Ən çox ipoteka krediti alanlar BAKI SAKİNLƏRİDİR

İpoteka və Kredit Zəmanət Fondu ipoteka keditlərinin verilməsi şərtlərinə dəyişikliklər edib.

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, 8 faizlik adi kreditlərə zəmanət verildiyi halda, maksimum faiz 7-dən çox ola bilməz:

“Eynilə zəmanət verilən güzəştli ipoteka kreditləri üzrə faiz 4-dən 3.7-dək azaldılıb. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manat olduğu halda, adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür”.

Ekspert deyib ki, yeni dəyişikliklərə rəğmən ipoteka kreditlərindən faydalananlar əsasən Bakı sakinləridir:

“Belə ki, indiyədək verilmiş 22 733 kreditin 17 282-si paytaxtın payına düşüb. Bu isə o deməkdir ki, fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir. Bu kontekstən, regionların fondun vəsaitlərindən yararlanmaq imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, ən çox ipoteka krediti alan 3 şəhər Bakı və Bakıətrafıdır. Kreditlərin sayına görə ikinci olan Sumqayıtda 2289, Abşeron və Xırdalanda isə 1578 maliyyləşmə olub. Bu isə o deməkdir ki, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan da daxil olmaqla regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər”.

 V.Bayramovun sözlərinə görə, bir sıra rayonlar ümumiyyətlə ipoteka kreditləri cəlb edə bilməsələr də, bəzi bölgələrdə rəqəmlər simvolik olub:

 “Məsələn, Ucar, Oğuz, Ağcabədi, Şərur, Sabirabad kimi rayonlar fond yaranadan bəri cəmi 1 ipoteka krediti əldə ediblər. Rəsmi statistikaya əsasən, Bakı ilə rayonlar arasında orta aylıq əmək haqqıda 2 dəfə fərq var. Buna rəğmən, ipoteka və xüsusən güzəştli kreditlər üzrə şərtlər ölkə üzrə eynidir. Bu baxımdan biz ipoteka keditləri üzrə faizlərdə rayonlar üçün güzəştin verilməsini və kredit portfelində regionlar üçün kvotanın müəyyənləşdirilməsini təklif edirik. Belə ki, rayonlar üzrə güzəştli kreditlər üzrə faizlərin 2 faizə endirilməsi və 25 faizlik kvotanın müəyyənləşdirilməsi məqsədə uyğun olardı. Əgər maliyyə ilin ilk 10 ayında həmin kvotadan az regional sifarış olarsa o zaman qalan məbləğ fiskal ili başa çatanadək paytaxtda istifadə edilə bilər. Bütün hallarda, rayonlarım ipoteka keditlərinə əlçatanlığını təmin etmək üçün güzəştlərin tətbiqinə ehtiyac var”. 






Fikirlər