminatının yaxşılaşdırılması üçün yeni yanaşmanın ortaya qoyulması zərurətdir”. İqtisadçı ekspert: “Bu gün mövcud olan proqramların yenidən işlənib-hazırlanmasına zərurət var”